Qeyri-neft məhsullarının ixracında sürətli artım

13 İyun 2019 09:30 (UTC+04:00)

2019-cu ilin aprelində Azərbaycanın qeyri-neft məhsulu ixracı 167 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 29 faiz artıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan qeyri-neft məhsulu ixracı 7,1 milyard dollara bərabər olub. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və ya 25,6 faiz çoxdur. Qeyri-neft məhsulu ixracında belə sürətli artımı şərtləndirən səbəblər hansılardır və bu artım dinamikasının davamını gözləmək olarmı? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, aqrar sahə məhsulları və sənaye məhsulları üzrə ixracın artımı, habelə məhsul və bazarlar üzrə şaxələnmə Azərbaycanın qeyri-neft ixracının sürətli artımına gətirib çıxarıb: “Qeyri-neft ixracatının artırılması Azərbaycan üçün çox vacibdir. İqtisadiyyatın şaxələnməsi birmənalı şəkildə qeyri-neft ixracatı üzrə tendensiyanın necə dəyişməsindən asılıdır.

Qeyri-neft ixracatının artırılması Azərbaycan üçün əsas prioritetdir. Bu kontekstdə qeyri-neft sektorunda artımların müşahidə edilməsi müsbət qiymətləndirilməlidir. Belə vəziyyət iqtisadiyyatın şaxələnməsinə öz təsirini göstərir.

Son 4 ay ərzində qeyri-neft sektoru üzrə ixracatda baş verən sürətli artımın əsas səbəbi isə Azərbaycanın aqrar və sənaye məhsulları ixracatında artımların baş verməsindən qaynaqlanır. Aqrar məhsullar üzrə ixrac bazarı genişlənir. Bu da nəticə etibarı ilə daha çox kənd təsərrüfatı məhsulunun dünya bazarlarına çıxarılmasına imkan yaradır. Eyni zamanda, son illər sənayeləşmənin dəstəklənməsi Azərbaycanın ixrac etdiyi sənaye məhsullarının həcminə də birbaşa təsir göstərib. Yaranmış vəziyyətdə qeyri-neft sektorunda ixrac edilən sənaye məhsullarının həcmi də artıb. Bir tərəfdən məhsulların növü üzrə şaxələnmə var. Bu da təbii ki, pozitiv haldır. Digər mühüm məqam isə ondan ibarətdir ki, bazarlar üzrə də diversifikasiya var.

Adətən qeyri-neft məhsulları baxmayaraq ki, daha çox ənənəvi bazarlara ixrac olunur, buna rəğmən həmin istiqamətdə yeni bazarlara çıxış imkanlarımız da artır. Nəticədə ölkəmizin qeyri-neft ixracının şaxələnməsinə imkan yaranır. O baxımdan praktik olaraq məhsul və bazarlar üzrə şaxələnmə Azərbaycanın qeyri-neft ixracında hiss edilən artımlara gətirib çıxarıb”.

Ekspert qeyd etdi ki, qarşıda duran başlıca məqsəd növbəti dövrdə də qeyri-neft ixracındakı artımı qoruyub saxlamaqdan ibarətdir: “Xüsusən də iqtisadiyyatın şaxələndirilməsilə bağlı islahatların davam etdirilməsi mərhələli şəkildə dünya bazarına daha çox qeyri-neft məhsulları çıxarmağımıza şərait yaradacaq”.  

 

İqtisadçı-ekspert Fuad İbrahimlinin fikrincə, qeyri-neft ixracının sürətlə artması Azərbaycan hökumətinin yürütdüyü siyasətinin nəticəsidir: “Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac dinamikasınına rtımı bir sıra mühüm səbəblərdən irəli gəlir. Qeyri-neft sektoru üzrə ixrac dinamikasının artması o deməkdir ki, artıq 2015-ci ildə ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafına doğru istiqamətlənən bütün sərəncamlar, qanunvericilik bazası və yürüdülən siyasətin nəticəsini görürük. Deməli, ölkəmizdə bazar münasibətləri üzrə sağlam, rəqabət mühiti yaradılıb. Bu hal bazar iqtisadiyyatına müstəqillik verilməsinin nəticəsidir. Məhz görülən bu sayaq işlərin töhfəsi olaraq da qeyri-neft sektoru üzrə ixracatda əməlli-başlı artımlar baş verir. Bu da öz növbəsində makroiqtisadi tarazlığın tamamilə bərpa olunmasına gətirib çıxaracaq.  

Regional, dünya və qlobal səviyyədə hər hansı bir kataklizmalar müşahidə edilməsə, Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac tempinin artım dinamikası birmənalı şəkildə davamlı olacaq”.

Rüfət NADİROĞLU