“Ağsu Möcüzəsi” sərgisi Türkiyənin Uşak şəhərində - FOTOQALEREYA

4 May 2012 20:52 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 3 may 2012-ci il tarixində Türkiyənin Uşak şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Uşak Universitetinin 2023 Təhsil İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Azərbaycanın Mədəni İrsi" elmi-praktik konfransı keçirilib, Uşak Universitetinin Sənət Qalereyasında "Ağsu möcüzəsi" adlı sərgi açılıb. "Ağsu möcüzəsi" sərgisinin rəsmi açılışını bildirən lenti Universitetin prorektoru Prof.Dr. Sayın Dalkıran, Uşak Bələdiyyəsinin sədr müavini Mustafa Gündüz və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova kəsmişdir. Sərginin açılışında Uşak Universitetinin rektoru Prof.Dr. Sait Çelik və digər rəsmi şəxslər, elm adamları, tələbələr iştirak etmişlər. Sərgidə Ağsu qazıntılarından görüntüləri, oradan tapılmış maddi-mədəniyyət nümunələrini əks etdirən fotolar, rəsm və heykəltəraşlıq işləri nümayiş etdirilib. Böyük marağa səbəb olan sərgi 10 gün ərzində fəaliyyət göstərəcəkdir.

Açılış mərasimindən sonra rektor Prof.Dr. Sait Çelik Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Qəbul zamanı Prof.Dr. Sait Çelik Uşak şəhəri və rəhbərlik etdiyi təhsil ocağı barəsində qonaqlara məlumat verib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu Arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev Azərbaycanda aparılan arxeoloji tədqiqatlar, MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli Ağsuda arxeoloji araşdırmalar zamanı üzə çıxarılmış tapıntıların konservasiyası, bərpası və təbliği istiqamətində görülən işlər barəsində məlumat veriblər.

Günün ikinci yarısında Universitetin iclas salonunda konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə rektorun köməkçisi Prof.Dr. Sayın Dalkıran açaraq Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətləri, ortaq mədəni dəyərlərin güclü olmasını vurğulayıb. Daha sonra Dos.Dr. Murat Öntuğ konfransın əsas məqsədini və Azərbaycanın mədəni irsinin qardaş Türkiyənin hüdudlarında tanıdılması yollarının genişləndirilməsinin zərurliyini açıqlayıb. Konfransda Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev "Azərbaycanda şəhər mədəniyyətinin arxeoloji cəhətdən araşdırılması: uğurlar, problemlər, vəzifələr", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova "Azərbaycanda mədəni irs siyasəti", MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli "Azərbaycanda mədəni irsin öyrənilməsi, qorunması və tanıtımı fəaliyyətlərində yeni addımlar", Ağsu arxeoloji ekspedisiyasının üzvü, arxeoloq Elmira Abbasova "Ağsuda sənətkarlıq" və MİRAS-ın Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Şölə Bayramova "MİRAS İctimai Birliyinin mədəni irs layihələrinin tanıtımı" mövzusunda çıxış ediblər. Konfransın sonunda hədiyyələr təqdim olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi və MİRAS İctimai Birliyi adından Uniersitetin kitabxanasına Azərbaycanda mədəni irsin qorunması və tədqiqindən bəhs edən kitablar hədiyyə olunub.


Tural QABİLOĞLU