Xaricdən təkər almağa ehtiyac qalmayacaq

15 İyun 2019 09:45 (UTC+04:00)

Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər.  Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib. Onun sözlərinə görə, bununla bağlı tərəflər danışıqlar aparır: "Birgə istehsalın təşkil edilməsinə dair danışıqlar ilkin mərhələdədir. Texniki-iqtisadi əsaslandırma aparılır. Bundan sonra lazım olan investisiyanın məbləği dəqiqləşəcək". 

Xatrladaq ki, 2017-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr 300 milyon dollar məbləğində gözlənilir. Layihədə pay iştirakı CNEEC – 90%, Azərbaycan İnvestisiya Şirkəti – 10% nəzərdə tutulur. Zavodun istehsal gücü illik 3,3 milyon  avtomobil şin təşkil edəcək. Bunlardan 3 mln-u minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. 

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, şin zavodunun işə başlaması ilə Azərbaycanın iqtisadi potensialı daha da güclənəcək: “Ümumiyyətlə, Azərbaycanda şin istehsalı ənənəsi var. Bundan ötrü ölkəmizdə kifayət qədər xammal da mövcuddur. 

Azərbaycan neft ölkəsidir və neftin əlavə məhsulları kimi şin istehsalında da istifadə oluna biləcək ehtiyatlara maliyik. Digər tərəfdən Çin iqtisadiyyatı sürətlə inkişaf edən dünyanın ən güclü dövlətlərindən biridir. Belədə Çin kimi dövlətlə əməkdaşlıq etmək hər zaman Azərbaycana divident gətirir. Bu mənada tikiləcək şin zavodu da ölkəmizə dividentlər verəcək. Yeni bir istehsal sahəsinin açıqlması Azərbaycanın iqtisadi potensialının daha da güclənməsi anlamına gəlir.

Bununla yanaşı, həmin zavodun tikintisi yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, əmək haqlarının artması və həmin istehsal olunan şin məhsulunun ölkə daxilində qiymətinin aşağı düşməsilə əhali üçün daha əlçatan olması kimi müsbət proseslərə gətirib çıxaracaq. Bu addım həmçinin, indiyə qədər şin alınmasına sərf edilən vəsaitlərin ölkə daxilində qalması anlamına gələcək. Azərbaycanda bu mənada yeni zavodun açılması və Çin kimi güclü dövlətlə birgə əməkdaşlıq şübhəsiz ki, ölkə iqtisadiyyatımıza müsbət təsir edəcək. Yəqin ki, gələcək perspektivdə bu layihə təkcə Azərbaycan bazarı ilə kifayətlənməyəcək. Gələcəkdə, region ölkələri, hətta uzaq dövlətlərin bazarları üçün nəzərdə tutulan layihəyə çevriləcək. Bu fonda da şübhəsiz ki, ölkəmizə əlavə valyuta axınının gəlməsi baş verəcək”. 

İqtisadçı ekspert Ruslan Atakişiyev qeyd etdi ki, Çinlə birgə şin istehsalına başlanılması ilə Azərbaycanın ixrac qabiliyyəti də artacaq: “Ümumiyyətlə, Azərbaycanın Çinlə iqtisadi əlaqələri getdikcə daha da güclənir. Son dövrlər də görürük ki, həm dövlət, həm də özəl sektorlarımızın alışlarında Çin məhsulları mühüm yer tutur. Bu mənada

Çinlə birlikdə şin zavodunun tikilməsi Azərbaycanın həmin istiqamətdə ixrac qabiliyyətinin artırılmasında mühüm addım olacaq. Düşünürəm ki, zavodun tikintisində başlıca məqsəd də məhz ixraca hesablanıb.

Məsələ ondan ibarətdir ki, bu tip zavodlar, böyük sərmayə qoyuluşları ixrac prosesi nəzərə alınmadıqda əksər halalrda effektiv olmur. Ona görə də şin zavodunun tikilməsində əsas məqsədlərdən biri də onu ixraca yönəltməkdir. Sözsüz ki, zavodun işə salınması daxili bazarda da yerli məhsulların realizə olunmasına gətirib çıxaracaq. Bilirsiniz ki, son zamanlar Azərbaycanın avtomobil bazarında Çin avtomobillərinin sayı da getdikdə artmaqdadır.Ona görə də hesab edirəm ki, şin zavodunun tikintisi Azərbaycanda ölkə istehsalının inkişafına yönəlik aparılan işlərin davamıdır. Şin zavonun işə düşməsilə əlavə iş yerləri də yaranacaq. Deməli, bu zavod həm də yeni iş yerlərinin açılmasına təsir edəcək”.

R. SOLTANOV