Nazirlərin Qəbələ görüşü Ermənistanda böyük ajiotaj yaratdı

14 İyun 2019 09:25 (UTC+04:00)

 

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə sahəsində imzaladıqları müqavilələrin yaxın gələcəkdə nəticələrini görəcəyik. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.  

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində üç ölkənin müdafiə nazirlərinin görüşü baş tutub.  Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, Türkiyə müdafiə naziri üç ölkə arasında hərbi sahədə bağlanan müqavilələrin yaxın gələcəkdə nəticə verəcəyini deməklə 3 başlıca amilin gerçəkləşəcəyini nəzərdə tutub: “Əslində, burada söhbət Türkiyənin Gürcüstanla bağlı üzərinə götürdüyü öhdəliklərdən söhbət gedir. Ankara Tiflisin tezliklə NATO üzvü olması üçün nə lazımdır edəcək.

Burada ikinci məqam isə ondan ibarətdir ki, Gürcüstan bundan sonra Azərbaycanla Türkiyə arasında birgə təlimlərə qatılmala bağlı qərar qəbul edib. İndiyə qədər Tiflis ancaq təlimlər keçiriləndə ona qatılırdı. Amma bundan sonra Azərbaycanla Türkiyənin keçirəcəyi hərbi təlimlərə Gürcüstan tərəfi də birbaşa qatılacaq. Üç ölkə arasında hərbi sahədə bağlanan müqavilələrdən yaxın gələcəkdə görə biləcəyimiz üçüncü əsas nəticəsi isə  odur ki, Türkiyə həm Gürcüstan, həm də Azərbaycanın işğal altında olan ərazilərilə bağlı məsələlərin gündəmə gəlməsini planlaşdırır. Ankara NATO üzvü olan dövlətlərdən bu məsələlərin həllilə bağlı praktik addımlar atılmasında öz səylərini əsirgəməyəcək.

Hulusi Akar üç ölkə arasında imzalanan hərbi müqavilələrin nəticələri barədə danışarkən onun məhz bu üç aspektdə tez bir zamanda nəticə verəcəyinə işarə edib. Azərbaycan müdafiə naziri də bəyan etdi ki, Bakı ilə Ankara Tiflisi də prosesə dəvət ediblər. Gürcüstan prinsip etibarı ilə buna hazırdır. Gürcüstan NATO-ya üzv olmaq üçün bu günə qədər mühüm addımlar atıb.

ABŞ-da prezident Donald Trampla Gürcüstanın baş naziri arasındakı görüşdə də bu fikirlər səsləndirildi. Adətən NATO-da belə bir qayda hökm sürür ki, tərəflər hər hansı bir geniş rezonans doğura biləcək fikri ictimailəşdirəndə onu əvvəlcədən razılaşdırırlar. Həm baş katib Yens Stoltenberqin Ukrayna və Gürcüstanla bağlı, həm də Türkiyənin Tiflislə bağlı səsləndirdiyi fikirlər prinsip etibarı ilə birmənalı olaraq NATO-ya üzv ölkələrin hamısının birmənalı mövqeyidir”.

Ankara, Bakı və Tiflis arasında imzalanan hərbi sazişlərin tərəflərə verəcəyi üstünlüklərə gəldikdə, həmsöhbətimiz bildirdi ki, bu razılaşmalar həmin 3 ölkə ordusunun daha çox təlimlərdə birgə hazırlıq keçmələrinə gətirib çıxaracaq: “Bilirsiniz ki, Azərbaycan hərbi helikopterləri Türkiyənin Konya əyalətində təlimlərdə iştirak etdi.  4 vertolyotumuz tam heyətlə bu təlimlərə qoşuldu. Praktik nəticə ondan ibarətdir ki, həmin təlimlərdə real şəraitə uyğun ssenarilər işlənib hazırlandı və döyüş şəraitinə uyğun ssenarilərin işğal olunmuş ərazilərdə hələlik nəzəri, gələcəkdə isə praktik baxımdan tətbiqi istiqamətində işlərin gedəcəyi anlamına gəldi”.

Ü. Cəfərov qeyd etdi ki, üç ölkə arasında hərbi sazədə imzalanan müqavilələr İrəvanı həddən artıq dərəcədə narahat edib: “Ermənistan üç dövlətin birləşməsindən əndişələnir. Ona görə də İrəvan işğal altında saxladığı ərazilərlə bağlı ciddi qərarlar verməli, beynəlxalq hüquqa riayət etməlidir. Türkiyə hər zaman olduğu kimi Azərbaycana dəstək olacaq. Qarabağda başlana biləcək antiterror əməliyyatlarında Ankara ən azından Bakıya dəstək verəcəyini üzərinə götürüb. Bu da ciddi bir faktordur. O cümlədən Naxçıvanda keçirilən təlimlər zamanı Türkiyə və Azərbaycan müdafiə nazirləri tərəfindən də anoloji fikirlər səsləndi. Türkiyə və Azərbaycan arasındakı birgə hərbi təlimlər təkcə təlimlər keçirmək xatirinə edilmir, həmçinin ölkələrin enerji resursları, o cümlədən ərazi bütövlüyülə ağlı məsələlərin həllində də tətbiq olunacaq. Yəni yaxın zamanlarda Azərbaycan Dağlıq Qarabağda hər hansı bir antiterror əməliyaytına başlasa, Türkiyə də ona dəstək verəcək”.

Erməni hərbi ekspert Taron Ovanisyan isə bu xüsusda qeyd edir: “Ümid edirik ki, Gürcüstan Türkiyə və Azərbaycanın ortaq təlimlərində iştirak etməyəcək. Gürcüstan əvvəllər də Türkiyə və Azərbaycanın təlimlərində iştirak edib. Bu təlimlər xüsusi təyinatlı qüvvələr üçün olub, amma energetika infrastrukturunun təhlükəsizliyinin təmininə hədəflənən təlimlər də keçirilib. Bu, məntiqlidir, çünki Azərbaycandan Türkiyəyə gedən neft kəmərləri Gürcüstandan keçir. İndiki məqamda Gürcüstanın hansı təlimdə iştirak edəcəyini və burada hansı ssenarinin əsas götürüləcəyini müəyyən etmək çətindir. Yəqin ki, söhbət daha böyük təlimdən gedir. Ümid edirəm ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək. Amma etsə, bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir, regionda mövqeyimizi daha da zəiflədir”.

 

Rüfət NADİROĞLU