Ölkənin baş pediatrı:" “Corona” virusuna görə peyvəndləmə aparmağa ehtiyac yoxdur"

16 May 2013 13:01 (UTC+04:00)

"Azərbaycanda "Corona" virusuna görə peyvəndləmə aparmağa ehtiyac yoxdur. Bu qripə qarşı vaksinin peyvənd təqviminə daxil edilməməsinin səsəbi bu vaksinin müvəqqəti təsirini saxlamasından irəli gəlir" Bu sözləri Movqe.az-a ölkənin baş pediatrı Nəsib Quliyev söyləyib. N. Quliyev deyir ki, mövsümi qripə qarşı vaksin ona görə aparılmır ki, hər dəfə yayılan qrip virusunun növləri ayrı olur: " Tutaq ki, uşaqlar arasında qripin bu növünə qarşı vaksin vuruldu. Az keçməmiş qripin başqa növü yayılır. Qripin növləri dəyişdikcə gərək vaksin də dəyişsin. Ona görə də, peyvəndləmə təqviminə uzun müddət təsirini saxlayan vaksinlər daxil edilir. Müvəqqəti təsirli vaksinlər dünyanın inkişaf etmiş ölkələrində də aparılmır".

 Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ərəb Əmirliyi, Qətər və Səudiyyə Ərəbistanına yayılan "Corona" adlı virus indi də Avropanı sarıb. Dünya saytlarının məlumatına görə, bu virusdan ölənlərin sayı artmaqda davam edir. Xəstəliyə səbəb olan virusun yarasalardakı virusla əlaqəsi olduğu güman edilir. "Corona" adlandırılan həmin virus insanlarda qrip, bir müddət sonra isə böyrək çatışmazlığına yol açır. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi el Asha vilayətində bu virusundan ölənlərin sayının doqquz nəfərə çatdığını bildirib. Ölkədə keçən yazdan bu yana 24 nəfərdə "Corona" virusu aşkar edilib və onlardan 15 nəfəri dünyasını dəyişib. Virus 2012-ci ilin sentyabrından bu günə qədər Səudiyyə Ərəbistanı, Qətər, Almaniya, İngiltərə və Fransada 33 nəfərə yoluxub və 18 nəfərin ölümünə səbəb olub. Virusa tutulan insanların 24-94 yaş aralarında və əksəriyyətinin də kişilər olduğu bildirilir. Qeyd edək ki, bu virus 2003-cü ildə Asiyada yayılmış SARS virusu ilə eyni kökdəndir. Həmin virus 800 nəfərin həyatına son qoyub.