Erməni lobbisinin mövqeyi sarsılır

11 İyun 2019 09:40 (UTC+04:00)

 

Xəbər verdiyimiz kimi, bu günlərdə Fransanın Val-d’Oise departamentinin inzibati məhkəməsi qondarma Dağlıq Qarabağ separatçıları ilə Arnuvill şəhəri arasında imzalanmış “dostluq xartiyası” haqqında “sənəd”i ləğv edib.

Xatırladaq ki, bu “sənəd” Fransanın Arnuvill şəhərinin meri ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun “rəhbəri” arasında 2018-ci ilin oktyabrında imzalanıb. Məhkəmənin qərarı ilə Arnuvill merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirli bilinib. Fransa məhkəməsinin separatçı Dağlıq Qarabağ rejimi ilə Fransanın Arnuvill şəhəri arasında qeyri-qanuni "Dostluq haqqında xartiya"nı ləğv etməklə bağlı qərarı fonunda erməni lobbisinin Fransa  və dünyadakı mövqeyinin sürətlə zəiflədiyini demək olarmı?

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Fransa məhkəməsinin sözügedən qərarını erməni lobbisinə vurulan mühüm zərbə və tarixi əhəmiyyətə malik bir sənəd kimi dəyərləndirdi: “Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi olduqca vacib və mühüm hüquqi hadisədir. Erməni diasporu və lobbisinin kifayət qədər güclü və təsir rıçaqlarına malik olduğu Fransa kimi bir ölkədə belə bir hüquqi addımın atılması presedent olaraq tarixi əhəmiyyətə malikdir.

Fransa inzibati məhkəməsinin sözügedən qərarını Ermənistanın, habelə erməni diasporu və lobbisinin hüquqi müstəvidə bu ölkədəki ən böyük uğursuzluğu kimi qiymətləndirmək olar. Belə bir qənaətə gəlməyimi əsaslandıran səbəblər var. Fransada erməni əsilli vəkillərdən ibarət çox ciddi şəbəkə fəaliyyət göstərir. Onlardan biri qondarma soyqırımı ilə bağlı qanun layihəsinin müəllifi, Jak-Şirakın şəxsi vəkili və müşaviri, Nikola Sarkozinin vəkili və yaxın dostu, 2004-2005-ci illərdə Fransanın sənaye naziri olmuş Patrik Devedjyandır. Bu şəxs erməni diasporu və hüquqşünaslardan ibarət şəbəkəyə rəhbərlik edən, erməni biznes şəbəkəsinin maraqlarını qoruyan bir şəxsdir. O, Azərbaycan və Türkiyəyə nifrəti ilə seçilir. Qondarma erməni soyqırımı və işğal altında olan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan separatçı rejimin “qanuniləşdirilməsi” ilə bağlı prosesin fəal iştirakçılarından biri də Fransa Məhkəmə Palatasının üzvü Sevak Torosyandır. Bu nümunələri gətirməklə Fransada ermənilərin əleyhinə məhkəmə qərarının qəbul edilməsinin nə qədər mürəkkəb və çətin proses olduğunu diqqətə çatdırmaq istəyirəm. Bunun nəticəsidir ki, Fransadakı bütün erməni şəbəkəsi inzibati məhkəmənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “xartiya”nı ləğv etməməsi üçün hərəkətə keçmişdi. Lakin göründüyü kimi, həmin məhkəmə instansiyası ermənilərin istəklərinin əksinə olan bir qərar qəbul etməklə onların sifətinə tərs şapalaq vurdu.

Bu hadisənin önəmli cəhətlərindən biri də presedent yaratmasıdır. Yəni, bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində bu və ya buna bənzər hansısa qanunsuz addımlar atmaq eşqinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə həmin ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar əsas verir. Onu da vurğulayım ki, Fransa inzibati məhkəməsinin qərarı bu ölkənin qanunları və beynəlxalq hüququn təməl prinsiplərinə uyğun qəbul edilib.

Vaxtilə Fransa məhkəmələrinin tarixində hətta erməni terrorçularına törətdikləri əməllərinə adekvat olmayan cəzalarla bağlı presedentlərlə rastlaşmışıq. Bu sırada terrorçu, hərbi cinayətkar Monte Melkonyanın işi ilə bağlı presedent də var. Belə ki, həmin qaniçən cinayətkara cəmi 6 illik həbs cəzası verilmiş, 4 il sonra isə vaxtından əvvəl azad edilmişdi. Bütün hallarda Fransa inzibati məhkəməsinin sözügedən qərarı göstərir ki, erməni lobbisinin özlərinin möhkəm dayaqlarının olduğu Fransada da mövqeləri sarsılmağa başlayıb. Artıq Fransa hökuməti də onların yalanları, fırıldaqlarından beziblər. Belədə güclü erməni lobbisi kimi bu günə qədər formalaşan mif də darmadağın olmaq üzrədir”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, Fransa məhkəməsinin sözügedən qərarı ilə hüququn aliliyi təmin edilib, ədalət qələbə çalıb: “Fransa məhkəməsinin bu qərarı qanunun aliliyinə hörmət edilməsi məsələsidir. Dağlıq Qarabağ işğal olunmuş ərazidir. Hər hansı bir formada işğal olunmuş ərazidəki hər hansı bir şəhərin digər ölkələrin şəhərlərilə dostluq xartiyası imzalaması əlbəttə ki, erməni lobbisinin fəaliyyəti nəticəsində baş vermişdi. Amma Fransada qanunun aliliyi, qanuna hörmət var. Sözügedən qərar da bunun göstəricisidir. O baxımdan həmin saxta dostluq xartiyası ilə bağlı da məhkəmə tərəfindən ədalətli qərar qəbul edildi. Bu həm də ədalətin təntənəsidir, hüququn aliliyinin təmin edilməsilə bağlı məsələdir.

Məhkəmə həmin hadisəyə biganə qalsaydı və yaxud başqa qərar versəydi, Fransa məhkəməsinin ədalətli, müstəqil olması ilə bağlı məsələ də şübhə altına alınardı. Bu halda Fransa məhkəmələrinin siyasi məqsədə uyğun olaraq qərarlar qəbul etməsi barədə fikirlər səslənərdi. O baxımdan hesab edirəm ki, bu, hüququn qələbəsidir. Erməni lobbisi isə hər zaman qanunsuz hərəkətlərə cəhd edib. Ancaq onlar Fransa məhkəməsinin sözügedən qərarı fonunda hüququ ələ ala bilmədilər. Çünki həmin əməlləri hüquqla ziddiyyət təşkil edir”.

Rüfət NADİROĞLU