İkili standartlar yenə Qarabağ münaqişəsinin həllində böyük əngələ çevrilib

4 İyun 2019 09:25 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə Dağlıq Qarabağ məsələsinə toxunarkən bir daha bəyan edib ki, sözügedən məsələdə Azərbaycana münasibətdə ikili standartlar tətbiq olunur. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələrinə uyğun şəkildə həll oluna bilər.

Türkiyəli nazirin sözlərinə görə, baxmayaraq ki, Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunub, hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq olunur. Belə ki, bütün beynəlxalq hüquq və qanunlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Lakin buna baxmayaraq, dünyanı idarə edən güclər hələ də münaqişənin ədalətli həllinə əngəl olmaqda davam edirlər. Onlar bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər, ancaq digər tərəfdən də ATƏT-in Minsk qrupu olaraq nə özləri münaqişənin həllinə çalışır, nə də ki, işğalçıya qarşı təzyiqləri işə salırlar. Bu kimi ikili standartın davam etməsinin özü hansı təhdidlər yaradır? Onun aradan qaldırılması, xüsusən də yaxın zamanlarda, Dağlıq Qarabağ münaqişəsilə bağlı hadisələrin gedişinə hansı istiqamətdə təsir göstərəcək?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov oncə qeyd etdi ki, müasir dövrdə beynəlxalq hüquq işləmir: “Türkiyə xarici işlər naziri Çavuşoğlunun Ermənistanın işğalçılıq siyasətilə bağlı fikirləri tam olaraq reallığı əks etdirir. Xüsusən də onun dünyada mövcud olan ikili standartlarla bağlı söylədiyi fikirlər də bir həqiqətdir. Bu reallıqlar fonunda Ermənistan da onun fərqindədir.  

İrəvan görür ki, özünün təcavüzkar siyasətilə bağlı hər hansı bir beynəlxalq təşkilatın kəskin reaksiyası yoxdur. Hətta qəbul edilən qətnamələr belə kağız üzərində qalır, İrəvan buna görə cəzalandırılmır. Nəticədə işğalçıda illüziya formalaşır ki, işğalı davam etdirsə də buna görə cəzalandırılmayacaq. Bu, ikili standartların birbaşa nəticəsidir. Ən dəhşətlisi odur ki, bugünkü beynəlxalq siyasətdə ikili standartları həm də ictimai fikrə bir standart kimi sırımaq  cəhdləri də geniş yayılıb.

Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə manipulyasiyanın olması da acı təəssüf doğurur. Necə ola bilər ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ konfliktilə bağlı qəbul etdiyi 4 qətnamə bu günə qədər icra olunmur, İrəvan ona məhəl qoymur və buna görə ona heç bir cəza verilmir. Amma Liviya ilə bağlı sözügedən qurumun qəbil etdiyi qətnamə iki saatdan sonra icra olunmağa başlayır. Başqa bir halda isə hətta BMT Təhlükəsizlik Şurasının qərarı olmadan belə Yuqoslaviya bombalanır. Bütün bunlar müasir dünyamızın acı reallığıdır. Bu gün beynəlxalq hüquq işləmir. Nəticədə hüququn gücü deyil, gücün hüququ işləyir. “Kim güclüdür, o da haqlıdır” prinsipi bu gün beynəlxalq siyasətdə hakimdir. Azərbaycan bütün bu reallıqların fərqindədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, yeganə çıxış yolumuz güclənməyimizdən keçir. Yəni güclü olduqca münaqişənin həllilə bağlı imkanlarımız da genişlənir. Bu istiqamətdə ciddi işlər də görülür.  Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətidir. Hərbi baxımdan da ölkəmiz dünyanın ən güclü ordularından birinə malikdir, bu istiqamətdə ilk 50-liyə daxilik. Azərbaycan münaqişəni dinc yolla həll etmək istəyir. Lakin hər şeyin sonu olduğu kimi, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməsə, onda güc tətbiqi məsələsi də aktuallaşa bilər.  Bu zaman da bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək”.

Deputat qeyd etdi ki, ikili standartlar fonunda cəmiyyətin beynəlxalq hüquqa, hüququn aliliyinə etimadı sarsılır. Dağlıq Qarabağ münaqişəsilə bağlı ikili standatların hökm sürməsi də anoloji vəziyyəti yaradır: “İkili standartların olması əslində, beynəlxalq siyasətdə ciddi gərginlik yaradır. İnsanların, dövlətlərin beynəlxalq hüquqa, beynəlxalq qurumların qəbul etdiyi qətnamələrə etimadı azalır. Ona görə də hazırda dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqdadır. Bunun da əsas səbəbkarı ikili standartlardır. İkili standartları ortaya atanlar da böyük dövlətlərdir. Bunlar acı həqiqətlərdir. Amma eyni zamanda ikili standartların ləğvi də onu yaradanların hesabına mümkündür. İkili standartlara daha çox kiçik dövlətlər məruz qalır və onun ləğvi onların işi deyil. Bu ancaq böyük dövlətlərin və onu yaradanların gücü çatan məsələdir. Ona görə də ikili standartların mövcud olduğu şəraitdə haqdan-ədalətdən danışmaq mümkünsüzdür. Təəssüf  ki, dünyada hər şey hamar getmir. Dünyada qorxulu tendensiyalar, qorxulu yeni-yeni çağırışlar meydana gəlməkdədir. İkili standartlar da onların yaranması üçün münbit şəraiti təmin edir”.

Politoloqun fikrincə, ikili standartın aradan götürülməsi Qarabağ konfliktinin gedişinə həll istiqamətində ciddi təsir göstərəcək: “İkili standartların aradan qaldırılması o deməkdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra olunmalıdır. BMT nizamnaməsinin 25-ci maddəsi də buna imkan verir. Burada yazılır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə icbaridir. Ancaq onun icra olunmasına məhz ikili standartlar imkan vermir. Bu mənada da ikili standartların aradan qaldırılması beynəlxalq təşkilatların Qarabağla bağlı qəbul etdiyi sənədlərin icra olunması anlamına gələcək. Həmin sənədlərdə isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi əsas prinsip kimi irəli sürülüb. Yəni ikili standartların ləğvi  münaqişənin ədalətli həlli demək olacaq. Amm təəssüf ki, hələlik bu baş verməməkdədir”.

Rüfət NADİROĞLU