Dönərlə bağlı bitməyən problem

29 İyun 2019 08:00 (UTC+04:00)

Təxmini hesablamalara görə, ölkədə 15 mindən çox dönərxana fəaliyət göstərir. Bu dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxanalara standarta uyğun olmayan, bəzən də  təhlükəli heyvan ətlərindən dönər hazırlayır. Toyuq ətindən dönərin hazırlanması 2006-cı ildən qadağan edilsə də, hələ də bişirilib satılır. Dönərxanalarla bağlı problem nədən hələ də həllini tapmır?

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, əhali arasında maarifləndirmə işinin zəif olmasının nəticəsidir ki, dönərxanalarla bağlı problem hələ də öz həllini tapmayıb: “Dönər at, it, eşşək ətindən, yaxud da köhnəlmiş ətdən  hazırlanırsa, bunu yeməyin də. Daha başqa təbii məhsullara seçim etmək lazımdır. Burada bütün dönərxanalara nəzarət etmək mümkün deyil.

Gərəkdir ki, cəmiyyət özü öz sağlamlığının qeydinə qalsın. Təbii ki, dönərxanalar yoxlanılmalıdır. Nəticədə onun standartlara uyğun olub-olmadığı müəyyənləşməlidir. Amma bununla problemi həll etmək, yekunlaşdırmaq olmur. Çünki hansısa məmur 5 manatını alıb yenidən onların fəaliyyətinə göz yumur. Ona görə də belə problemlərin həlli cəmiyyətin maarifləndirilməsindən keçir. Maarifləndirilmə güclü aparılmalıdır ki, insanlarımız dönər əti almağa meyl etməsin”. 
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov da  bu qənaətdədir ki, problemin həll ictimaiyyətin maarifləndirilməsindən keçir: “Dönərxanalarla bağlı problemin həlli edilməməsinin kökündə əhali arasında ona tələbatın olması amili dayanır. İstehlakçıların maarifçilik səviyyəsinin aşağı olması, bu işdə fəaliyyət göstərməli olan qeyri-hökumət təşkiatları və müvafiq dövlət qurumlarının yarıtmaz işi burada öz sözünü deyir.

Dönər təhlükəsiz ola bilər. Bu şərtlə ki, dönər ətinin özünün təhlükəsizliyi təmin olunsun. Bunun üçün də standartlar mövcuddur. Azərbaycanda standartlara uyğun dönər hazırlayıb şişə taxan, onu minus 40 dərəcədə şok dondurmadan keçirib, bütün virusları öldürən iki müəssisə mövcuddur.

Problem  ondan ibarətdir ki, şok dondurulmadan keçirilmədən hazırlanan dönərlərdə çöl tərəf qovrulsa da, isti içəri tərəfə keçdikcə ətin tərkibindəki xəstəlik daşıyıcılarını özündə daşıyan plazma qızır və siniyə tökülür. Nəticədə qarışdırılaraq təhlükəli maddələrlə dolu dönər istehlakçıya satılır. Təəssüf ki, bu qədər dönərxanaların cəmi 0,5 faizi dönər ətini həmin sadaladığım və standartlara cavab verən iki müəssisədən alır.

Problemin həlli üçün əhali arasında ciddi maarifləndirmə işləri aparılmalıdır ki, onlar yalnız qanuna uyğun halda hazırlanan dönər alsın. Bir aydan çoxdur ki, əhali arasında regionlarda qida təhlükəsizliyinə dair layihə çərçivəsində təlimlər keçirik. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinə də məlumat vermişik ki, gəlsinlər birgə maarifləndirmə işləri aparaq. Bazar tələb və təklifə əsasən işləyir.  Ona görə də dönər sahəsində yaşanan həmin problemləri yalnız ictimaiyyəti maaarifləndirməklə həll etmək olar”.

R. SOLTANOV