Vüqar Rəhimzadə: Prezidentin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir

19 İyun 2019 17:49 (UTC+04:00)

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu fikri bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Bu gün Azərbaycanın dünyaya səs salan və yüksək səviyyədə təqdir olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Təbii ki, bu uğurlara yol açan əsas amil təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq, Azərbaycan bu gün beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi, ən əsası, sosial siyasətin əsas tərkib hissəsi olaraq əməkhaqqı və pensiyaların mütəmadi olaraq artırılması bir daha bu reallığa əsas verir ki, ölkəsinin davamlı inkişafı, xalqının yüksək rifahı üçün çalışan ölkə Prezidentinə xalqın dəstəyi, etimadı böyükdür. İlin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirilən “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” əminliyi də məhz cari ilin arxada qalan aylarında atılan addımlara, həyata keçirilən təkmil islahatlara, dövlətimizin başçısının əhalinin rifahına ciddi dəstək olan yeni sosial paketinə əsaslanır”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sosial sahədə dərinləşən islahatlara, dövlətimizin başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən illərdən başlanan sosial, xüsusilə əməkhaqqının artırılması ilə bağlı islahatlar gündən-günə dərinləşir: “Belə ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olundu. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırıldı. Ölkə Prezidentinin sosial siyasət sahəsində cari ilin əvvəlindən atdığı addımlar da davamlılığı ilə diqqət çəkir. Belə ki, Prezidentimizin təqdim etdiyi müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları, xüsusilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumilikdə cari ilin əvvəllərində həyata keçirilən sosial islahatlar paketi 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. Prezident İlham Əliyevin bu günlərdə, daha dəqiq desək, iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının, ilk növbədə, əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini vermişdi. Hər vədini konkret əməli işi ilə təsdiqləyən Prezident “neft kapitalını insan kapitalına çevirək” tezisini də irəli sürərkən bu məqamı xüsusi qeyd edib ki, burada söhbət təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır”.

V.Rəhimzadə diqqətə çatdırıb ki, bu addımlar ölkəmizin davamlı iqtisadi inkişafına söykənir: “Dövlətimizin başçısının təqdim etdiyi yeni sosial paket əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir”.

Baş redaktor onu da əlavə edib ki, atılan bu kimi addımlar bir daha təsdiqləyir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən müstəqil Azərbaycan Respublikası öz vətəndaşının yüksək rifahının təminatçısıdır: “Prezidentimizin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Hər zaman vətəndaşının yanında olan, onun qayğısı ilə yaxından maraqlanan, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsinin onda böyük ruh yüksəkliyi yaratdığını bəyan edən dövlətimizin başçısına milyonların sevgisi şəksizdir, etimadı tükənməzdir.

Dövlət o zaman güclü, qüdrətli, xalq o zaman xoşbəxt olur ki, onun bu gününü, sabahını düşünən Prezidenti var. Prezident İlham Əliyevin son 15 ildən artıq dövrdə gördüyü işlər, atdığı addımlar onun 2003-cü ildə KİV nümayəndələrinə ilk müsahibəsində dediyi “Əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” fikirlərinin təsdiqidir.