Millət vəkili: “İki xalq artistinin biabırçılığı mütləq məhkəmədə araşdırılmalıdır”-Eksklüziv

14 May 2013 21:23 (UTC+04:00)

İki xalq artisti arasında yazılması qeyri-mümkün ifadələrlə davam edən "söz duel"i cəmiyyətdə şok effekti yaradıb. Brilliant Dadaşovanın facebook səhifəsində Aygün Kazımovaya ünvanlanmış söyüş və təhqirlər gün ərzində "biabırçı mahnı"nın nəqəratı kimi müxtəlif saytlarda təkrarlandı.

Məsələyə münasibət bildirən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Mövqe.az saytına bu təhqirləri yolverilməz hal kimi qiymətləndirib: "İnsanların bir-birini təhqir etməsi xoşagəlməz bir şeydir. İctimai adamın, incəsənət təmsilçisinin, o cümlədən sənətçinin təhqirli dialoqu daha böyük biabırçılıqıdr. Üstəlik, onlar xalqı təmsil edirlərsə, belə şeylər heç olmaz.

Düşünürəm ki, təhqir olunan şəxs mütləq məhkəməyə müraciət etməlidir. Məhkəmələr bu məsələni ciddi surətdə araşdırmalı, kimin söyüşü, təhqiri güclüdüsə ona qarşı tədbirlər görülməlidir. Onlar böyük sənətkarlardır, hər şeyi nəzərə almalıdırlar. Belə biabırçılıq olmaz. Bu təhqirlərin yayılmasında televiziyaların da rolu var.. Onlar bir-birlərini təhqir etməkdən doymurlarsa, söyüş söyməyi iş-peşəyə çeviriblərsə, televiziyalar onlara qadağa qoymalıdır.

Facebook və sosial şəbəkələrlə bağlı parlament mayın 14-də qanunda dəyişiklik etdik. Artıq elektron informasiya vasitələrində də təhqirə görə cinayət məsuliyyət nəzərdə tutulur. Titulundan, rütbəsindən aslı olmayaraq hamı qanun qarşısında bərabərdir.

Fikrimcə, küçə söyüşü söyən xalq artistinə qarşı ən birinci ictimai qınaq olmalıdır. Kim ki, özünə yaraşdırıb söyüş söyür, o özü haqqında təsəvvür yaradır. İnsanlarda onlara qarşı münasibət dəyişir. Söyüşlə öz-özünü müdafiə etmir, əksinə..."

Qeyd edək ki, buğun xalq artisti Brilliant Dadaşovanın facebook səhifəsində digər xalq artisti Aygün Kazımovaya qarşı "çox nöqtəli" ifadələr olan şərh yazılıb. Bu ifadələr sayt və portallarda informasiya kimi yayılıb və ciddi rezonans doğurub.