Azərbaycan tekstili ixrac coğrafiyasını genişləndirir

29 İyun 2019 09:00 (UTC+04:00)

Qeyri-neft sektorunun esas istehlak məhsullarından biri də tekstil sənayesi məhsullarıdır. Bu sahə yüngül sənayeyə aiddir və bu növ məhsulların istehsalında əl əməyindən geniş istifadə olunur. Buna görə də regionlarda işsizliyin aradan qaldırılmasında əvəzsiz rola malikdir. Əhalisi çox olan bu sektora maraq həmişə böyük olur.

Tekstil və geyim sənayesi dinamik inkişaf edən sənayelərdən biridir. Belə ki, əgər 1980-ci ildə dünya paltar ixracı 40 milyard ABŞ dolları təşkil edirdisə, artıq indi dünya tekstil və geyim 800 milyard dollara çatıb. Dünya tekstil və geyim sənayesi əsasən Asiya və digər üçüncü dünya ölkələrində cəmləşib. Belə ki, dünya tekstil və geyim ixracı əsas 10 ölkənin payına düşür.

Azərbaycanda tekstil sektorunun inkişafı işsizliyin aradan qaldırılmasında fəal iştirak edir.  Tekstil sənayesi müəssisələrinin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, işsizliyin aradan qaldırılması, ixtisaslı kadrların yetişməsinə gözəl töhfələr verir.

Mingəçevir sənaye parkında “Mingəçevir Tekstil” MMC 2018-ci ildə fəaliiyətə başlayıb. Parkın yaradılmasına 200-300 milyon dollar civarında sərmayə yatırılıb. Burada ilkin mərhələdə 5-6 min yeni iş yeri yaradılıb. Sektorun dövlət tərəfindən dəstəklənməsi sayəsində bu kimi sənaye sahələri inkşaf edir və Azərbaycan brendinin tanıdılmasına xidmət edir.

Azərbaycan bir neçə ildir Rusiya, Ukrayna, Belarus, Türkiyə və İrana tekstil malları ixrac edir: “Məsələn, Rusiyaya ixrac 2016-cı ildən başlayıb. Ötən il bu ölkəyə ixracın dəyəri 5 mln. ABŞ dollarından çox olub. Rusiyaya ixracda hər il, təxminən, 20% artım baş verir. Bu il də bu qədər artım gözlənilir”.

Bundan başqa, təzəlikcə Avropa ölkələrinə tekstil mallarının ixracına başlanılıb. Portuqaliyaya illik 60-100 ton həcmində 100% pambıq iplik göndərilir.  Böyük Britaniya, Polşa və Estoniya ilə ixraca dair razılıq əldə edilib. Estoniyaya üzərindən Azərbaycana məxsus tekstil məhsullarının Şimali Avropa ölkələrinə ixracı da gündəmdədir.  “Alpar” və “Banu” ticarət markaları ilə ixrac olunan Bakı Tekstil fabrikinin məhsullarının sorağı tezliklə Birləşmiş Ərəb Əmirliklərindən gələcək.  Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən fabrikə əməkdaşlıq və ixracla bağlı müraciət daxil olub.

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkədə xalçaçılıq ənənələrinin bərpası, xalçaçılığın inkişafı ilə bağlı müvafiq tədbirlər sahənin inkişafına güclü impuls verib.

Dünyada xalça ticarəti istehsal texnikası, investisiya məbləği və bazar strukturuna görə iki qrupa bölünür: əl və sənaye üsulu ilə toxunan xalçalar. Əllə toxunan xalçalar mədəni və maddi irsin qorunmasına söykənən istehsaldır. Sənaye üsulu ilə hazırlanan xalçalar isə daha çox investisiya tələb edən və texniki tekstil kateqoriyasına aid edilə biləcək istehsaldır. Xalçaçılıq işinin inkişafını dəstəkləyən ölkələr, əsasən, xalçaçılıq sahəsində ölkə brendlərinin yaradılmasına və xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin ölkələrdə xalça istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan xalçalarının xarici bazarlarda başqa ölkə brendləri adı altında satılmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir.

Yaxın zamanlarda Polşa alıcıları Azərbaycanın tekstil məhsullarını almaq imkanı qazanacaqlar. Polşa bazarında bu məhsullara böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə bu ölkəyə tekstil məhsulunun ixracını başlamağı planlaşdırırıq. Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyevin dediyinə görə, bir neçə növ tekstil məhsulunun ixracı ilə bağlı Polşa şirkətləri ilə razılaşmalar mövcuddur.  İxracın bu cür çoxalması ona dəlalət edir ki, yaxın perspektivdə tekstil istehsalı müəssisələrinin şəbəkəsi genişlənəcək, növbəti illərdə bu məhsulların istehsalı və ixracı kifayət qədər sürətlə artacaq.

N.NOVRUZ