Vüqar Səfərli jurnalistlərə veriləcək evlərdən danışdı

16 May 2013 16:10 (UTC+04:00)

"Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binadakı mənzillərin hansı jurnalistlərə verilməsi prezidentin səlahiyyətindədir". Mayın 16-da "Media forum" saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib. 


Vüqar Səfərli bildirib: "Bağladığımız müqaviləyə görə, bina tam şəkildə sentyabr ayında təhvil verilməlidir. Biz imkan daxilində binanın milli mətbuatın yarandığı günə - iyulun 22-dək hazır olmasına çalışırıq. Jurnalistlərə mənzilləri media bayramı günü hədiyyə etmək istəyirik. Yəni bu bizim arzumuzdur. Amma götürdüyümüz öhdəliyə görə bina sentyabr ayında hazır olmalıdır".


KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, mənzil almaq üçün müraciət edən jurnalistlərin sənədləri Prezident Administrasiyasına təqdim olunacaq: "Bizim işimiz yalnız binanın tam keyfiyyətli şəkildə tikilib başa çatdırılmasına nəzarət etməkdir. Qalan məsələlər prezidentin səlahiyyətindədir. Bu səbəbdən biz prezidentin adından danışa bilmərik. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həmin mənzillərin jurnalistlərə hansı meyarlarla veriləcəyini açıqlayıb. Mənzilləri də başqaları yox, məhz jurnalistlər alacaq. Kimlərin alıb-almayacağını isə indidən demək mümkün deyil".


2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.


Binanın tikintisinə 2011-ci ildə start verilib. Bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin may ayında jurnalistlərə deyib ki, tikilən evlərin paylanması tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq: "Seçim üç prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq".