Paytaxtda oğurluğa görə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

17 İyun 2019 15:55 (UTC+04:00)

Bakıda oğurluq etməkdə təqsirləndirilən İbrahim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinin istintaq bölməsində araşdırılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

İ.Əlizadə Cinayət Məcəlləsinin 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham edilir.

O, paytaxtın Nərimanov və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

İ.Əlizadənin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.