Fermerlərimiz Rusiya bazarlarından daha çox pul qazanacaqlar

13 İyun 2019 09:40 (UTC+04:00)

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Qreşkin bu yaxınlarda bəyan edib ki, ölkəsinin Azərbaycanın ərzaq məhsullarına olan tələbatı artıb. Bu səbəbdən Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsulları ixracının artırılmasında maraqlıdır. Nazir bunu həm də digər ölkələrlə müqayisədə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daha keyfiyyətli olması ilə əlaqələndirib.

Oreşkin bu fonda  vurğulayır ki, ölkəsi Azərbaycandan ərzaq məhsulları idxalını artırmaq niyyətindədir. Nazir hazırda Azərbaycandan ərzaq məhsulları tədarükünün artım tempinin yaxşı səviyyədə olduğunu bildirib. M.Oreşkinin sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya bazarında  Türkiyə və Çin məhsulları üstünlük təşkil edir. Nazir əlavə edib ki, Rusiya tərəfi Azərbaycan məhsullarının Rusiya bazarlarına hansı həcmdə tədarükünün mümkün olduğunu göstərmək istəyir.  Hesab edilir ki, bu baş tutarsa, Azərbaycan məhsulları Rusiya bazarlarında Türkiyə və Çin məhsullarını sıxışdıra bilər. Maksim Oreşkin onu da bildirib ki, Azərbaycanla Rusiya arasında çox səmərəli iqtisadi münasibətlər bərqərar olub, hazırda qarşıya müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirmək vəzifəsi qoyulub: “Təqribən ilyarım əvvəl köklü dönüş əldə olunub. Bütün əlaqələrimizi, problemlərin həlli mexanizmlərini yenidən qurduq, nəticədə ticarət dövriyyəmiz sürətlə artır. Bu müsbət meyli daim gücləndirəcəyik. Hazırda qarşıya qoyulan vəzifə müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirməkdir ki, qüvvələrimizi bu istiqamətə yönəldəcəyik”.

Qeyd edək ki, azərbaycanlı fermerlər istehsal etdikləri məhsulun bir hissəsini xaricə ixrac edir. Bu xüsusda bir sıra ölkələr olsa da, əsasən həmin məhsullar Rusiya bazarlarında realizə olunur. Lakin Rusiya rəsmisinin açıqlamasından belə görünür ki, şimal ölkəsi Azərbaycandan aqrar sahə üzrə məhsulların daha geniş və çeşidli şəkildə idxalında maraqlıdır.

İqtisad Universitetinin dosenti Qadir Bayramlı qeyd etdi ki, böyük bazara malik Rusiya Azərbaycan fermerlərinə istehsal etdikləri daha çox məhsulu həmin ölkəyə ixrac etmək üçün geniş imkanlara malikdir. O bildirdi ki, əlverişli coğrafi mövqe, yol-nəqliyyat infrastrukturu Rusiyaya aqrar sahə üzrə məhsulların ixracı  üçün münbit şərait yaradır: “Rusiya gerçəkdən ölkəmiz üçün böyük bir bazardır. Bu şimal ölkəsilə həm coğrafi yaxınlığımız var, həm də geniş nəqliyyat şəbəkəsilə bağlıyıq. İki ölkə arasında hava, quru, dəniz, dəmir yolu vasitəsilə əlverişli nəqliyyat infrastrukturu yaradılıb.

Digər tərəfdən, iki ölkə arasında olan əlaqələrin inkişafı da imkan verir ki, Azərbaycan özünün istehsal etdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının bir hissəsini Rusiya bazarlarına çıxarsın. Azərbaycanda Rusiyada böyük tələbata  malik çoxsaylı məhsul yetişir. Subtropik, quru subtropik meyvədən tutmuş, rütubətli subtropik meyvələrə qədər hər cür məhsul ölkəmizdə yetişir. Yəni sitrus meyvələrdən tutmuş, bölgələrimizdə yetişən nar, əncir, heyva kimi meyvələr Rusiyada ümumiyyətlə yetişmir. Amma Rusiya əhalisinin bu meyvələrə geniş ehtiyacı var”.

