Nağd ödənişdən imtina müşkülə çevrilib

19 İyun 2019 09:35 (UTC+04:00)

Azərbaycanda uzun müddətdir ki, alış-verişdə nağdsız ödənişlərin sürətləndirilməsi məsələsi gündəmdə olsa da, hələ bu proses istənilən səviyyədə deyil.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, nağdsız ödənişlərin geniş vüsət alması üçün ilk növbədə insanların davranış qaydalarında dəyişikliklər olmalıdır: “Əslində, nağdsız  ödənişlərin davranış qaydalarına oturuşması üçün müəyyən addımlar atılmalıdır. Düzdür, bu fonda infrastrukturla bağlı da hələ ki, bir sıra problemlər qalmaqdadır. Pos-terminalların quraşdırılması, onların daim onlayn işləməsi də problemlidir. Bir çox hallarda hətta işlək olmur. Amma başlıcası vətəndaşların davranış qaydalarında müəyyən dəyişiklik etmək lazımdır ki, məsələ öz həllini tapsın və nağdsız  ödənişlər prosesdə daha ciddi rol oynasın. İndilikdə isə bir sıra hallarda qəribə mənzərələr yaranır. İnsanlar maaş, pensiya alan günü bankomatlar qarşısında böyük növbələr olur. Amma həmin anda bankomatlardan çıxardıqları pula yaxınlıqdakı marketə gedərək bazarlıq edirlər. Halbuki həmin kartla elə marketdə alış-veriş edərkən ödəniş də etmək mümkündür».

N. Cəfərlinin fikrincə, davranış qaydalarının dəyişməsi isə təşviq proqramlarından keçir: “Yəni prosesdə əsas rolu məhz təşviqat oynamalıdır. Ona görə də ilk olaraq təşviq proqramları ciddi şəkildə qəbul edilməlidir ki, burada insanların da marağı yaransın. Təşviq proqramlarından biri də onlayn qaydada, yəni kartla ödənilən özəl kassa çeklərinin avtomatik olaraq lotereya biletinə çevrilməsi qaydasıdır. Bu istiqamətdə qayda qəbul etmək olar. Vergilər, Maliyyə və İqtisadiyyat nazirlikləri birgə lyihə həyata keçirib bank kartları ilə ödəniş olarkən toplanılan çeklər hesabına ayda bir dəfə uduşlu böyük bir lotereya oyunu keçirilə bilər. Bu lotereyada bahalı hədiyyələr qoyula bilər ki, insanlarda maraq yaransın. O zaman vətəndaşlar da nağdsız ödənişlərə geniş maraq göstərəcəklər. Bu, həmçinin ticarət dövriyyəsinin şəffaf olması, vergilərin artması yolunda əsas amilə də çevrilə bilər. Təşviq olmasa, insanların davranış qaydalarında dəyişiklik olmasa, inzibati yollarla bu məsələdə dönüş yaratmaq çox çətindir. Ona görə də inzibati yollardan daha çox təşviq proqramlarına üstünlük verməliyik”.

Bu günlərdə isə Vergilər naziri Mikayıl Cabbarov məsələ iləbağıl maraqlı açıqlamaldar verib: "Mövcud qanunvericilik ticarət və ictimai iaşə obyektlərində Pos-terminallar vasitəsilə ödənişlərdən imtina faktına görə məsuliyyət tədbirləri nəzərədə tutmur".  Onun sözlərinə görə, nağdsız ödənişlərin qəbulunda imtinaya görə Azərbaycanda məsuliyyət müəyyən edilməyib. “Bu isə bəzi vergi ödəyicilərinə sizin tərəfinizdən haqlı qeyd olunduğu kimi müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxşı edib. Lakin qurumlararası razılaşma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə - Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır təbii olaraq biz həmin qanun layihəsini yenidən təqdim etməyə hazırıq", - deyə nazir bildirib. 

Rüfət NADİROĞLU