Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Şəkidə vətəndaşları qəbul edib

14 İyun 2019 16:00 (UTC+04:00)

İyunun 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Şəki şəhərində vətəndaşları qəbul edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Şəki və Oğuz sakinləri ilə yanaşı, bu rayonlarda məskunlaşmış qaçqınlar və məcburi köçkünlər iştirak ediblər.

DİM-in Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Görüşdə əsasən umumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri, ali təhsil müəssisələrinə qəbul imtahanları, subbakalavrların ali məktəblərə qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və digər məsələlərlə əlaqədar rəhbər şəxslərə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Namiq Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.