Xeriyyə fondlarının sayı niyə məhddudur?

17 May 2013 14:53 (UTC+04:00)

Azərbaycan xalqı üçün daim xarakterik xüsusiyyətlərdən biri xeyriyyəçilik olub. Bu fonda isə ölkədə müxtəlfi vaxtlarda xeyriyyə fondalır fəaliyyət göstərib. Lakin son illərdə belə fondlara çox az rast gəlinir. Bunun səbəbləri barədə Mövqe.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edir: "Xeyriyyə fondları ölkəmizdə daha qədim vaxtlardan olub. Türkiyənin özündə elə bu gün vəqflər var. Həmin vəqflər yardıma ehtiyacı olanlara yardım edir. 

 Azərbaycan ötən əsrin əvvəllərində qazandığı  müstəqilliyini itirəndən sonra bizdə belə şeylər unuduldu. Amma Qərb ölkələrində xeyriyyə fondları var və onlar ciddi şəkildə fəaliyyət göstərirlər. Mədəniyyətimizdə, dinimizdə isə belə fondlar üçün mühüm baza var".

Sosioloq ölkəmizdəki xeyriyyə fondlarının olmaması səbəblərindən də danışdı: " Sovet dövründə bu adət-ənənə olmadı. Sovet rejimi həmin fondları kənara qoydu. Həmin dövrlərdə insanlarda mənəvi aşınma getdi. Çünki insanlar artıq o fondların yaranmasına inanmırdılar. 

Hazırda  bütün bunlara baxmayaraq, biz deyə bilmərik ki, bu gün ölkəmizdə xeyriyyə təşkilatları fəaliyyət göstərmir: "Sağlam həyat mədəniyyəti" ictimai birliyinin rtəhbəriyəm. Biz BP Azərbaycan neft şirkəti ilə əməkdaşlıq edib, kifayət qədər şəffaf şəraitdə az da olsa əhaliyə yardım edirik. Elə hal-hazırda biz əlil uşaqların əl işlərini yığmışıq və BP-nin yeməkxanasında sərgi keçiririk. Əl işlərinin birinin qiyməti 20-30 AZN-dir. Biz bu yolla onlara kömək edirik". 

"Adı olub, özü olmayan" xeyriyyə təşkilatları barədə də ekspert danışdı: "O cür təşkilatlara qarşı KİV ciddi tədbirlər görə bilər. Onlar haqqında informasiyanı mətbuatda yaya bilər. Azərbaycanda bu sahə korlanıb, amma sıfır da deyil. Təəssüf ki, burada o qədər səhvə yol veriblər ki, beynəlxalq təşkilatlar da onlarla əlaqəni kəsiblər. Ümumiyyətlə, xarici ölkələrdə xeyriyyə fondlarının inkişafına biznes qurumları da kömək edir.  Ona görə də onlara vergi və s. məsələlərlə bağlı güzəştlər edilir. Ancaq bizdəki biznes strukturları elə fondlara pul köçürməyə ehtiyat edirlər".

 Millət vəkili Musa Quliyev isə bildirir: "Sahibkarlarımızın çoxunun xeyriyyəçilik istiqamətində ya təsəvvürləri yoxdur, ya da bununla bağlı niyyətləri yoxdur. Xeyriyyə fondlarının maliyyə vəsaiti  haradan formalaşır?! Ayrı-ayrı imkanlı şəxslərin həmin fondlara ödədiyi vəsaitdən formalaşır. Bir də müxtəlif qeyri-hökümət təşkilatları olur ki, onlar müxtılif tədbirlər keçirib, iaənələr yığırlar və ordan da vəsait  formalaşır. Lakin Azərbaycanda hələ bu, geniş formada yayılmasa da, rüşeymləri görülməkdədir. Görünür, yavaş-yavaş düzələcək. Bizim insanlarda sovet rejimdən çıxdığımız üçün belə bir fikir formalaşıb ki, hər şeyi dövlət etməlidir. Ona görə də cəmiyyətin özünün təşəbbüskarlığı aşağı səviyyədədir. Bələdiyyələr özləri , yaxşı biznesmenlər və ya qeyri-hökümət təşkilatları bu işlərlə məşğul ola bilərlər. Ancaq təssüf ki, olmurlar... Mən hesab edirəm ki, cəmiyyətin təşəbbüskarlığı müxtəlif sahələrdə artdıqca, bu fondların da sayı artacaqdır".