Q. Bayramlı onu da vurğuladı ki, hazırda Rusiyanın kənd təsərrüatı sahəsində yaşanan problemlər fonunda bu ölkənin kənardan gətirilən həmin məhsullara tələbatı daha da artır. Ona görə də Azərbaycan fermerləri yaranmış bu əlverişli fürsətdən də istifadə etməlidirlər: “Bilirsiniz ki, son zamanlar Rusiyanın kənd təsərrüfatı sahəsində də müəyyən problemlər yaşanır. Bu ölkə əvvəlki tək meyvə-tərəvəzin geniş çeşiddə istehsalını həyata keçirə bilmir. Ona görə də Rusiya Azərbaycan fermerlərinin öz məhsullarını realizə etmələri üçün böyük bazardır. Ancaq burada bir sıra məqamlara diqqət yetirmək lazımdır. Azərbaycan fermerləri kifayət qədər məhsul yetişdirsə də, bir sıra hallarda həmin məhsulları Rusiya bazarlarına çıxarmaqda problemlərlə üzləşirlər. Ona görə də onların Rusiya bazarlarına çıxış imkanları asanlaşdırılmalıdır. Bu istiqamətdə mövcud olan prosedurları sadələşdirmək lazımdır.

Düşünürəm ki, kiçik və orta sahibkarların bu istiqamətdə Rusiya bazarlarına məhsul çıxarmalarına kömək edilsə, həmin bazara ixrac üçün istehsal edilən kənd təsərrüfatı məhsulları istehsalını ən azından iki qat artıra bilərik. Ölkəmizdə son dövrlər baş verən islahatlar fonunda məhsulların çeşidi və istehsalı prosesində irəliləyişlər gözə dəyir. Həmin məhsulların xeyli hissəsini ölkə xaricindəki bazarlara göndərəmək imkanımız var. Azərbaycanla Rusiya arasında olan əlaqələrin yüksək səviyyədə olması, dil probleminin olmaması, fermerlərimizin şimal ölkəsindəki vəziyyəti yaxşı bilmələri də bu istiqamətdə sahibkarlara ölverişli üstünlüklər yaradır. Rusiyada yaşayan bir çox azərbaycanlılar da bu işdə iştirak edir. Ona gödə də Rusiya bazarlarına diqqəti daha da artırmalıyıq”.

Həmsöhbətimizin fikrincə, Rusiyaya ərzaq və kənd təsərrüfatı məhsulları satışının artımına nail olmaq üçün bu ölkədəki bazarların coğrafiyasını da genişləndirməliyik: “Həmin ölkədəki bazar araşdırmalarını daha da genişləndirməliyik. Məhsullarımız indilikdə başlıca olaraq Rusiyanın böyük şəhərlərinə göndərilir. Amma Rusiyanın çoxsaylı orta və kiçik şəhərləri var ki, həmin yerlərə də geniş çeşdli məhsul göndərilməsini həyata keçirməliyik. Yəni bazarın coğrafiyasını genişləndirməliyik. Bunun üçün də orada yaşayan soydaşlarımızla əlaqələri artırmalıyıq. Digər tərəfdən, Rusiyada təşkil olunan kənd təsərrüfatı sərgilərinə daha çox qatılmalıyıq. Yəni tanıtım istiqamətində ciddi işləməliyik. Fermerlərin öz məhsullarını saxlamaları üçün müəyəyn dərəcədə saxlama kameraları olsa da, onun sayını daha da artırmalıyıq. Həmçinin bu istiqamətdə qiymətləri aşağı salmalıyıq ki, fermerlər üçün əlverişli olsun. Əksər ölkələrdə Azərbaycan İxracatçılar Birliyi yaradıb.  Ancaq onların fəaliyyəti elə də effektiv deyil. Bu effektivliyi artırmalıyıq ki, həmin birliklər fermerlərə ixrac prosesində əsaslı kömək edə bilsinlər. Bütün bunlar həyata keçərsə, Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını ən azından iki dəfəyə qədər artıra bilərik”.

Rüfət NADİROĞLU