Ordumuz düşməni daha çox qorxuya salır

25 İyun 2019 10:20 (UTC+04:00)

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır. Bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

General-leytenantın sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb. Baş Qərargah rəisinin müavini qeyd edib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır.

Beləliklə, sözügedən açıqlama da bir daha göstərir ki, Azərbaycan ordusu öz gücü, potensialı, döyüş qabiliyyəti, peşəkarlığı, hərbi texnika və silah-sursatla təmin olunmaq baxımından dünyanın ən aparıcı 50 ölkəsi sırasında yer alır. Bu göstərici ilə Azərbaycan düşmən Ermənistan ordusunu qat-qat üstələyib.

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyada ən güclülər sırasında yer tutur: “Adətən, ordunun gücü ilə bağlı hansısa idarə rəisi, vəzifəli şəxs məlumat verəndə bunu bir qədər ordunun təbliği nöqteyi-nəzərdən qiymətləndirirlər. Amma Baş Qərargah rəisinin birinci müavini, döyüş hazırlığı və hərbi təhsil idarəsinin rəisi general-leytenant rütbəsində olan Nizam Osmanovun bunu deməsi bir başqa məsələdir. O, ordumuzun real vəziyyətilə bağlı məlumata daha yaxından malik olan 3 hərbçidən biridir. Yəni müdafiə naziri, Baş Qərargah rəisi və onun birinci müavini olan Nizam Osmanov.  Onun Ali Hərbi məktəb məzunlarının buraxılışında səsləndirdiyi fikirlər çox ciddi əsaslara malik ciddi fikirlərdir.

Bütün hərbi təlimlər bilavasitə Osmanovun rəhbərliyilə qərargahda hazırlanır və real olaraq həyata keçirilir. O cümlədən, zabit hazırlığı kursları, müddətdən artıq xidmət edən hərbi qulluqçuların, gizirlərin hazırlığı məsələsi də bilavasitə Osmanovun rəhbərliyi altında həyata keçir. Faktiki olaraq, ordunun üçüncü şəxsinin həmin fikriləri səsləndirməsi və bəyan etməsi bird aha onu təsdiqləyir ki, ordumuzun hazırlığı həqiqətən də hər an üzərinə düşən vəzifəni yerinə yetirə biləcək bir səviyyədədir. Sözsüz ki, müharibə itkisiz olmur. Amam bütün bunlara baxmayaraq, son illər ölkəmizdə zabit hazırlığı kursları xeyli dərəcədə təkmilləşib. Azərbaycanın hərbi məktəblərində təkcə yerli zabitlər təhsil almır. Qonşu dövlətlərdən, Qazaxıstandan da Bakıda hərbi təhsil alan müdavimlər var. Azərbaycan hərbi təlimlərin səviyyəsini artırmağı düşünür və bu istiqamətdə mühüm işlər aparılır. Bu yaxınlarda qardaş Türkiyə ilə birgə hərbi təlimlər baş tutdu. Növbədə isə Türkiyə, Azərbaycan və Gürcüstan arasında birgə hərbi təlimlər planlaşdırılır. Bu hərbi təlim də cari ildə reallaşacaq. Azərbaycan zabitləri ölkə hüdudlarından kənarda müxtəlif tədbirlərdə təkcə nəzəri bilikləri deyil, praktiki hərbi vərdişlərini də təkmilləşdirir, onu dünya dövlətlərinin orduları ilə paylaşırlar. Bunun özü də Azərbaycan ordusunun gücündən, nəyə qadir olmasından xəbər verir.

Görülən işlər nəticəsində Azərbaycan Ordusu bu istiqamətdə böyük ənənələrə malik ölkələrin orduları sırasında mühüm yer tuta bilib.  Azərbaycan Ordusunun malik olduğu silah-sursatlar ən müasir tələblərə cavab verən silahlardır. Həmin silahları da hansısa kənardan gələn mütəxəssis deyil, məhz Azərbaycan övladı həm quruyub saxlayır, həm də üzərində təlimlər həyata keçirir. Bu gün Azərbaycan pilotları NATO-nun aparıcı ölkələrinin hərbi təyyarələrində uçur, hətta F16-ları idarə edirlər. O cümlədən arsenalımızda olan döyüş helikopterləri, təyarələri, T-90-, modernləşdirilmiş T-72 tanklarını da Azərbaycan əsgəri idarə edir. Əldə etdiyimiz silahlar imkan verir ki, danışıqlar prosesində ciddi irəliləyiş olmayacaqsa, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni nəyin bahasına olursa-olsun şərəflə yerinə yetirsin”.

Ekspert qeyd etdi ki, Azərbaycanın iqtisadi imkanları imkan verib ki, öz hərbi potensialını genişləndirmək gücündə olsun: “İsrail, Çin, Pakistan, Ukrayna, Belarus, Fransa və bir sıra digər ölkələrdən əl ətdiyimiz ən müasir tələblərə cavab verən  silah-sursat ordumuzun göstəricisinin bariz nümunəsidir. Ordumuzun tərkibindəki raket-artileriya qoşunları, hava hücumundan müdafiə qüvvələri, quru qoşunları üçün lazım olan avadanlıqlar, bütün bu parametrlər dünyanın ən inkişaf etmiş 50 ordusunun müəyyən edilməsində istifadə olunan tələblər Azərbaycan Ordusunda da var. Şəxsi heyətin təminatı,  təchizatı, döyüş hazırlığı proqramı, onun nəzəri və praktiki tərəfləri, infrastruktur çox yüksək səviyyədə təmin olunub. Son illər ölkədə 30-dan artıq yeni hərbi şəhərcik salınıb. Hərbi şəhərcikdəki şərait də yüksək standartlara uyğun olaraq qurulub. Azərbaycan ordusu düzdür, müharibə şəraitində yaşadığından daha çox səhra şəraitində fəaliyyət göstərir. Ancaq bütün bunlara baxmayaraq ordumuzun hazırlığı ən yüksək səviyyədədir. Ona görə də dünyanın ən güclü 50 ordusu sırasında yer almışıq. Ordumuzun malik olduğu bu üstünlükləri düşmən tərəf də görür. Azərbaycan ordusu belə gücü lə düşməni istənilən an darmadağın edə bilər. Ona görə də Ermənistan prosesdən nəticə çıxarmalı, işğala son qoymalıdır. Əks halda, onun vəziyyəti daha pis olacaq və aprel döyüşlərində olduğundan daha ağır məğlubiyyətlə üzləşəcək”.

R. SOLTANOV