Oyun da, “oyun” da bitib, qaliblər məlumdur

1 İyun 2019 07:30 (UTC+04:00)

UEFA Avropa liqasının final oyunu üzərində qurulmuş erməni lobbisinin siyasi avantürası bütün aspektlərdə puç olub. Bunu son 3 həftədə idman aləmini siyasiləşdirməyə çalışan bəzi dairələrin və şəxslərin final oyunundan əvvəlki çıxışları və sonrakı davranışları sübut edib. Bu işdə ən mühüm və həlledici rol isə Azərbaycana məxsusdur. Çünki, ev yiyəsi və böhtana məruz qalan məhz ölkəmiz idi. Lakin, deyirlər, zaman hər şeyi öz yerinə qoyur. Bu, böyük həqiqətdir. Ona görə ki, final oyunu və onun ətrafında qurulan siyasi oyun da bitib və oyunlardan sonra kimin kim, nəyin nə olduğu hamı üçün aydınlaşıb. 

Final matçının qalibi məlumdur: bu, İngiltərənin “Çelsi” komandasıdır. O komanda ki, başını aşağı salıb öz işi ilə məşğul olub, qalib gəlmək, adına daha bir mükafat yazdırmaq, ən əsası da futbolun və ümumiyyətlə, həyatın sevincini yaşamaq üçün məşq edib, çalışıb, taktiki və fiziki hazırlıqla məşğul olub. Buna görə də zəhmətinin bəhrəsini görüb. Bu konteksdə “Arsenal”ın məğlub olmasının əsas səbəbkarları erməni lobbisinin və Ermənistanın siyasi hakimiyyətinin fitnəsinə uyan komandanın erməni əsilli oyunçusu Henrix Mxitaryan və baş məşqçisi Unai Emeridir. Bu iki şəxsin final oyunundan əvvəl verdikləri açıqlamalar və qərarlar “Arsenal”ın “evi”ni yıxıb. Bu oyun zamanı təsdiq olundu. Komanda finala kifayət qədər köklənməmişdi və bu sarıdan qurduqları kombinasıyalarda son “son an” problemi vardı. “Arsenal”lılar hücumu uğurla sona çatdıra bilmədilər. Necə ki, Mxitaryan və Emerinin idmanı siyasiləşdirmək cəhdləri də axıra çatmadı. Belə ki, Bakıda keçirilən final oyunu o qədər möhtəşəm, xarici təxribatçı qüvvələr tərəfindən təşkil olunan pozuculuq fəaliyyəti ölkəmizin sabitliyi və sülhpərvərliyi, eyni zamanda hüquq-mühafizə orqanlarının işi fonunda o qədər cılız və aciz idi ki, bütün beynəlxalq idman təşkilatları və oyunu canlı izləmək üçün Azərbaycana gələr futbol azarkeşləri hər cəhətdən məmnun olduqlarını gizlətmədilər. Xüsusilə, Henrix Mxitaryanın təhlükəsizliyi bəhanə edərək Bakıya gəlməmək barədə verdiyi qərarın qorxaqlıq və məqsədyönlü olaraq siyasi sifariş olduğu üzə çıxdı. 
Bu günlərdə mətbuatda  Ermənistan baş naziri N.Paşinyanın “Arsenal” futbol klubunun oyunçusu H.Mxitaryanla telefonla danışması və oyunçunun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilməməsini vurğulaması barədə informasiya getmişdi. Bununla əlaqədar jurnalistlərin sualların cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib: “Ermənistan baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq idmanı siyasiləşdirməsi, görünür, onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir. Ermənistan kimi monoetnik dövlətin və qonşu Azərbaycanın ərazilərini güc tətbiq etməklə işğal edərək bu ərazilərdə zorakı etnik təmizləmə həyata keçirən, Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin iqrçilikdən danışmağa heç bir haqqı yoxdur. Bu hər hansı əxlaqa sığmır. Ermənistan baş nazirinə xatırladırıq ki, torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altında olmasına rəğmən, Azərbaycanda bu gün on minlərlə erməni yaşayır və ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri hər zaman sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar və yaşayırlar. Onu da qeyd edim ki, Ermənistanın böyük qısqanclıqla izlədiyi və hər vəchlə əsassız şəkildə gündəmə gətirdiyi Avropa Liqasının Bakıdakı final oyunu zamanı Azərbaycana səfər edən çoxsaylı əcnəbi pərəstişkarlar ölkədəki vəziyyətlə öz gözləri ilə tanış olublar. Necə deyərlər, yalan ayaq tutar, ancaq yeriməz!”
Bəli, final oyunu arxada qalıb və həm yerli, həm də xarici azarkeşlərin təəssüratları indi deyilən hər bir iradın nə dərəcədə doğru olduğunu təsdiqləyən tərs sübutdur. UEFA Avropa Liqası ilə əlaqədar Bakıya gələn kanadalı turist öz təəssüratlarını mətbuata açıqlayaraq deyib:  “Azərbaycanla bağlı təəssüratlarımız çox yüksəkdir. Bir neçə gün də ölkənizdə qalıb istirahət etməyi planlaşdırırıq. Bakıda əsl futbol həyəcanı yaşandı. Sanki Bakı şəhərinin özü böyük bir futbol arenasına çevrilmişdi. Şəhərdə xoş ab-hava hökm sürür”.
Təhlükəsizlikdən ehtiyat edənlərin özləri Azərbaycan polisinin Avropa Liqasının Bakıda keçirilən oyunları zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi kimi vacib tapşırığın öhdəsindən ləyaqətlə gəldini bildirdilər. Azərbaycan polisi “Avroviziya”, “Formula -1” Qran- Pri yarışları, İslam Həmrəylik Oyunları, “Jara” festivalı, Gimnastika üzrə Dünya Kuboku, Birinci Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq Antidopinq Agentliyinin Təsisçilər Şurasının və onun İcraiyyə Komitəsinin iclasları və bu kimi bir sıra böyük beynəlxalq tədbirlərin keçirildiyi zaman qazandığı təcrübəni ortaya qoyaraq  yenidən bütün dünyadan gələn qonaqlara ev sahibliyi etdi və hüquq mühafizə və dövlət təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının səyləri nəticəsində tədbirdə yüksək təhlükəsizlik səviyyəsi təmin olundu.
Mayın 29-da, final oyunu günü Milli Məclisdə Avropa Parlamentinin nümayəndələri çıxış etdilər. Parlamentin britaniyalı üzvü Netan Hill çıxışında bildirib: “Mən Azərbaycana uçarkən, öz təhlükəsizliyimdən narahat idim. Lakin indi görürəm ki, Azərbaycan təhlükəsiz ölkədir. Mən əvvəllər Azərbaycanın bu qədər iqtisadi cəhətdən inkiaşf etdiyini bilmirdim. Küçələrdə sərbəst gəzdim və əmin oldum ki, bura turistlər üçün rahat ölkədir”.
UEFA Avropa Liqasının final qarşılaşması fonunda erməni lobbisinin qara piar təxribatı beləcə Azərbaycan tərəfindən ciddi məğlubiyyətə uğradıldı. Əsas da odur ki, bu iş inkişafın Azərbaycan modelinin mahiyyətindən doğan fəaliyyət sayəsində mümkün oldu.
N.NOVRUZ