Azərbaycana qarşı başlanan kampaniya ölkəmizin xeyrinə tamamlandı

1 İyun 2019 07:00 (UTC+04:00)

UEFA Avropa Liqasının final qarşılaşmasına Azərbaycan böyük uğurla ev sahibliyi etdi. Bunu təkcə ölkə daxilində deyil, xüsusən də xaricdəkilər, oyuna baxmaq üçün Bakıya gələn əcnəbi qonaqlar qeyd edirlər. Hətta UEFA rəsmiləri də Bakıdakı final yarışının möhtəşəm şəkildə keçdiyini bildiriblər. Belə vəziyyət bir daha onu göstərir ki, Azərbaycan digər tədbirlər kimi, idman yarışlarını da yüksək səviyyədə təşkil etməyə qadir bir dövlətdir. Bunları etməyə onun həm imkanı, həm də bacarığı, təcrübəsi vardır. 

Adətən, ölkəmizdə baş tutan bu və ya digər mötəbər tədbirlər zamanı Azərbaycanı sevməyən, onun uğurlarından əndişələnən xarici və daxili qüvvələr dövlətimizə qarşı çirkin kampaniyaya start verirlər. Onlar anoloji çirkin əməllərini UEFA Avropa Liqasının final qarşılaşmasında da etməyə çəhd etdilər. Lakin yarışın yüksək səviyyədə keçməsi bir daha göstərdi ki, Azərbaycanı sevməyən qüvvələr hər dəfə olduğu kimi, yenə də öz çirkin niyyətlərinə nail ola bilmədilər. 
Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanovun sözlərinə görə, hamı əmin idi ki, UEFA Avropa Liqasının final matçı Bakı şəhərində çox yüksək səviyyədə keçəcək. O bildirib ki, Azərbaycanın belə tədbirlərin keçirilməsində artıq böyük təcrübəsi var: "Ölkəmiz "Avroviziya" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlərin hər biri yüksək səviyyədə baş tutub. Eyni zamanda Azərbaycana gələn bütün azarkeşlər ölkəmizi, xalqımızın qonaqpərvərliyini, təşkilatçılığı yüksək qiymətləndiriblər.
Lakin təəssüflər olsun ki, UEFA Avropa Liqasının final mərhələsinin Bakı şəhərində keçirilməsi ərəfəsində Azərbaycan növbəti şər-böhtan kampaniyası ilə üzləşdi. Bunun başlıca səbəblərindən biri erməni lobbisi idi. Ölkəmizin inkişafını gözü götürməyən bəzi dairələr də erməni lobbisi ilə birləşdilər. Təəssüf ki, "sapı özümüzdən olan balta"lar da Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya qoşuldu. Bu qarayaxma kampaniyasından sui-istifadə edən daxildəki radikallar, eyni zamanda xaricdə yaşayan bəzi satqınlar bunu toy-bayrama çevirdilər. Ancaq onlar heç nəyə nail ola bilmədilər. Tədbir çox yüksək səviyyədə təşkil olundu və ölkəmizə gələn insanlar da razı qaldılar. Final mərhələsi bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır". Deputat əlavə edib ki, ölkəmizin inkişafını gözü götürməyənlər belə çirkin kampaniyalarla heç nəyə nail ola bilməyəcəklər: "Çünki Azərbaycanda iqtidar ilə xalq arasında monolit birlik var. Bu gün cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti Azərbaycan xalqı dəstəkləyir".

