“Azərsu” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib

4 İyun 2019 14:49 (UTC+04:00)

5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbirlər davam edir. “+82 Qərb” su anbarının ərazisində salınmış “Yasamal parkı”nda “Azərsu” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sərgini ziyarət edib.

Sərgidə tanınmış rəssamların, ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin su mövzusunda əsərləri nümayiş olunur. Artıq 3-cü dəfədir su mövzusunda təşkil olunan sərgiyə maraq böyükdür. Sərgi iştirakçıları hesab edir ki, bu cür tədbirlər mədəniyyət və incəsənətin inkişafına xidmət etməklə yanaşı, insanların sudan səmərəli istifadə ilə bağlı baxışlarının formalaşmasına xidmət edir.

“Azərsu” ASC-nin sədri Q.Hüseynov gənc rəssamlarla görüşüb onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sərginin yekununda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. İlk 3 yeri tutan rəssamlara mükafat, digər iştirakçılar təşəkkürnamə ilə təltif olunublar.

Bayram ərəfəsində “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” kitabının təqdimatı da keçirilib.

Tədbirdə çıxış edənlər Ə.Quliyevin elmi fəaliyyətindən bəhs edib, apardığı tədqiqatların coğrafiya elminə və aqrar sektora verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, müəllifin “Azərbaycan kəhrizləri” adlı kitabı yeraltı su ehtiyatlarımızın öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Kitabda qədim su mədəniyyəti abidələrimiz olan kəhrizlərdən, onların qazılma texnologiyasından, su sərfindən və digər məsələlərdən bəhs olunur. Azərbaycanın ayrı-ayrı bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, kəhrizlərin təsir zonasında olan sahələr haqqında məlumatlar da monoqrafiyada öz əksini tapıb.