Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının təqdimatı keçirildi

3 İyun 2019 15:28 (UTC+04:00)

01 iyun 2019-cu il tarixdə Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının təqdimatı keçirildi. Tədbiri Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov açıq elan etdi. Ramiz Göyüşovu təbrik edərək bildirdi ki, onun tədqiqatlarının mühüm cəhətlərindən biri bu günkü ictimai düşüncəni tamamilə əks etdirməsidir. Bu gün ictimai-siyasi sahədə fəaliyyət göstərən,siyasi prosesləri, hadisələri yaxından bilən, izləyən insan kimi onun yazıları mühüm əhəmiyyət daşıyır. Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ramiz Göyüşovu kitabının nəşri münasibətilə təbrik etdi. Bildirdi ki, onun toxunduğu mövzular ətraflı və çox əhatəlidir. Bu tədqiqatların hər biri dərin araşdırmaların nəticəsi və yuxusuz gecələrin məhsuludur. Tağı Əhmədov xüsusilə kitabda ədəbiyyatçılar və tarixçilərin fikirlərinin müqayisəli ifadəsini mükəmməl şəkildə öz əksini tapmasını qeyd etdi. Səməd Vurğunun “Vaqif” pyesi haqqında özünəməxsus fikirlərin kitabda çox ətraflı və maraqlı formada öz əksini tapdığını vurğuladı. Sonda isə özünün yazdığı şeir parçasını qonaqların diqqətinə çatdırdı. Qazax Xeyriyyə ictimai birliyinin sədri, elmlər doktoru, Azərbaycan Texniki Universitetin Elmi işlər üzrə prorektoru prof.İlham Pirməmmədov çıxışında tanınmış insanlar haqqında fikir bildirmək, məqalə yazmaq, təhlil etməyin hər adama xas olmadığını bildirdi. Bu təhlillər zəngin dünyagörüşü və tədqiq etdiyin şəxsiyyaət və onun dövrü haqqında bilgi tələb etdiyindən bunu ancaq geniş mütaliyəyə malik olan insanlar edə bilər. Ramiz Göyüşov ictimai xadim kimi ölkənin siyasi proseslərində, mədəni həyatında iştirak etdiyi kimi, həm də ədəbiyyatımızın keşiyində dayanır. Kitaba ön söz yazan Filologiya elmləri doktoru, Azərbaycan Sənaye Universitetinin kadrlar müdiri, ədəbiyyatşünas alim, prof.Rüstəm Kamal ilk dəfədir qeyri-filoloqun məqalələr toplusuna ön söz yazdığını və bu halın xoş istisna olduğunu vurğuladı. O,bildirdi ki,Ramiz Göyüşov uzun illər rəhbər yerli icra hakimiyyəti orqanlarında vəzifələrdə çalışması ilə bərabər, həm də səmimi ədəbiyyatşünasdır. O yazdığı məqalələri ruhən duyaraq onunla sanki sirdaş olur. Onları özünün xatirə, ömür məkanına daxil edir və onlarla doğmalaşır. Rüstəm Kamalın sözlərinə görə artıq bu gün şairlər, yazarlar Ramiz Göyüşovun poetik zövqünə, elmi təhlillərinə və düşüncələrinə inanırlar. Ona öz kitablarını göndərirlər, ondan səbirsizliklə yeni yazılar gözləyirlər. Onun yazılarında sanki bir xatirə rüzgarı dolaşır. “Bələdiyyə xəbərləri” saytının baş redaktoru Vüqar Tofiqli Ramiz Göyüşovu yenicə işıq üzü görən kitabı münasibətilə təbrik etdi. Kitab haqqında və kitaba daxil edilən məqalələrin bir çoxunu oxuduğunu, səlis və oxunaqlı şəkildə yazılan məqalələrin hər birini tədqiqat əsəri hesab etdiyini vurğuladı. Ramiz Göyüşovun “Məmurun ziyalı olması cəmiyyətin uğurudur” ifadəsinin ən uğurlu nümunəsi olduğunu söylədi. Məhz ziyalı məmur kimi ədəbiyyət aləmində də bundan sonra ona uğurlar arzuladı. Təqdimatda,həmçinin Filologiya elmləri doktoru, professor Məti Osmanoğlu,Azərbaycan Dövlət Universitetinin Mülki Hüquq kafedrasının müdiri prof. Məhəbbət Dəmirçiyeva, çağdaş poeziyamşzın ünlü nümayəndələrindən şair Ramiz Məmmədzadə,Oktay Rza, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru İbrahim İlyaslı və başqaları çıxış edərək kitab və kitabdakı məqalələri haqqında təəssüratlarını bölüşdülər. Təqdimatın sonunda çıxış edən kitabın müəllifi Ramiz Göyüşov ona göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Vurğuladı ki, yaradıcı insan üçün diqqət və qayğı ən vacib stimuldur. Ramiz Göyüşov yeni-yeni əsərlər, məqalələr əsasında yeni kitablarla oxucularını sevindirəcəyini vurğuladı. Təqdimardan sonra kitabların imzalanması mərasimi baş tutdu.