Status-kvo dəyişməzliyi Qarabağda yeni savaşı tətikləyir

5 İyun 2019 08:00 (UTC+04:00)

Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv, təxribatçı siyasət münaqişənin həllinə,  regionda sülhün,  sabitliyin təmin olunmasına xələl gətirir. Bu mənada hesab edilir ki, indi bütün dünya tərəfindən qəbul olunmayan status-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır. Əgər dünya ictimaiyyəti, o cümlədən ATƏT Minsk qrupunun həmsədrləri bu xüsusda yaxın tezlikdə müvafiq addımlar atmasa, onda Qarabağ münaqişəsi ilə bağlı proseslər hansı istiqamətdə cərəyan edəcək? 

Politoloq Nəzakət Məmmədova qeyd etdi ki, münaqişə ilə bağlı qəbul edilən beynəlxalq sənədlərə əməl olunsa, bu halda konflikt də tezliklə öz ədalətli həllini tapar: “Dünya ictimaiyyətindən böyük möcüzə gözlənilmir. İstənilən sadəcə olaraq beynəlxalq hüquq normalarına, prinsiplərinə riayət olunmasıdır. Bir vaxtlar İraq Küveyti işğal edəndə dərhal ABŞ gələrək bu işğala son qoydu. Hətta bu, İraqa o qədər baha başa gəldi ki, indinin özündə belə bir dövlət olaraq parçalanmış vəziyyətdədir. Bu fakt İraqın timsalında işğalçının ağır olaraq cəzalandırıldığını göstərir. Halbuki Körfəz müharibəsi zamanı İraqın cəzalandırılması ilə bağlı BMT qətnaməsi belə qəbul olunmamışdı. Yəni İraqı bombardman etməyin hüquqi əsası belə yox idi. Amma Qarabağ məsələsində hüqiqi baza var. BMT-nin bununla bağlı 4 qətnaməsi var. Avropa Birliyi, ATƏT, NATO kimi mötəbər qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yəni işğalçını cəzalandırmaq üçün bütün beynəlxalq təşkilatar müvafiq sənəd və qərarlar qəbul edib.

 Bu sənədlərə riayət olunsa və işğalçı cəzalandırsa, o zaman vəziyyət də dəyişəcək.

Beynəlxalq hüquqda işğalçını cəzalandırmağın müxtəlif üsulları vardır. Öncə o xəbərdarlıq edilir, bundan nəticə çıxarmadlqda ona qarşı sanksiyalar, embarqo tətbiq olunur. İşğalçının təcavüzə son qoymadığı halda onun bombardman edilməsi isə ən son variantdır. Ermənistan isə İraqdan, İsraildən də zəif bir ölkədir. Buna baxmayaraq onun işğalçı əməllərinə dünya birliyi indilikdə əsasən göz yumur. Bu göz yumma tendensiyası da Ermənistanın xristian dövlətləri tərəfindən yaradılmasından qaynaqlanır.

Bu, bir faktdır ki, Qafqazda xristian dövlətinin olması dünyanın xristian ölkələrinin istəyinə daxildir. Həmçinin onlar müsəlman ölkəsi Azərbaycanın ərazisi hesabına xristian Ermənistanının ərazisinin genişləndirilməsində maraqlıdırlar. Yoxsa, Ermənistanın hər hansı bir resursu yoxdur ki, ona dəstək olsunlar”.

Bu mənada ekspert bildirdi ki, Dağlıq Qarabağ ətrafında status-kvonun dəyişməməsi bölgəmizə, o cümlədən yaxın regiona təhlükəli tendensiyalar vəd edir: “Bu gün dünya o qədər qloballaşıb ki, bir bölgədə yaşanan silahlı toqquşmalar təkcə həmin ərazilə bitmir, digər yerlərə də sirayət edir. Aydın məsələdir ki, Minsk qrupunun həmsədrləri status-kvo vəziyyətinin dəyişməsi istiqamətində yaxın tezlikdə müvafiq addımlar atmasa, onda Qarabağ münaqişəsi ilə bağlı proseslər yenidən müharibə müstəvisinə keçəcək. Çünki, Azərbaycan dəfələrlə bəyan etdiyi kimi torpaqlarının işğalda qalmasına sona qədər dözməyəcək. Əvvəl-axır bunun bir sonu olmalıdır. Bu müstəvidə də münaqişənin yenidən alovlanması ilə Avropa Birliyinin buradakı neft maraqlarına da zərər gələcək.

Status-kvo dəyişmədikcə, Qarabağ münaqişəsi həm də gələcəkdə böyüyərək regional münaqişə xarakteri ala bilər. Münaqişə yenidən alovlanarsa, ona bir sıra digər dövlətlərin də reaksiya verməsi ehtimalı böyükdür. Yəni status-kvonun dəyişməməsi fonunda Qarabağla bağlı lokal münaqişə qlobal təhlükə yarada bilər. BMT, ATƏT və digər təşkilatların Qarabağla bağlı qəbul etdiyi qətnamələrin kağız üzərində qalması bu təşkilatların effektiv olmaması təsəvvürünü də yaradıb. Ona görə də BMT-nin buraxılması tələbləri də artır.

BMT Qarabağla bağlı 4 qətnamə qəbul etsə də, hələ də icra olunmur. İsrail-Fələstin münaqişəsilə bağlı da BMT-nin qəbul etdiyi qərarlar kağız üzərində qalmaqda davam edir. Bu cür hallar, o cümlədən Qarabağ münaqişəsinin həll olunmaması isə müasir beynəlxalq münasibətlər sisteminin dağılmasına gətirib çıxara bilər. Son dövrlər belə tendensiyalar təəssüf ki, sanki qanuni hal almağa başlayıb. Qolan təpələrinin işğalının ABŞ tərəfindən tanınması ilə artıq dünya ictimaiyyətini sanki fakt qarşısında qoyurlar. Belədə mövcud status-kvo vəziyyəti fonunda vaxtın uzanması ölkəmizin ziyanına işləyir. Yəni münaqişənin həll olunmaması bizi müəmmalı gələcəyə doğru aparır. Ona görə də status-kvo vəziyyətinin dəyişməməsi münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsi və hərbi əməliyyatların yenidən alovlanmasına səbəb ola bilər. Bu ehtimal böyükdür. Çünki digər variantlar, sülh prosesi bəhrə verməyəndə, Azərbaycan işğala son qoymaq üçün hərbi varianta əl atmağa məcburdur”.

Rüfət NADİROĞLU