Kənd təsərrüfatı və turizm qeyri-neft sektorunun ən intensiv inkişaf edən sahələrinə çevrilir

8 İyun 2019 07:00 (UTC+04:00)

"Deloitte" şirkətinin hazırladığı "Business Outlook in Azerbaijan" hesabatında növbəti beş il ərzində Azərbaycanda intensiv inkişaf edəcək qeyri-neft sektorunun əsas sahələrinin müəyyənləşdirilməsi ilə bağlı sorğunun nəticələri yer alıb.

Sorğuda Azərbaycanın aparıcı şirkətlərinin maliyyə direktorları və menecerləri iştirak edib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 69 faizi kənd təsərrüfatının, 60 faizi turizmin qeyri-neft sektorunda daha çox inkişaf edəcəyini bildirib. Növbəti sıralamada isə pərakəndə xidmətlər (26 faiz), tikinti (23 faiz), maliyyə və sığorta xidmətləri (20 faiz) yer alıb.

Beləliklə xarici şirkətlərin apardığı sorğunun nəticələri deməyə əsas verir ki, kənd təsərrüfatı və turizm Azərbaycanda iqtisadiyyatın ən perspektivli sahəsi hesab olunur. Məlum olur ki, qarşıdakı 5 ildə kənd təsərrüfatı və turizm ölkəmizdə ən inkişaf etmiş sahələr olacaq. İqtisadçı ekspert Fuad İbrahimli əminliklə vurğuladı ki, qarşıdakı illərdə Azərbaycanda kənd təsərrüfatı və turizm sahələrinin ən inkişaf etmiş sahələrə çevriləcəyi gözlənilən olmaqla yanaşı, həm də realdır: “Ölkəmizdə 2015-ci ildən sonra postneft dövrünün elan olunması ilə qeyri-neft sektoruna diqqət daha da artıb. Nəticədə ölkənin qeyri-neft sektorunda hazırda kənd təsərrüfatı ilə turizm sahələri ən inkişaf etmiş lider sahələr sırasında yer alıb.

Azərbaycanda 9 iqlim şəraiti olduğundan dövlətimiz turizm sektoruna xarici investorlar üçün çox cazibədardır.  Bu nöqteyi-nəzərdən hesab edirəm ki, xarici investorların turizm sektoruna marağı daha da artacaq. Son dövrlər Azərbaycanda keçirilən iri həcmli layihələr, beynəlxalq yarışlar bu işin daha da şaxələndirilməsi və gücləndirilməsinə xidmət edir. Ona görə də ölkəmizdə turizm ən mühüm əhəmiyyət kəsb edən sahələr sırasında öz əhəmiyyətilə seçiləcək. Bununla yanaşı, kənd təsərrüfatına da diqqətin artdığı müşahidə olunur. Ancaq bu daxili investorlar hesabına formalaşır. Ümid edirəm ki, qeyri-neft sektorunun bir qolu kimi maşınqayırma və ağır sənaye sahəsində də ciddi inkişaf baş verəcək. Bu istiqamətdə texnoparklar yaradılır”.

Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı da növbəti 5 ildə kənd təsərrüfatı ilə turizm sahələrinin prioritet elan olunmasına təbii baxdığını dedi: “Kənd təsərrüfatı və turizm sahələri bir neçə il əvvəl dövlət tərəfindən prioritet sahələr olaraq müəyyən edilib. Hər iki sahə üzrə strateji yol xəritələri də hazırlanıb. Vəziyyət araşdırılıb, perspektiv və hədəflər müəyyən olunub. Sadəcə, hər iki sahənin ciddi islahatlara ehtiyacı var. Bu istiqamətdə işlərə başlanılıb. Amma əsas məsələ onların icrasıdır. İcra mexanizmi təkmilləşdirilməli, proqramda göstərilən işlər həyata keçməlidir”.

Bunun üçün ekspert həmin sahələr üzrə həyata keçirilən islahatların daha da dərinləşdirilməsinin vacib olduğunu bildirdi: “Sözügedən sahələrdə gerçəkdən daha ciddi uğurlara imza atmaq istəyiriksə, həm islahatlar sürətlənməli, həm də kənd təsərrüfatına yanaşma tərzi dəyişməlidir. İntensiv kimi ənənəvi kənd təsərrüfatı üsulundan imtina etməliyik. Proqramın həyata keçməsi üçün həm də kadr potensialı təkmilləşdirilməlidir. Hər iki sahədə elmi kadrların hazırlanmasını sürətləndirmək lazımdır. Turizm sahəsində indilikdə cəmi 10 faizə qədər ixtisaslı kadrlarımız var. Universitetlərin maddi-texniki, elmi-texniki bazasını gücləndirməliyik. Yəni bu sahələr üzrə islahatları dərinləşdirməli, yeni daha çevik mexanizmləri işə salmalıyıq. Hər iki sahə üzrə aqrar bank və turizm bankı yaradılmalıdır.

Kənd təsərrüfatında aqrar sığorta həyata keçməlidir. Ardıcıl olaraq elmi prinsiplərə dayanan, mütərəqqi təcrübəyə əsaslanan islahatlar dərinləşdirilməlidir. Hər iki sahədə elmi-tədqiqat işləri genişləndirilməli, həm də onların nəticələrinin tətbiqinə çalışmalıyıq. İndilikdə hər iki sahənin statistikasında qeyri-dəqiqliklər də var. Ona görə statistikanın da dəqiq aparılması vacibdir. Həmin sahədə çalışanların təşkilatlanması və bazara çıxışına kömək etmək lazımdır. Bu kimi addımların atılması fonunda yaxın illərdə qeyri-neft sektoru olaraq kənd təsərrüfatı və turizmdə daha ciddi irəliləyişlərə, həmin sahələrədn gələn gəlirlərin əhəmiyyətli dərəcədə artması və ora böyük investisiya axınına nail ola biləcəyik”.

Rüfət NADİROĞLU