“Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresə həsr olunmuş mətbuat konfransı keçirilib

16 May 2013 15:17 (UTC+04:00)

Sabah Bakıda başlayacaq "Bakı Ürək Günləri" 3-cü Beynəlxalq Konqresə həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Mövqe.az-ın xəbərinə görə, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev bildirib ki, mayın 17-19-da təşkil olunacaq konqres Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunub. Onun sözlərinə görə, 40-a yaxın ölkənin kardioloq və kardiocərrahlarının iştirak edəcəyi konqresin əsas məqsədi ölkədə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir: "Bu gün Azərbaycanda kardiologiya və kardiocərrahiyyə inkişaf edir. Belə tədbirlər vasitəsilə mütəxəssislərin, tanınmış cərrahların təcrübəsi qarşılıqlı şəkildə öyrənilir və gələcək fəaliyyətlərində tətbiq edilir".

 

K. Musayev qeyd edib ki, konqres çərçivəsində gənc mütəxəssislərin praktik biliklərini artırılması məqsədilə WET-LAB adlanan xüsusi bir sessiya təşkil olunacaq. Onun sözlərinə görə, ürəyin cərrahi anatomiyası mövzusuna həs olunan praktik məşğələdə heyvan ürəkləri üzərində xarici ölkələrdən dəvət olunan mütəxəssislər tərəfindən əməliyyat aparılacaq və bu əməliyyat gənc mütəxəssislər üçün faydalı olacaq.

 

Mətbuat konfransında İspaniyanın Barselona Universitetinin professoru Karlos Mestres və Yaponiyanın Sonoda Hospitalının ürək-damar cərrahı İsamu Kavase də tədbir və Azərbaycanın mövcud sahədə əldə etdiyi uğurlardan danışıblar.

 

Qeyd edək ki, AÜDCC 9-11 may 2009-cu il tarixdə 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə "Bakı Ürək Günləri" 1-ci Beynəlxalq Konqresi, 13-15 may 2011-ci il tarixdə isə 26 xarici ölkə nümayəndəsinin iştirakı ilə "Bakı Ürək Günləri" 2-ci Beynəlxalq Konqresi həyata keçirib.