Azərbaycanın enerji nəhəngi istehsal şəbəkəsini genişləndirir

1 İyun 2019 09:30 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Antipino neft emalı zavodunun səhmlərinin satın alınması ilə bağlı danışıqları davam etdirir.  Bu fikir SOCAR-ın prezidenti Rövnəq Abdullayevə məxsusdur. Əlavə olaraq o bildirib ki, SOCAR hazırda Antipinsk zavodu ilə yanaşı müxtəlif şirkətlərlə danışıqlar aparır. Məsələ burasındadır ki, R.Abdullayevin dedikləri bir müddət əvvəl Antipinsk neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar apardığını bildirən “Sberbank” rəsmilərinin məlumatı ilə səsləşir. Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini demişdi.

Azərbaycanın neft-qaz sənayesi üzrə əsas şirkəti olan SOCAR nəinki daxili bazarda başlıca istehsalçı çirkətdir, həm də beynəlxalq şəbəkəyə malik güclü enerji təchizatçısıdır. Şirkət hazır müəssisələri almaqla yanaşı özü xaricdə güclü yatırımlar edir, mükəmməl texnologiyalarla işləyən yeni müəssisələr tikir.

Ötən il SOCAR Türkiyənin İzmir şəhərində Star neft emalı zavodunun açılışını edib.  Zavodun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur. Star zavodunun layihə dəyəri 6.3 milyard dollardır. Zavodun ilk 5 ildə hər il ümumi 864 milyon dollar, növbəti 10 ildə isə 614 milyon dollar əməliyyat gəliri gətirəcəyi proqnozlaşdırılıb. İllik xalis mənfəət 250 milyon dollar hesablanıb. Bu ildən zavod tam gücü ilə işləməyə başlayıb. İllik 10 milyon ton neftin emal edilən  zavodda 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq. Zavodda “Azeri Light”, “Urals” və “Kərkük” neft növləri istehsal olunur.

Bu ilin mart ayında SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələrinin tikintisi üçün tenderin qalibi olub “SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, SOCAR istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansatış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaqdoldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 “premium” pərakəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzin və 32 təbii qaz doldurma məntəqəsi fəaliyyət göstərir. İsveçrədə 170 pərakəndə satış stansiyası SOCAR brendi altında xidmət göstərir. Bundan başqa, SOCAR Energy Holdings (SOCAR-ın İsveçrədə törəmə şirkəti) Avstriyada A1 şirkətinə məxsus 82 benzindoldurma stansiyasını, həmçinin neft yağları satan Pronto Oil şirkətini almaqla, bu ölkənin pərakəndə yanacaq satışı bazarına daxil olub. Ukraynada da şirkətin analoji stansiyaları fəaliyyət göstərir.

Faktlardan göründüyü kimi SOCAR kifayət qədər geniş qol-qanad açıb. Son məlumatlar şirkətin növbəti hədəfinin Rusiya bazarı olduğunu təsdiqləyir. Antipinsk NEZ neft emalı sənayesində özəl zavoddur. Magistral neft kəmərinə qoşulan müəssisənin illik gücü 7,2 milyon ton xam neftin emal üçün qəbuluna yetərlidir. Bu güc 9 milyona qədər artırıla bilər. Plan üzrə ildə 1,8 milyon ton neft məhsulu istehsal edilir ki, bunu da 3 milyona çatdırmaq potensialı var. 2016-cı ildən dizel yanacağı, 2018-ci ildən isə benzin Avro-5 standartları səviyyəsində istehsal edilir.

Zavod müasir texnologiya əsasında tikilib. Müəssisədə xam neftin emal səviyyəsi 98 faizdir. Nəzərə alsaq ki, 2020-ci ildən Azərbaycanın özündə də Avro-5 standartına cavab verən benzin istehsalına başlanılacaq, onda bu zavodun əhəmiyyəti daha dəqiq dərk olunar. Çünki, SOCAR indi həm beynəlxalq təcrübəyə, həm də müasir texnologiyanı idarə etmək qabiliyyətinə malikdir. Əgər danışıqlar müsbət nəticələnərsə və Azərbaycanın Rusiyada neft emalı zavodu olarsa, onda Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyəti də artar. Çünki, SOCAR bu ölkədəki qazancı hesabına xaricdə isvesto fəaliyyətini daha da genişləndirmək imkanı qazanar. Çünki, Rusiya təbii ehtiyatlar baxımından zəngin ölkədir və Qərbin sanksiyaları ucbatından hazırda xarici investorlara ehtiyacı böyükdür. Bu baxımdan SOCAR-ın bu fəaliyyəti yalnız alqışlanmağa layiqdir, ona görə ki, ölkəmizə valyuta axınını gücləndirmək üçün daha bir marşrut açıla bilər.

N.NOVRUZ