Azərbaycanın Vyetnamdakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib

17 May 2013 11:20 (UTC+04:00)

Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin prezidenti Truong Tan Sanga təqdim edib.


XİN mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, etimadnamənin təqdimat mərasimində səfir Anar İmanov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Vyetnam prezidentinə çatdırıb.


Səfir Azərbaycanın Vyetnamla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini nəzərə çatdırıb.


Vyetnam prezidenti Truong Tan Sang prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib. O, Anar İmanovu Azərbaycanın Vyetnama səfiri təyin olunması münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.


Prezident Truong Tan Sang ölkələrimiz arasındakı əməkdaşlığın dərin tarixi olduğunu və ölkəsinin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, həmçinin Vyetnamın neft sektorunun inkişafında azərbaycanlı mütəxəssislərin böyük rol oynadığını məmnunluqla qeyd edib.