İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur (FOTO)

25 İyun 2019 12:22 (UTC+04:00)

İmişli rayonunda Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində addımlar atılır. Avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Movqe.az-a verilən məlumata görə, İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu sözügedən yolun uzunluğu 14.3 km olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin uzunluğu 21.7 km olan IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir.

Hər iki istiqamət üzrə avtomobil yollarının yenidən qurulması İmişli şəhəri və Bəhrəmtəpə qəsəbəsi də daxil olmaqla ümumilikdə 12 yaşayış məntəqəsinin 50 minə yaxın əhalisinin ürəyincə olub.

Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 m, çiyinlərin eni 2-2.5 m olmaqla yolun ümumi eni 12-10 m təşkil edəcək.

Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Bundan başqa, yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranmışdı. Məhz bu mqəsədlə yol boyu müxtəlif diametrlərə malik 398 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub.

Layihə çərçivəsində hazırda yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Bunun üçün zəruri qalınlıqlarda qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunur. Yol əsası hazır olan hissələrdə isə artıq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.

Buna paralel olaraq körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülür.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 190 yol nişanı, km göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna, həmçinin Ağsu-Kürdəmir-İmişli avtomobil yolu vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollarına rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın inkişafına təkan verməkdir.