"184" saylı marşurutda qiymət artımına aydınlıq gətirildi

16 May 2013 15:50 (UTC+04:00)

"184" saylı marşurutda qiymətin 5 qəpik artması sərnişinlərin narazılığına səbəb olub. Sərnişinlərin Movqe.az-a verdiyi məlumata görə, gediş haqqı 20 qəpik olan 184 saylı avtobusda (Əmircan-Nərimanov) bu gündən gediş haqqı 25 qəpik olub. Bu barədə 184 saylı marşurutda xidmət göstərən avtobusların salonuna yeni qiyməti əks etdirən cədvəl də vurulub. Məsələ ilə bağlı öncə "Bakısərnişinnəqliyyatı" MMC-ə müraciət etdik. Buradan bizə təsdiqlədilər ki, 184 saylı xətdə qiymət may ayının 1-dən etibarən 25 qəpik olub. Tarif Şurasından da bizə təsdiqlədilər ki, həqiqətən də 184 saylı marşurutda gediş haqqı 25 qəpikdir. Buna səbəb bu marşurutun q ət etdiyi məsafədir. Həmin məsafəyə uyğun olaraq qiymət 25 qəpik müəyyənləşib. Məlumat sayta qoyulduqdan sonra "Bakısərnişinnəqliyyatı" MMC-dən redaksiyamızla əlaqə saxlayaraq bildirdilər ki, 184 saylı marşurutda gediş haqqı bir necə ildir ki, 25 olaraq müəyyənləşib. Sadəcə indiyə qədər sərnişinlərdən gediş haqqı 20 qəpik alınıb. Sahibkar özü indiyədək Tarif Şurasının müəyyənləşdirdiyi qiyməti tətbiq etməyib. Amma artıq avtobuslara çəkilən xərclər artıdığından TŞ-nin müəyyən etdiyi qiymətlərin tətbiqinə başlanılıb. Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyi Tarif (Qiymət) Şurasına şəhərdaxili sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etsə də, Şura bəyanatında gediş haqqını əvvəlki qaydada, dəyişdirmədən saxladığını bildirmişdi.