Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Mövqe.az-ın məlumataına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dövlət başçısına bildirib ki, rəsədxanada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası əsaslı təmir olunmuş, 110 nəfərlik yeməkxana tikilib.
Əsaslı təmir və yenidənqurmadan sonra buradakı inzibati otaqlarda iş şəraiti ən müasir səviyyəyə çatdırılıb. Rəsədxananın Bakı şəhər bölməsi, "Günəş fizikası", "Günəş və Yer əlaqələri", "Planetlər və kiçik səma cisimləri" və digər şöbələri var.
Dövlət başçısına Şamaxı Astrofizika Rəsədxanasının əvvəlki və yenidənqurmadan sonrakı görüntüləri əsasında bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Rəsədxananın direktoru Əyyub Quliyev teleskopların müasirləşdirilməsi və avtomatlaşdırılması, gələcəkdə nəzərdə tutulan işlər, həmçinin əldə olunan nailiyyətlər barədə danışıb. Dövlət başçısına son günlərdə kosmosdan alınan görüntülər, o cümlədən diametri 6,5 metrdən çox olan teleskoplar barədə məlumat verilib.
Prezident İlham Əliyev rəsədxananın ərazisində yaradılan yeni yaşayış massivindəki şəraitlə də tanış olub. Burada 40 və 32 mənzilli beşmərtəbəli iki bina, bir və ikimərtəbəli 10 kottec və mehmanxana inşa olunub. Otaqlarda qonaqların rahatlığını yüksək səviyyədə təmin etmək üçün bütün şərait yaradılıb. Qonaqlar kotteclərin sürətli internet, kabel televiziyası və digər xidmətlərindən yararlana biləcək.
Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.