Tovuzda evdən pul və qızıl-zinət əşyaları oğurlayan keçmiş məhkumlar yaxalanıblar

7 İyun 2019 17:46 (UTC+04:00)

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İ.Məmmədovu və A.Məmmədovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkarlanaraq götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki üç həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış üç ədəd alüminium güldan oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.