Siyasi icmalçı Azər Həsrət isə bildirdi ki, Azərbaycanın ümumiyyətlə bu səviyyəli bir futbol yarışına ev sahibliyi etməsinin özü çox böyük uğurdur: “İki il öncə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsilə bağlı Azərbaycan müraciət etmişdi. Nəticədə ölkəmiz müsabiqədən keçərək final oyununu Bakıda keçirməyə nail oldu. Görülən işlər nəticəsində hazırlıqların ən yüksək səviyyədə olduğu da təsdiqləndi. Hətta bu hazırlıq indiyə qədər keçirilən oyunların hazırlıq səviyyəsindən də yüksək idi. UEFA rəsmiləri də həm oyun öncəsi, həm də ondan sonra bu fikri təsdiqlədilər. 
Onlar da qeyd etdi ki, Azərbaycan hazırlıq və təşkilati məsələlərdə bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetiriblər. UEFA-nın bununla bağlı hər hansı bir şikayəti yoxdur. Amma buna baxmayaraq, xüsusən Qərb mediasında, ermənilər və onlara bağlı olan mətbu orqanlarda Azərbaycanın həmin final oyununu təşkil etməsinə qarşı bir qasqanclıq da müşahidə edildi. Onlar bu fonda ölkəmizə qarşı gözdənsalma kampaniyası aparırdılar. Bu kampaniyanın da əsas məğzi o idi ki, guya Azərbaycan ermənilərə qarşı düşmən münasibət bəsləyir. Belə yalanları ortaya atmaqla Qərb insanının beynini qarışdırmağa çalışırdılar”. 
A. Həsrət qeyd etdi ki, szügedən oyuna möhtəşəm şəkildə ev sahibliyi etməklə Azərbaycan ölkəmizə düşmən münasibət bəsləyənlərin çirkin istəklərinin əksinə olaraq, üzərinə düşən vəzifənin öhdəsindən yüksək səviyyədə gəldiyini nümayiş etdirdi: “Hətta Bakını boykot üçün imza da toplayırdılar. Təbii ki, onların bu cəhdi də iflasa uğradı. Boykot söhbəti alınmadı. UEFA rəsmiləri də bildirdi ki, hər hansı boykotdan, hər hansı yerdəyişmədən söhbət belə gedə bilməz. Bu da ondan irəli gəlirdi ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyi bacarıb. O baxımdan da ölkəmizi sevməyən qüvvələrin boykot kampaniyası uğur qazana bilmədi. Digər tərəfdən, Azərbaycan haqqında məlumatı olmayan, erməni təbliğatına aldanan bir çoxları Bakıya gələndən sonra ciddi şəkildə fikirlərində dönüş etdilər. Onlara Bakının təhlükəli olduğu, burada küçədə rahat gəzməyin mümkün olmadığı söylənilirdi. Amma gəlib gördülər ki, Bakı çox sakit və təhlükəsiz bir məkandır. Burada insanlara, əcnəbilərə xoş münasibət vardır. Bunu görəndən sonra gələn qonaqlar öz çıxışlarında, sosial media üzərindən paylaşmalarında Bakının çox gözəl, möhtəşəm şəhər, insanlarının da qonaqpərvər olduğunu xüsusi olaraq vurğulayırdılar. 
Faktiki olaraq Azərbaycana qarşı başlanan kampaniya sonda elə ölkəmizin xeyrinə tamamlandı. Təbii ki, oyunla bağlı olaraq da hər hansı bir qeyri-hadisə yaşanmadı. Təhlükə, qarşıdurma, kimlərinsə problemlərlə üzləşməsi kimi hallar baş vermədi. Ona görə ölkəmizə qarşı kampaniya başladanlar istəklərinə çatmayaraq bir daha təəssüflənməli və məyus oldular. Bu hal ondan xəbər verir ki, Azərbaycan dövləti və xalqımız belə məsələlərdə yetərincə peşəkarlaşıb. Ölkəmiz nəhəng idman yarışlarına ev sahibliyi etmiş ölkədir. Avropa Oyunları zamanı ölkəmizə 6 mindən çox idmançı gəlmişdi”.  
Həmsöbətimiz belə çirkin kampaniya aparanlara məsləhət gördü ki, həmin əməllərinə son versinlər, çünki heç bir halda Azərbaycanı öz doğru yolundan sapdıra bilməyəcəklər: “Bu fonda anti-Azərbaycan qüvvələri bir daha götür-qoy etməlidirlər ki, Azərbaycanın üzərinə gəldikcə ölkəmiz daha da güclənir. Üstəlik, Azərbaycan xalqı ilə dövləti, hakimiyyəti arasında möhkəm birliyin olması da xarici dairələrin üzərimizə yönəlik hücumlarını  növbəti dəfə puça çıxardı. Əksinə Azərbaycan xalqı bu cür tədbirlərə daha anlaşıqlı yanaşaraq, qonaqlara münasibətdə, habelə bəzi hallarda küçələrin müvəqqəti bağlanması hadisəsinə anlayışlı yanaşdılar. Xalqımız bu fonda əlindən gələni etdi ki, belə tədbirlər daha yüksək səviyyədə baş tutsun. Ona görə də üstümüzə gələnlər bu məqamları nəzərə alıb, öz çirkin əməllərinə son qoymalıdırlar. Anlamalıdırlar ki, heç zaman Azərbaycanı küncə sıxa bilməyəcəklər”.
R. SOLTANOV