Ermənistanda vəziyyət yenə “rusca”dır

19 İyun 2019 09:36 (UTC+04:00)

 

Ötən il Ermənistan inqilab adı ilə dəyişiklik dövrünə qədəm qoysa da, il ərzində vəzifə dəyişikliyindən başqa cəmiyyət hər hansı köklü dəyişikliyi hiss etməyib. Bunun əvəzində ölkədə xaos və

başıpozuqluq daha da artıb.

İndi Paşinyana görə gecəni küçələrdə keçirmiş insanlar özlərinə sual verirlər: “Axı, nə üçün? Yəni nə üçün mən küçələrdə gecələyib Paşinyana səs vermişəm?! Axı, mənim günüm elə əvvəlki kimi keçir”. Təbii ki, bu suallar verdiyi vədləri yerinə yetirə bilməyən baş nazirə ünvanlanıb. Vəziyyət elədir ki, əhali məsuliyyət daşıyanlardan hər an hesabat tələb edə bilər. İndi məsuliyyət daşıyanlar isə yaxşı bilirlər ki, qısa müddətdə situasiyanı dəyişmək imkanları yoxdur. Buna görə də məsuliyyətdən qaçmağı ən optimal yol sayırlar.

Bu günlərdə İrəvanda qurultayını keçirən Nikol Paşinyanın “Mənim addımım” partiyasının ali məclisi də gələcək “inkişafı” üçün bu yolu seçib. N.Paşinyan partiyanı birbaşa deyil, səhnə arxasından idarə etməyi qərara alıb. O, sədrlikdən imtina edib. Bu isə məsuliyyətdən qaçmaq üçün dəbdə olan bir tryukdur. Qərarları Paşinyan verəcək, məsuliyyəti isə partiyanın yeni sədri daşıyacaq. Çünki “Mənim addımım” son bir il ərzində hakim partiya qismində həm daxili, həm də xarici siyasətdə o qədər ciddi səhvlər buraxıb ki, aləm qarışıb bir-birinə, ölkə siyasəti xaosa dönüb. 

“Milli gündəlik” partiyasının təsisçi qrupunun üzvü Ara Qasparyan mövcud siyasi derumla bağlı jurnalistlərə bildirib ki, Ermənistanın geopolitik mərkəzlərlə münasibətləri qeyri-müəyyən vəziyyətə düşüb: “Xarici münasibətlər nəinki həll olunmayıb, hətta daha da pisləşib. Bu gün bizim Rusiya, İran, ABŞ, Avropa İttifaqı ilə münasibətlərimiz qeyri-müəyyəndir. Xarici siyasət sahəsində biz qeyri-müəyyən münasibətlərə malikik. Rusiya-Amerika münasibətləri gərginləşib, amma bunun fonunda biz özümüzü necə aparmağı bilmirik”. Siyasətçinin fikrincə, Paşinyan hökumətinin apardığı struktur dəyişiklikləri inzibatı sistemin səmərəliliyini artırmayıb, əksinə, supernazirliklər yaradılıb və indi nazirlikləron idarəetməsində problem yaşanır. Qasparyan qeyd edib ki, məhkəmə sisteminin islahatı sahəsində hökumətin aydın konsepsiyası yoxdur. 

Siyasi texnoloq Armen Badalyan da Paşinyan və “Mənim addımım” partiyasını tənqid edərək deyib: “Ola bilsin, belə yanaşma baş nazirin demokratiya haqda rəyini təqdim edir. Lakin hamıya məlumdur ki, partiyada bütün qərarları o qəbul edir. Parlament sistemi ilə idarə olunan bütün ölkələrdə baş nazir hakim partiyaya rəhbərlik edir. Bizdə də belə olsa, daha məntiqli olar”.

Göründüyü kimi, Paşinyanın demokratiya imitasiyası cəmiyyətin gözündən qaçmayıb və bütün bəlalar da məhz bu ölkədə hər şeyin imitasiya olunması böyük bəladır. Zəngin demokratik ənənələrə malik ölkələrdə dəqiq partiyadaxili dəyərlər, lobbist qruplar və digər “atributlar” olmalıdır.

Ermənistanda məhz bunlar yoxdur. Erməni ekspertlərin fikrincə, Paşinyanın partiyası  dəqiq ideoloji istiqamətdən məhrumdur.

Qurultayda Paşinyan ideoloji kasadlığı ört-basdır etmək üçün özündən ibarələr qoşuaraq deyib ki, müasir dünyada stereotip ideologiya yoxdur: “Siyasi düşncə tərzinə görə onlar (Paşinyan və partiyadaşları-müəl.) nə liberal, nə mərkəzçi, nə də sosial-demokratdırlar. “Vətəndaş müqaviləsi” bu istisna olaraq vətəndaş partiyasıdır”. Amma bu anlamda hələ ki, Paşinyanın partiyası vətəndaşlar üçün konkret bir iş görməyiblər. “Halva-halva deməklə ağız şirin olmur”. Ermənistan hökuməti inqilab adı ilə diletantizmin ən yüksək mərtəbəsinə yüksəlib. Paşinyanın fəaliyyəti dövlət qurumlarını qarşı-qarşıya qoymaqdır. Başqa sözlə, iş, siyasət əvəzinə o, fitnə-fəsad törədir. Buna görə də Ermənistanda vəziyyət getdikcə gərginləşir.

Bir sözlə, ideologiyasız partiya vəzifəpərəstlərin birliyindən baqa bir şey deyil. Bir neçə ay bundan qabaq Paşinyan özü etiraf etmişdi ki, ətrafında olanlardan bəziləri vəzifə kürsüsünə oturandan sonra bu imtahana tab gətirməyərək “sınıblar”. Ancaq baş verənlər göstərir ki, Paşinyanın özü də bu sıradan geri qalmır.  

N.NOVRUZ