17 yaşlı məktəblinin ölümünün gizli məqamları ortaya çıxdı (VİDEO)
15 May 2013 11:42 (UTC+04:00)
Sumqayıt şəhəri 17 saylı məktəbin şagirdi Azad
İlyasovun ölümündə yeni məqamlar ortaya çıxıb. Hadisənin şahidi
Tamerlan Mustafayev bildirir ki, o da həmin gün gecikənlər
sırasında olub. Azadla birlikdə cəza alıb və qaçmağa məcbur edilib.
Məktəblinin sözlərinə görə, cəza barəsində məktəb rəhbərliyinin
xəbəri var imiş. Tamerlan deyir ki, gecikməyə görə məktəbin həyətində qaçmaq
cəzası direktor Nargilə xanımın ideyasıdır. Məktəblinin sözlərinə
görə, gecikməyə görə qızlar 10, oğlanlara isə 20 dairə məktəbin
idman meydançasında qaçmağa məcbur edilir. Xatırladaq ki, bir gün öncə məktəbin rəhbəri ümumiyyətlə belə
qaydanın olmamasını bildirirdi. Məktəbin özündə heç kəsi görə
bilmədik. Gözətçinin sözlərinə görə, burada təhsil bir növbəlidir,
ona görə də saat 1-dən hamı gedib evinə. Bu səbəbdən nə məktəbin
direktoru ilə, nə də onun müavini adı bu cəzanın tətbiqində çəkilən
Qafar müəllimlə görüşə bilmədik. Təshil üzrə ekspertlərin fikrincə,
təhsil ocaqlarında belə bir cəzanın tətbiqi yolverilməzdir. Gecikən
şagirdləri yalnız məktəbdaxili qaydalar çərçivəsində, tənbeh
edilməklə bu vərdişdən yayındırmaq olar. Həmçinin valideynlərlə
birgə problemləri həll etmək də mümkündür. Uşaq hüquqları üzrə
ekspert Nazir Quliyev hesab edir ki, uşaqları məktəbdən
yayındırmamaq üçün təhsil metodları
dəyişməlidir. Psixoloq Dəyanət Rzayev də bu cür cəzanın verilməsini çıxış
yolu hesab etmir. Onun fikrincə, məktəbin psixoloqları gecikən
uşaqlarla fərdi söhbət aparıb, onların problemlərini araşdırsa,
daha faydalı olar. Azadın evinin qarşısında isə hüzr
davam edir. Məktəblinin yaxınları və doğmaları xeyir-şər evinə
gələrək, onun valideynlərinə dəstək verməyə çalışır. Artıq azadın
atası istintaqa ifadə də verib. Sumqayıt Şəhər Prokurorluğundan
isə istintaqın davam etdiyini bildirdilər.