Dünya İrəvana Qarabağ təzyiqi göstərməsə, yeni savaş qaçılmaz olacaq

4 İyun 2019 10:05 (UTC+04:00)

Ermənistan daxilində vəziyyət günü-gündən gərginləşir. İşğalçı ölkədə keçmiş prezident Robert Köçəryanın məhkəmənin qərarı ilə azadlığa çıxarılması hakimiyyətlə “Qarabağ klanı” arasında ziddiyyətləri daha da kəskinləşdirib. Belə vəziyyətdə ölkə hər an vətəndaş müharibəsinin ağuşuna düşə bilər.  Ermənistan daxilində gərginləşən vəziyyət Dağlıq Qarabağ münaqişəsinin sonrakı gedişinə nə vəd edir?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan daxilində siyasi çəkişmələrin daha da kəskinləşəcəyi gözlənilir: “Ermənistanda bir ildir hakimiyyətdə olan yeni hakimiyyətin konkret məqsədi əvvəlki “Qarabağ klanı”ndan ibarət olan hakimiyyəti siyasi səhnədən sıxışdırıb çıxarmaqan ibarətdir. Xalq etirazları fonunda hakimiyyətə gələn Nikol Paşinyanın “Qarabağ klanı”nın liderlərindən olan Robert Köçəryana qarşı həbs qətimkan tədbirini seçməsi və siyasi repressiyalara başlamasının həqiqətən də Ermənistanda daxili siyasi bahrana gətirib çıxaracağı güman edilirdi.

Həqiqətən də son bir il ərzində Ermənistanda daxili çəkişmələr kulminasiya nöqtəsinə çatdı. Aydın oldu ki, Ermənistanda klanlararası toqquşmalar daha da qızışır. Köçəryanın azadlığa çıxması “Qarabağ klanı”nın İrəvan hakimiyyəti  üzərində qismən də olsa qalib gəlməsi deməkdir. Həmin vəziyyət onu göstərdi ki, məhkəmə institutları və digər qurumlarda hələ də “Qarabağ klanı”nın nüfuzu qalmaqdadır. Belədə görünən odur ki, həmin klan heç də zəif sayıla bilməz. Bu hal da hakimiyyətin digər qurumlara ciddi nəzarət edə bilməməsi və Paşinyan tərəfdarlarının dövlət strukturlarında tam şəkildə tərəfdarlarının olmamasından irəli gəlir. Təbii ki, bu da ölkədə daxili siyasi böhranı körükləyən əsas faktorlardan biridir.

Bu gün Ermənistanda ciddi siyasi böhran yaşanır. Azərbaycanın işğal olunmuş ərazisində formalaşan qondarma rejimlə Paşinyan arasında mübarizə kəskinləşməyə doğru istiqamət götürüb. Bu kəskinləşmədə sözsüz ki, üçüncü qüvvələrin də rolu vardır.  Başda Rusiya olmaqla bir çox ölkələr “Qarabağ klanı”na dəstək verir”.

Ekspert düşünür ki, Ermənistan daxilində gərginləşən olaylar fonunda Qarabağ məsələsi üzrə danışıqlar prosesi fiaskoya uğrayacaq: “Təbii ki, Ermənistan daxilində baş verən bu olayların Dağıq Qarabağ münaqişəsinin gedişinə mənfi təsir göstərdiyi aydındır. Bildiyiniz kimi, Azərbaycan sülh danışıqlarına da üstünlük verir. Belə olan halda, Ermənsitanda gərginləşən vəziyyətlə əlaqədar olaraq danışıqlar prosesinin fiaskoya urğrayacağı qaçılmazdır. Hazırda Paşinyanın diqqəti ölkə daxili siyasi vəziyyətə qarışıb. Bunun da nəticəsində işğalçı tərəf danışıqlar masası arxasında əyləşməkdən yayınmağa çalışır.

Onu da bilirik ki, “Qarabağ klanı” Paşinyanın danışıqlarda güzəştlərə getməsinə qarşı ciddi hücuma keçə bilər. Klan revanş gözləyir. Paşinyanın güzəştlərə getməsi də “Qarabağ klanı”na bu imkanı yarada bilər. Yaxın perspektivdə Ermənistandakı daxili siyasi böhranın yumşalacağı gözlənilmir. Əksinə, proses hətta hakimiyyətin dəyişdirilməsinə qədər güclənə bilər.

Belə bir vəziyyətdə Azərbaycan işğalçı ölkədə baş verən bu proseslərdən daha qəti şəkildə faydalanmalı və diplomatik danışıqları kənara qoyub, hərbi təzyiqlərə keçməlidir. Bunu etməyə Azərbaycanın hər cürə əsası da var. Azərbaycan zabitinin öldürülməsi və atəşkəsin pozulması hadisəsi ölkəmizə qarşı yönəlik təxribat idi. Azərbaycan belə təxribata ciddi reaksiya verməlidir. Düzdür, burada geosiyasi amillər də var.

Keçən əsrin 90-cı illərin əvvəllərində olan daxili siyasi böhran fonunda Azərbaycan əraziləri işğal edildi. Hazırda isə anoloji vəziyyətlə Ermənistan üzləşib. BMT-nin qəbul etdiyi qətnamələr də imkan verir ki, Azərbaycan tərəfi ərazilərini müharibəyə başlamaqla da azad edə bilsin. Bütün hallarda hesab edirəm ki, Ermənistanda baş verən siyasi böhran Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən diplomatik danışıqlara mənfi təsir edəcək. Ona görə Azərbaycan Qərbdəki tərəfdaşları ilə danışıqlar aparmaqla öz ərazi bütövlüyünü təmin etməlidir”.

Beynəlxalq ictimaiyyət və ilk növbədə həmsədr ölkələr də artıq baş vernələri nəzərə almalı, xüsusən də Ermənistanın  cəbhədə istənilən təxribatını birmənalı şəkildə pisləməlidir. Bölgədə savaşa qarşı olanlar Bakı və İrəvan arasında artıq substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Qeyd edək ki, substantiv danışıq deyəndə Azərbaycan rəhbərliyi ərazilərimizin qeyd-şərtsiz boşaldılmasına yönəlik danışıqları nəzərdə tutur. Burada Azərbaycanın mövqeyi bəllidir və birmənalı xarakter daşıyır.  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Substantiv danışıqlar həmsədrlərin belə  qeyri-məqbul hesab etdikləri status-kvonun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması daxil olmaqla, kompleks tədbirləri ehtiva edir. Bu mənada hesab edilir ki, indi bütün dünya tərəfindən qəbul olunmayan statis-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır. Əks təqdirdə bunun alternativi yeni Qarabağ savaşı olacaq.

R. SOLTANOV