Müsəlman dünyasının həmrəyliyinə vurulan zərbələr

8 İyun 2019 09:30 (UTC+04:00)

Müasir dövrdə İslam birliyi heç vaxt olmadığı qədər aktuallıq daşıyır. Dünya tez-tez qarışır. İnkişaf etmiş ölkələr öz stabillikləırini qorumaq üçün müsəlman ölkələırini hədəf seçir, onlar arasında nifaq salmaqla münaqişələr yaradır və özlərinin nüfuz savaşını bu münaqişələr üzərində həll etməyə çalışırlar. Bu günlərdə Yəmən Səudiyyə Ərəbistanının ərazisinə soxuldu.

“EurAsia Daily” nəşri  Yəmənin “Saba” agentliyinə istinadən bildirib ki, Yəmənin “Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri üç sutka ərzində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nacran əyalətində bu ölkənin ordusunun mövqelərinə irimiqyaslı hücum təşkil edib, 20-dən çox hərbi və polis sərhəd məntəqələrini ələ keçiriblər. Husilərin komandanlığı məlumat yayıb ki, Səudiyyə Ərəbistanının ordusunun və təhlükəsizlik qüvvələrinin obyektləri 72 saatlıq əməliyyat nəticəsində monarxiyanın ərazisinə daxil olmaqla zəbt olunub.

Mənbə qeyd edir ki, husilər üç istiqamətdən hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib. Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri tərəfindən hücuma keçmiş husilərin mövqelərinə 75-ə yaxın hava zərbəsinin endirildiyi bildirilir. Lakin bu zərbələr Yəmən döyüşçülərinin hücumunu dayandıra bilməyib.

Silahlı qarşıdurmanın təəssüfdoğurucu mahiyyəti var. Bir neçə il əvvəl Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ölkələri arasında müttəfiqləri şiə üsyançı husilərin hökumətə hücumunu dayandırmaq üçün Yəməndə hərbi əməliyyata başlayıblar. Faktiki olaraq söhbət İslamın iki qolu olan şiələrlə sünniləırin mübarizəsindən gedir. Husilər Yəməndə hakimiyyəti ələ keçirmək istəyirlər. Körfəzin ətəb ölkələri isə “prezident Hadi-nin Yəməni və onun xalqını husi yaraqlılarının təcavüzündən müdafiə etmək çağırışına cavab vermək qərarına gəlib” və koalisiya yaradıblar. Koalisiyaya 10 müsəlman ölkəsi daxildir.

Hələ prezident Obamanın vaxtından ABŞ Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqlərinin Yəməndə husi üsyançılara qarşı hərbi əməliyyatını dəstəkləyir. Bu da onu deməyə əsas verir ki, bu müsəlman davasında Qərbin “barmağı” var. Görünür husilərə də kimsə əlaltdan “dil” verir.

Digər müsəlman ölkəsi Suriyanın “çıxılmaz bataqlığa” çevrilməsi də ABŞ-ın iştirakı ilə baş verib və Qərbin silahlandırdığı İŞİD-çilərlə başlanmış müharibə ölkəni parçalayıb və yerlə yeksan edib. Bir neçə il əvvəl Türkiyədə dövlət çevrilişinin hazırlanmasında, Myanmada müsəlmanların qırılmasında, Sudanda və Afrikanın digər müsəlman ölkələrində dini zəmində baş verən iğrişaşlarda Qərb dünyasının gizli xidmətlərinin iştirakı və fəaliyyəti gizli fakt deyil. Avropa başda olmaqla inkişaf etmiş ölkələrdə İslam inanclı insanların sıxışdırılması əslində müsəlman dünyasına qarşı aparılan qlobal müharibənin tərkib hissəsidir.

Belə bir mürəkkəb beynəlxalq şəraitdə İslam ölkələri bir-birinin əlində tuta bilirmi? Faktlardan göründüyü kimi yox. Bəs kimdir buna mane olan? Axı, inanc birliyi, İslamın çağırışlarının qəbul edilməsi o deməkdir ki, bütün müsəlman xalqlar dost və qardaş olmalıdırlar. Söz düşəndə hamı elan edir ki, müsəlman ümmətidir, bu, prinsipcə həmin bu xalqların birliyi anlamına gəlir. Ancaq belə birlik necə ola bilər ki, elə müsəlman ümmətinin ayrı-ayrı qolları bir-birilə müharibə aparır.

Azərbaycan da müsəlman ölkəsi olmaq etibarı ilə sülhə və əmin-amanlığa aparan İslam həmrəyliyinin bərqəırar olması uğrunda çalışır. Çünki, ölkəmiz müstəqilliyini müharibə qoynunda qazanıb. Amma torpaqlarının bir hissəsini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu gün ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan əzmkar mübarizə aparır. Bu mübarizədə beynəlxalq hüququn qanunları çərçivəsində bütün dünyadan, o cümlədən İslam dünyasına daxil olan ölkələrdən hərtərəfli dəstək umur.  

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilib. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən Zirvə toplantısı “Məkkə Sammiti: Gələcəyə doğru birlikdə gedək” devizi altında təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Zirvə toplantısında İslam dünyasının üzləşdiyi müxtəlif problemlər müzakirə olunub. Həmçinin müsəlman azlıqların problemləri, islamofobiya, terrorizm və ekstremizmlə mübarizə və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçirilib.
Toplantının sonunda qəbul edilən Məkkə Bəyannaməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir daha pislənib, torpaqların güc yolu ilə istilasının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Ermənistan tərəfindən dərhal yerinə yetirilməsinin vacibliyi bildirilib. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırılıb.
Bəyannamədə belə müddəaların yer alması İslam həmrəyliyinin möhkəmlənməsi fonunda mühüm gəlişmə sayılmalıdır. Belə ki, bəzən təcavüzə və təcavüzkara qarşı mübarizə böyük bir camiəni birləşdirməyə səbəb olur. Məhz Azərbaycanın bir nömrəli proibleminin həlli yolunda birliyin yaranması bu kimi məsələlərdə müsəlman dünyasına uğurlu perspektiv vəd edir. Təbii ki, bu işdə Azərbaycanıln özünəməxsus nümunəvi rolu var.

N.NOVRUZ