Beynəlxalq təhlükəsizlik uğrunda mübarizədə Azərbaycanın rolu artır

14 İyun 2019 08:50 (UTC+04:00)

Bu günlərdə paytaxtımızda keçirilmiş “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı beynəlxalq təhlükəsizlik yolunda yeni fəaliyyətin əsasını qoyub. Aımaniya, Türkiyə və Azərbaycan parlamentarilərinin təşəbbüsü ilə yaradılmış Platforma yeni siyasi innovasiya layihələrinin reallığa çevrilməsi üçün ciddi əsas yaradacaq. Konfransda çıxış edən Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman deyib: “Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır”. Alman siyasi xadimin bu sözlərinin tarixi kökü var. Vaxtilə ölkəmizə gələn alman xalqının bir qrup nümayəndəsi yerli xalqın xoş münasibəti müqabilində burada məskən salıb, mühitə və adət-ənənəyə uğurla inteqrasiya edərək tam hüquqlu vətəndaşlara çevriliblər. Hətta ikinci dünya müharibəsində sovet qoşunlarına əsir düşən almanların müəyyən hissəsinin Azərbaycanda yerləşdirilməısi də xalqlar arasında nifaq salmayıb, əksinə arada dostluq və mehriban birgəyaşayışın yüksək prinsiplərinə uyğun  münasibət formalaşıb. Bir sözlə, almanlar azərbaycanlıların multikultural və multikonfessial dəyərlərin daşıyıcıları olmalarına təcrübədə əmindirlər. Bəlkə də bu əminliyin ifadəsidir ki, bu gün dialoq və təhlükəsizlik uğrunda Azərbaycan siyasiləri ilə birgə mübarizə yoluna çıxmağı məqsədəuyğun sayıblar.

Yeni ictimai-siyasi birliyin Bakıda təsis edilməsi də təsadüfi deyil. Azərbaycan paytaxtı son 16 ildə çoxsaylı siyasi, ictimai və mədəni, eyni zamanda sülhü təbliğ və təşviq edən beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həlledici məqam isə odur ki, Azərbaycan həm də təşəbbüskar rolunda çıxış edir. Bu çox mühüm amildir. Yəni, bizim məramımız və yolumuz sülhə söykənir. Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər il iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.

“Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması” indiki dövrdə ciddi əhəmiyyətə malikdir. Belə ki, təsisçilərdən ikisi-Azərbaycan Ermənistanın işğalından, Türkiyə isə bilavasitə qonşuluğunda baş alıb gedən dağıdıcı müharibədən əziyyət çəkir. Xalqları və dövlətləri onların təmsilçisi olan parlament simasında sülhə dəvət etmək indi heç vaxt olmadığı qədər vacibdir. Çünki, 26 ildir ki, Azərbaycan işğalın aradan qaldırılması üçün səy göstərir. Ölkə rəhbərliyinin siyasi və iqtisadi, hərbi və mənəvi sahədə fəaliyyəti buna yönəlib. Ona görə ki, işğal faktoru həmişə yolverilməz olub və müasir inkişaf səviyyəsi, habelə beynəlxalq hüquq bu faktı rədd edir. Dinc yanaşı yaşamağın ən ümdə məsələsi dövlətin malik olduğu atributlara qarşılıqlı hörmət bəsləməkdir. Buna görə də Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması təhlükəsizliyə ən ciddi təhdiddir. Bu səbəbdən Cənubi Qafqaz regionu müharibənin hər an alovlana biləcəyi siyahıda öndə qərarlaşıb. Görünür, üç ölkənin parlament qruplarının belə bir təşəbbüsdə bulunmasının başlıca səbəblərindən biri də budur.

Bundan əlavə Azərbaycanın və Qarabağ münaqişəsinin həllində öhdəsinə ciddi rol götürmüş Minsk qrupunun səyləri ilə nəhayət Ermənistan yenidən danışıqlar dtolu ətrafında oturdulub. Ortada əsaslı bir irəliləyiş olmasa da, gələcək üçün xalqların sülhə hazırlanması üzrə müəyyən çağırışlar var. Bu istiqamətdə iş aparmaq üçün Platforma zəngin resurslara malikdir. Belə ki, onun qapıları dünyanın bütün ölkələrinin parlamentlərinə açıqdır. Yaxın aylarda yeni təhlükəsizlik Platformasına qoşulanların sayının sürətlə artacağı tamamilə gözləniləndir. Bu isə təcavüzkara öz təcavüzkar rolundan imtina etməsi üçün güclü təsir vasitəsi ola bilər və ümumiyyətlə, təcavüzkara kömək edən siyasi və iqtisadi təşkilatlara da ağıllı yol seçməkdə kömək edər. Bu yaxınlarda Fransa inzibati məhkəmələri tərəfindən beynəlxalq hüquqa zidd və Azərbaycanın ərazi bütövlüyünə təhdid olan bir neçə fransız şəhərlərinin bələdiyyələri ilə “DQR” arasında bağlanmış “xartiya”ların ləğv edilməsi bu yolda hüquqi presedent yaradıb. İşğalçı bundan dərs götürməlidir və xalqların sülhə hazırlanması məsələsində bu çox vacib amildir.

N.NOVRUZ