Sahibkarlara dövlətdən növbəti yüksək qayğı

1 İyun 2019 06:30 (UTC+04:00)

Prezident İlham Əliyevin bu günlərdə təsdiqlədiyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası”nda dövlətin iş adamlarına göstərdiyi qayğının daha bir təzahürü öz əksini tapıb. Belə ki, bu sənəd əsasında sahibkarlar daxili bazar araşdırmaları aparmaq üçün dövlətdən pul alacaqlar.

Daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlıq subyektlərini vəsaitlə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmin edəcək. Qaydaya əsasən, vergi ödəyicisi kimi uçota alınmış KOB subyektləri sözügedən dəstəkdən yararlana bilərlər. Amma həmin sahibkarlar “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) olmalıdır.

Müasir dövrdə belə bir imkanın yaradılması sahibkarlıq fəaliyyətinin savadlı və günün tələbləri baxımından qurulmasında mühüm əhəmiyyətə malikdir. Çünki, fərdi sahibkarlar öz məhsulunu reallaşdırmaq üçün bəzən geniş məlumatlara malik ola bilmir. Buna müxtəlif səbəblər təsir göstərir. İşçi çatışmazlığı, vəsaitin yoxluğu və ya digər kənar təsirlər bu işdə bəzən əsas rol oynayır. Amma dövlətin dəstəyindən yararlanacaq sahibkarlar məhsulun istehsal yerindən istehlakçıya çatdırılması üçün müvafiq proseduru həyata keçirə biləcək. Bunun üçün daimi işçi saxlamağa da ehtiyac yoxdur. Lakin əldə vəsait olandan sonra mütəxəssislərin əməyindən istifadə etməklə daha uğurlu satış həyata keçirmək mümkün olacaq. Hər bir iş fəaliyyətinin uğuru onun sonda gətirdiyi gəlirlə ölçülür. Bunun üçün isə bilavasitə satış meydanına digər mallarla rəqabətə davam gətirən məhsul çıxarmaq başlıca şərtdir. Əgər sahibkar bazardakı vəziyyəti bilməklə öz məhsulunun istehsal meyarlarını daha yaxşı müəyyənləşdirər. Buna görə də bazarın forma, tip və növlərinin dərin və hərtərəfli tədqiq edilib öyrənilməsi sahibkarlığın inkişafına yeni təkan verəcək. 

Dövlət başçısının təsdiq etdiyi sənədə görə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstəyin məbləği 20 min manatdan çox olmayacaq. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyir. Dəstəyin məbləğini KOBİA müəyyən edir.

Bazarın öyrənilməsi iki mövqedən həyata keçirilir: onun səciyyəvi xüsusiyyətləri, ehtiyacları və imkanları mövqeyindən və onun həcmi, doyma dərəcəsi, rəqabət şəraiti, analoji malların meydana çıxması ehtimalları və s.  mövqeyindən. Bu və ya digər mövqeyə üstünlük verilməsi ya məhsula yönəlik marketinqə, ya da istehlakçıya yönəlik marketinqə gətirib çıxarır. Amma bütün hallarda məqsəd sahibkarlığın inkişafıdır. Bu sənəd dövlətin qeyri-neft sektoruna diqqətinin getdikcə daha da artmasını göstərir. Çünki, onun təsir dairəsinə kiçik sahibkarlıq obyektləri düşür ki, bunlar da əsasən qeyri-neft sektoruna aid müəssisələrdir.

Bazarın öyrənilməsi isə öz növbəsində sahibkarların müəyyən savada malik olmasını və işin elmi təşkilini ehtiva edir. Demək, bu sənəd həm də insan kapitalının öz-özünü inkişaf etdirməsini şərt kimi irəli sürməklə bu sahədə yeni mərhələyə çıxmağa yardımçı olacaq. Bütövlükdə isə görülən bu işlər Azərbaycanda yeni iqtisadi mərhələnin əsas amillərlərindən biri kimi özünü göstərir.

N.NOVRUZ