Azərbaycan Rusiya ilə birlikdə yeni silahlar istehsal edəcək

28 İyun 2019 07:40 (UTC+04:00)

İyunun 25-də Moskvanın “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində Azərbaycan Müdafiə Sənayesi Naziriyinin təmsil olunduğu “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki Forumun açılışı olub. Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda respublikamız ilk dəfə stendlə təmsil olunur. Milli paviliyonda nazirlik əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Nümayiş etdirilən məmulatlar arasında xaricdə keçirilən beynəlxalq sərgiyə ilk dəfə çıxarılan məhsullar da var. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdirilир.

 “ARMY-2019“ sərgisi Müdafiə Sənayesi Nazirliyinin son iki ayda stendlə təmsil olunduğu üçüncü benəlxalq sərgidir. Nazirlik bu ilin aprel - may aylarında Türkiyədə keçirilən “IDEF-2019” və Belarusda keçirilən “MILEX-2019” sərgilərində iştirak edib, hərbi təyinatlı məhsullarını nümayiş etdirib. 

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyası Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosovla görüşü olub. Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, nazir müavini “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyevlə də görüşüb. Görüşdə birgə əməkdaşlıq layihələri haqqında geniş müzakirələr aparılıb, çərçivə sazişinin hazırlanaraq yaxın zamanlarda imzalanmasına dair razılıq əldə edilib.

Bu gün Azərbaycanın hərbi sənaye kompleksi 1000-дян чох adda məhsul buraxır. Bu məhsulların buraxılışı müstəqillik illərində yoluna qoyulsa da, hələ sovet dövründən Bakıda 30-a qədər hərbi təyinatlı zavodda güclü silah-sursat istehsal edib. Sonralar həmin müəssisələr fəaliyyətini dayandırsa da, texnologiya və mütəxəssislər orduzu qalıb və bu, müasir hərbi sənayenin inkişafında təməl rolunu oynayıb. İndi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq üzrə birgə müəssisələr yaradır, müasir tipli silahların bir sıra növlərini ölkə ərazisində istehsal edir. Məsələn, İsraillə birgə pilotsuz uçan hərbi təyyarələrin istehsalı buna gözəl misaldır. Eynilə, Türkiyə, Ukrayna, Belarus hərbi sənaye müəssisələri ilə də yaxşı əməkdaşlıq ənənələri formalaşıb. Bu baxımdan Rusiya ilə imzalanacaq yeni əməkdaşlıq sazişi bu sahədə olan birgə fəaliyyətdə yeni mərhələ açacaq. Belə ki, hələ 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ilə Rusiya Federasiyası İqtisadiyyat Nazirliyi arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında bağlanmış sazişə görə iki ölkə müəssisələri qarşılıqlı surətdə avadanlıq və onların detallarını mübadilə etmək imkanı qazanmışdılar. Təbii ki, bu sazişə görə hərbi sənaye sahəsində də müvafiq detalların mübadiləsi mümkün idi. Ancaq budəfəki saziş hərbi sənaye əməkdaşlığını yeni hüdudlara çıxaracaq.

Bildiyimiz kimi, Rusiyanın ən böyük silah idxalçılarından biri Azərbaycandır. Ordumuzun sərəncamında ən müasir rus silahları var. Əgər bu silahların bir qismini birlikdə istehsal etmək tərəflərə sərfəli olmazmı? Təbii ki, olar və Rusiya tərəfdaşının ehtiyaclarını daha dolğun ödəməklə etimadı daha da yüksəldər, Azərbaycan isə bu istiqamətdə yeni təcrübə və texnologiya qazanar. Eyni zamanda aldığı silahların dəyəri daha münasib səviyyəyə enər. Üstəlik, hərbi sənaye sahəsində Rusiya-Türkiyə birgə istehsal fəaliyyəti də gündəmdədir. Bu baxımdan bu üç strateji tərəfdaş arasında gələçəkdə üçlü formatda silah-sursat istehsalını mənimsəmək yaxşı perspektiv vəd edir.

Hesab etmək olar ki, belə bir əməkdaşlıq regionda Azərbaycanın nüfuzunu və hərbi qüdrətini daha da artıqmaqla siyasi və iqtisadi dividentlər gətirəcək.

N.NOVRUZ