Uşaq pullarının verilməsi bərpa olunur?!

29 İyun 2019 07:00 (UTC+04:00)

“Gələn ildən uşaq pulu məsələsi həll edilməlidir”. Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında deyib. Bu məsələni Qüdrət Həsənquliyevdən başqa digər bir sıra millət vəkilləri də gündəmə gətirir. Uşaq pullarını verilməsi bərpa oluna bilərmi? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov uşaq pulunun verilməsinin bərpasını mümkün və vacib hesab etdi. Həmçinin qeyd etdi ki, bu istiqamətdə mexanizm də işləyin hazırlayıblar: “Xatırlayırsınızsa, bir müddət əvvəl İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pullarının bərpa edilməsilə bağlı mexanizm hazırlayaraq hökumətə təqdim edib. Məhz bu mexanizm hazırlandıqdan sonra uşaq pullarının verilməsi istiqamətində müzakirələr genişlənib. Güman edirəm ki, bir сıra deputatlar uşaq pulunun verilməsilə bağlı məsələ qaldıran zaman eyni zamanda təşkilatımız tərəfindən hazırlanan mexanizmin öyrənilməsi və qəbul edilməsini də təklif edib. Çünki nəticə etibarı ilə hələlik uşaq pulunun verilməsi ilə bağlı mexanizm yalnız İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanıb.

Təklif etdiyimiz mexanizmə görə, uşaqpulu alacaq uşaqların üç yaş qrupuna ayrılması, bölünməsi nəzərdə tutulur. Birinci qrupda 3 yaşa qədər olan uşaqlar, sonrakı qrupda 3-6 yaşarası və nəhayət  üçüncü qrupda isə 6-17 yaşa qədər olan uşaqlar təmsil olunublar. Nəticə etibarı ilə hazırladığımız mexanizmdə hər yaş qrupu üzrə uşaqların sayı, tələb edilən maliyyə mənbələri də göstərilib.

Həmçinin, 3 yaşa qədər olan uşaqlara daha çox uşaq pulunun ödənilməsi tərəfdarıyıq. Proses mərhələli şəkildə həyata keçirilə bilər. Mexanizmin özəlliyi ondan ibarətdir ki, uşaq pulunun bərpası zamanı, prosesin həm iqtisadi, həm sosial, həm də istehlak bazarına təsirlərini də qiymətləndirmişik. Uşaq pulunun bərpası üçün tələb edilən məbləğ bir ilə 2,8 milyard manata yaxındır. Bunun istehlak bazarına ağırlıq yaratmaması üçün büdcənin strukturunda dəyişmələri də təklif etmişik. O baxımdan güman edirəm ki, təklif edilən mexanizmin öyrənilib tətbiqi mümkündür.  Ona görə hesab edirəm ki, uşaq pulunun bərpa edilməsilə bağlı bütün imkanlar var. İqtisadi, maliyyə imkanları vardır, sosial çağırışlar da var. Nəticə etibarı ilə bütün bunlar imkan verir ki, Azərbaycanda uşaq pulunu bərpa etmək mümkün olsun. Mövcud vəziyyət prosesin bərpasına ciddi zəmin yaradıb”.

Uşaq pulunun bərpası üçün mənbələrə gəldikdə, həmsöhbətimiz infrastruktur xərclərinin azaldılması yolu ilə məsələnin həll ediləcəyini bildirdi: “Bu istiqamətdə lazım olan mənbələrə gəldikdə, dövlət büdcəsindən ayırmaları və xüsusi mənbələr olaraq xərclərin strukturuna baxılması, əsasən də infrastruktur xərclərinin azaldılmasını təklif edirik. Burada dövlət büdcəsi xüsusi rol oynayacaq. Amma eyni zamanda, büdcənin xərc strukturunda dəyişiklik etməklə uşaq pulu verilərkən büdcədə ağırlıq yaratmamaq, həm də istehlak bazarına təsirləri minimumlaşdırmaq mümkündür”.

İqtisadçı-ekspert Fuad İbrahimli də uşaq pulunun bərpasını vacib və lazımi addım kimi dəyərləndirdi: “Uşaq pulunun verilməsi nəinki bərpa oluna bilər, bu, həm də vacib məsələ olmaqla yanaşı, mümkündür. Müasir cəmiyyətdə yaşayırıqsa, inkişaf etmiş ölkələrə inteqrasiya siyasətini irəli sürmüşüksə, bu siyasət həmin məsələnin həllini də tələb edir. Uşaq pulların bərpası gələcəkdə ölkəmizdə ailə dəyərlərinin möhkəmliyinə, bu sahədə mövcud olan neqativ məqamların azalmasına da mühüm təsir göstərəcək. Ona görə onun bərpası vacibdir. Bu addımın atılması müasir quruluşun ayrılmaz bir hissəsidir.

Onu da qeyd edim ki, uşaq pulunun verilməsi üçün lazım olan mənbələr də kifayət qədərdir. Sadəcə olaraq, bu mənbələrdən təyinatı üzrə istifadə olunmalıdır. Xərcləri vacibliyinə, vaxt ötürməməsinə görə kateqoriyalara bölmək lazımdır. Belə olarsa, qaldırılanm məsələ qısa zamanda icraya daxil olmaqla gündəmə gələcək”.

Rüfət NADİROĞLU