"Bu gün Azərbaycan güclü bir dövlətə çevrilib"- Politoloq

14 İyun 2019 15:11 (UTC+04:00)

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Bu fikirləri politoloq Ramiz Alıyev açıqlamasında bildirib.

Politoloq bildirib ki, iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Ümummilli Lider böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz parçalanmaq, dağılmaq təhlükəsindən xilas oldu, böyük inkişaf yoluna çıxdı, Azərbaycan qısa zamanda iqtisadi sabitliyə və inkişafa qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin bütün həyatını, fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, doğma xalqın xoşbəxtliyinə həsr etdiyini deyən politoloq qeyd edib ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir. Bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi süquta uğratmaq planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmini, dünya birliyində layiqli yer tutması məhz Ulu Öndərin yenilməz iradəsi, böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib.

R.Alıyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu dövr ərzində ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.