Qarabağ danışıqlarında yeni sənədlər

22 İyun 2019 09:00 (UTC+04:00)

“Aramızda çox ciddi fikir ayrılıqları qalmaqdadır. Ümumiyyətlə, deyə bilərəm ki, təkliflər elə eyni təkliflərdir. 15 ildir ki, eyni ideyanı, eyni sülh planını görürük”. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni təkliflərinə münasibət bildirərkən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanla  görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, görüş fonunda intensiv və dərin danışıqlar baş tutub. Həmçinin, nazir əlavə edib ki, həmsədrlər daha məzmunlu danışıqlar üçün əlavə sənədlər də təqdim ediblər. “Onun detalları ilə bağlı bəzi fikir ayrılıqları var, ancaq deyildiyi kimi, müzakirələrdə əsas məsələ elə detalın özüdür.  Başa düşürük ki, daha çox siyasi iradə göstərmək lazımdır. Təmas xəttindəki vəziyyət sülh sazişinə doğru irəliləməyə əngəl olmamalıdır-deyə E. Məmmədyarov bildirib.

Bu açıqlamadan göründüyü kimi, həmsədrlər daha məzmunlu danışıqlar üçün tərəflərə əlavə sənədlər də təqdim ediblər. Görəsən, daha məzmunlu danışıqlar üçün əlavə sənədlərin təqdim edilməsində məqsəd nədir, burada nələr nəzərdə tutulur? Həmin əlavə sənədlər danışıqların nəticəsinə necə təsir edə bilər?

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, təqdim edilən və daha məzmunlu hesab olunan əlavə sənədlərdə ola bilsin, ilk növbədə humanitar məsələlər öz əksini tapıb: “Vaşinqtonda münaqişə tərəflərinin xarici işlər nazirləri arasında keçirilən görüşü münaqişənin həlli istiqamətində sadəcə olaraq aparılan əvvəlki danışıqların növbəti raundu kimi qiymətləndirirəm. Əvvəlki şərhlərimdə də qeyd etmişdim ki, həmsədrlərin iştirak etdiyi danışıqlarda hər hansı bir irəliləyişin olacağını gözləmək absurddur. Vaşinqton öz vasitəçiliyilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin təkbətək görüşünü təşkil etsəydi, bu halda burada hər hansı bir müəyyən irəliləyişin olduğu barədə bəzi ehtimallar irəli sürmək olardı. Hesab edirəm ki, ABŞ-ın özü də bunda maraqlıdır. Amma Ermənsitanın müttəfiqi olan Fransa ilə Rusiyanın da həmsədr olaraq Vaşinqtonda iştirakı təəssüf ki, həmin görüşə də müəyyən kölgə salacaq. Təbii ki, görüşün detalları barədə ictimaiyyətə geniş açıqlama verilməməsi müəyyən fikirlərin formalaşmasına da imkan vermir. Vaşinqton görüşünün nəticələri barədə müəyyən informasiyalar verilməli idi, təəssüf ki, hələlik buna rast gəlmirik. Daha məzmunlu əlavə sənədlərin təqdim edilməsinə gəldikdə, düşünürəm ki, həmin sənədlərdə humanitar aksiyaların həyata keçməsi, atəşkəsin qorunub saxlanılması və bir neçə rayonun boşaldılması kimi məsələlər əks oluna bilər. Lakin bu barədə dolğun açıqlamaların verilməməsi fonunda daha dəqiq nəsə söyləmək mümkünsüzdür.

Birinci dəfə deyil ki, həmsədrlər tərəfindən təkliflər irəli sürülür. Yenilənmiş Madrid prinsipləri, Kazan formulu, Lavrov və Bolton planı kimi həll variantları tərəflərin diqqətinə çatdırılıb. Ancaq məsələ ondadır ki, həmsədrlərin işğalçı ilə işğala məruz qalan ölkəyə eyni gözlə baxmasının nəticəsi olaraq irəli sürülən bu təkliflərə baxmayaraq, münaqişə bu günə qədər həllini tapmayıb”.

Həmsöhbətimiz bu mənada Vaşinqton görüşünü də sadəcə olaraq, Moskva və Paris görüşlərinin anoloji davamı kimi qiymətləndirdi: “Ermənistan tərəfi ümumiyyətlə Vaşinqton görüşündə maraqlı olmayıb. Ermənistan ancaq  Moskvanın təlimatı ilə görüşə qatıldığından ondan nəticə gözləməyinə də dəyməz. Ermənistan Moskvada imzalanan humanitar xarakterli sənədlərə də əməl etmir.

Hesab edirəm ki, Vaşinqton görüşündə də məhz humanitar məzmunlu əlavə sənədlər təqdim edilib və İrəvan ona da əməl etməyəcək. Düşünürəm ki, Vaşinqton görüşündə də xalqların sülhə hazırlanması kimi məsələlər qaldırılıb. Azərbaycan xalqı hər zaman sülhə hazırdır. Ancaq bu sülh işğal faktı aradan qaldırıldıqdan sonra mümkündür. Sadəcə olaraq, həmsədrlər Ermənistana təzyiq etməklə erməniləri sülhə hazırlamaladırlar ki, əraziləri boşaltsınlar. Vaşinqton görüşündə hər hansı bir razılıq əldə olunsa da, İrəvan buna da əməl etməyəcək və proses durduğu nöqtədən davam edəcək. Nəticədə Azərbaycan müəyəyn qədər təzyiq yoluna keçməyə məcbur olacaq”.

Rüfət NADİROĞLU