Ermənilər bu dəfə pul üstündə biri-birlərini qırır

12 İyun 2019 11:20 (UTC+04:00)

Ermənistandakı Nikol Paşinyan hökumətilə Dağlıq Qarabağdakı separatçı, qondarma rejim arasında ziddiyyətlər kulminasiya nöqtəsinə çatır. Artıq vəziyyət o həddə çatıb ki, Paşinyan qondarma rejimə maliyyə yardımı ayırmağı da dayandırır. Belə ki, Rusiya mənbələrinin erməni mətbuatına istinadən verdiyi xəbərə görə, İrəvan qondarma rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edir.

Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan  Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.

Onu da qeyd edək ki, Balasanyan “DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var. Məlumatda həmçinin vurğulanır ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır İrəvan tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfindən Dağlıq Qarabağ rejiminə tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər.

Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın separatçı rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verə bilər” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır. Baş verən bu proses onu deməyə əsas verir ki, Paşinyan hökumətilə separatçı rejim arasında münasibətlər olduqca kritik həddə çatıb. Paşinyan da separatçı rejimi çökdürmək, onu özünə sadiq qüvvələrlə əvəzləmək üçün onlara maliyyə dəstəyini dayandırır. Bu qarşıdurmanın belə ciddiləşməsi prosesin gedişində nələrə gətirib çıxara bilər?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan hakimiyyətilə Dağlıq Qarabağın qondarma rejimi arasında davam edən konflikt əsasən Paşinyanın burada özünə sərf edən rejimin formalaşdırılmasına hesablanıb: “Qarabağ klanı” isə “general” Vitali Balasanyana dəstək verir.  Bu fonda aydın məsələdir ki, Paşinyanla “Qarabağ klanı”nın dəstək verdiyi qondarma rejim arasında gedən konfrantasiya 2020-ci ildə keçiriləcək  qondarma seçkilərə doğru irəlilədikcə daha da intensivləşəcək. Paşinyan burada “Qarabağ klanı”nın mövcud olduğunu düşünür və ona görə də mövcud vəziyyətlə barışmaq istəmir. Ermənistan baş naziri ona görə də hazırda mövcud olan qondarma rejimə əksinqilab yuvası kimi baxır.

Sirr deyil ki, Xankəndindəki qondarma rejimin arxasında da keçmiş prezidenr Robert Köçəryan dayanır. Bu savaşda Paşinyan “Qarabağ klanı”na məğlub olarsa, İrəvanın siyasətində 180 dərəcədə dönüş olacaq. Ermənistan əvvəlki səviyyəsinə gələcək. Paşinyan da bunları bildiyindən qəti şəkildə hücuma keçməyi qərara alıb. Ona görə də qondarma rejimə maliyyə yardımını dayandırır. Şərt kimi də Vitali Balasanyanın istefası və növbəti seçkilrədə iştirakdan imtinası irəli sürülür.

Qeyd edək ki, V. Balasanyan Azərbaycana qarşı işğalçı müharibədə iştirak edib, “generaldır”. Paşinyan bu ilin mayında Xankəndində olanda Balasanyan ona qarşı atmacalar da atmışdı. Paşinyan da İrəvana qayıtdıqan sonra ona cavab verdi. Proses onu göstərir ki, Köçəryan indiki halda Balasanyanı irəli verib, nəticədə Bako Saakyan bir qədər arxa plana keçib. Balasanyanın Dağlıq Qarabağın erməniləri arasında müəyyən dərəcədə nüfuzu var. Onun Kreml, Rusiya xüsusi xidmət orqanları ilə də əlaqəsi vardır. Paşinyan da bunlardan çəkinir”.

Politoloq hesab edir ki, Paşinyanın qondarma rejiminə qarşı maliyyə sanksiyası tətbiq etməsi heç də Balasanyanın istefasına gətirib çıxarmayacaq: “Dağlıq Qarabağ klanı” güclü olaraq qalır. Hərbi, maliyyə strukturlarında hələ də ciddi mövqeyə malik olmaqdadırlar. Bu əsasda kəskinləşən münasibətlər fonunda Ermənistanda növbəti bir inqilabi şərait yetişə, silahlı qarşıdurma da ola bilər. Aydındır ki, prosesi kənardan idarə edən Moskvadır. Lazım gələndə Kreml prosesə müdaxilə də edəcək. Ona görə Paşinyanın qondarma rejimə qarşı ciddi şəkildə maliyyə sanksiyasına gedəcəyini də zənn etmirəm. Çünki bu çox risqlidir. Bu fonda Ermənistandakı ermənilər də Paşinyana qarşı etiraza qalxar. Hər halda görünən odur ki, burada bir oyun gedir və mübarizə getdikcə kəskinləşəcək. Proses 2020-ci ilə kimi belə davam edəcək. “Qarabağ klan”ı sakitcə təslim olmayacaq. Paşinyan da çalışacaq ki, Xankəndində mövcud rejimə qarşı inqilab yaratsın. Lakin bütün hallarda o buna nail ola bilməyəcək. Moskva ona bunu etməyə imkan verməyəcək”.

Rüfət NADİROĞLU