Sərhədlərimizə doğru yaxınlaşan qorxunc savaş

29 İyun 2019 09:30 (UTC+04:00)

ABŞ-İran savaşı barədə məsələ yenidən aktuallaşıb və hər iki tərəf müharibəyə hazır olduğunu bildirir. Proseslərin gedişi də belə deməyə əsas verir ki, tərəflər danışıqlara gedərək bir-birinə güzəşt etməkdən daha çox müharibəyə meyllidirlər. Belə ki, hər iki tərəfdən olan rəsmilərin ritorikalarında danışıqlar məsələsinə zərrə qədər də olsa yer verilmədiyi halda, savaş amili daha çox qabardılır. Xüsusən də son zamanlar Fars Körfəzi ətrafında baş verən təxribatlar müharibə amilinin daha ciddi olduğunu düşünməyə əsas verir. Belə savaş mümkündürmü və baş verərsə regiona, o cümlədən Cənubi Qafqaza nə vəd edir?

Politoloq Nəzakət Məmmədovanın fikrincə, ABŞ-la İran arasında savaşın başlanma ehtimalı olduqca azdır. Ona əsasən də həmsöhbətimiz belə bir savaşı istisna etdi: “ABŞ-la İran arasında müharibənin olması ağlabatan deyil. Təbii ki, tərəflərin bir-birinə yönəlik bu sayaq təhdidləri hər zaman olub.

40 ildir, bu sayaq təhdidlər zaman-zaman baş qaldırır. Amma bu müddət ərzində nə ABŞ, nə də onun heç bir müttəfiqi İrana qarşı müharibə апармайыб. İndiki halda da belə bir savaşın olma ehtimalı demək olar ki, çox azdır. Hətta deyərdim ki, bu savaşın baş verməsi istisna olunur. Sadəcə olaraq, bu təhdid və hədə-qorxular diplomatik demarş xarakteri daşıyır. Bir-birilərinə bu yolla psixoloji təzyiq göstərməyə, həmçinin qarşılıqlı güzəştlərə məcbur etməyə çalışırlar. Ona görə də onlar arasında müharibə olacağı ehtimal olunmur. Tehran həmişə pafosla danışaraq bəyan edib ki, İsraili yer üzündən siləcək. Ancaq bu günə qədər onun real olaraq əlamətlərini görmürük. Heç İranın bu addıma getməyə potensialı da yoxdur. Amerika da bilir ki, onun İrana hücumu özü üçün də risqlidir. Ona görə Vaşinqton heç zaman buna getməyəcək.

 

Sadəcə olaraq, üçüncü ölkələrin ərazisində, birbaşa hərbi əməliyyatlar olmasa da, kəşfiyyat, təxribat-pozuculuq, diplomatik qarşıdurma kimi halların baş verməsi mümkündür. Hətta İranın özündə terror aktları həyata keçirilə bilər. Bundan ABŞ-da sığortalanmayıb. Lakin birbaşa ABŞ quru qoşunlarının İrana daxil olması kimi olaylar baş verməyəcək”.

Ekspert bununla belə onu da vurğuladı ki, ABŞ-İran müharibəsi olarsa, onun regiona, o cümlədən Cənubi Qafqaza ciddi təsirləri olacaq: “Sözügedən iki dövlət arasında, ehtimal dediyim kimi az olsa da,  savaş başlayarsa sözsüz ki, onun regiona ciddi mənfi təsirləri olacaq. Müharibə heç zaman müsbət nələrəsə gətirib çıxarmır. Amerikanın taktikası sadəcə olaraq, İranı psixoloji cəhətdən məhv etməkdən ibarətdir.

Digər tərəfdən, Vaşinqton İran daxilində sosial narazılıq və partlayışlar yarada bilər. Yəni, yerli əhalini hakimyyətə qarşı ayağa qaldıra bilər. Bunları sözsüz ki, ABŞ edəcək. Yəni bütün digər vasitələrdən istifadə ediləcək ki, İran sözə baxsın, amma birbaşa hərbi əməliyyatlar olmayacaq. İran çoxmillətli dövlətdir. Burada müharibənin başlanmasının Azərbaycana da mənfi təsirləri ola bilər. Yəni müharibə prosesinin gedişaatı ölkəmiz üçün də yaxşı heç nə vəd etmir. Yalnız savaşın bitməsi fonunda Cənubi Azərbaycanın muxtariyyət əldə etməsi, hətta müstəqil olması ehtimalı da gündəmə gələr.

Versiyalardan birinə görə, ABŞ-ın Böyük Orta Şərq projesində Cənubi Azərbaycanın muxtariyyət əldə etməsi, yaxud da müstəqil olması məsələsi də var. Çünki müharibə baş verərsə, onun sonu olaraq ölkələr üç qrupa, ərazi itirən, ərazi qazanan və ərazisinə toxunulmayan neytral dövlətlərə bölünə bilər. Azərbaycan bu fonda ərazi qazanan dövlətlər sırasına daxil ola  bilər. Hər halda, müharibə müəmmalı gələcək vəd edən təhlükəli prosesdir. Orada qalibin kim olacağını müəyyən etmək mümkün deyil. Amma İran məğlub olsa, hər halda o parçalanacaq. Düzdür, müharibənin gedişində İrandakı çoxsaylı soydaşlarımız miqrasiya fonunda Azərbaycana axıb gələcəklər. Yəni Azərbaycan belə problemlərlə üzləşə bilər. Hər halda, müharibə xeyrimizə olmazdı. Fikrimcə, İranda sabitliyin olması ölkəmiz üçün daha vacibdir. Çünki, müharibə olacağı təqdirdə, Azərbaycanın bu qədər qaçqın yükünün altına girməsi olduqca çətindir”.

Rüfət NADİROĞLU