Ermənistan daha saxtakarlıqlarını da gizlədə bilmir

2 İyul 2019 08:13 (UTC+04:00)

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında sonuncu görüş Vaşinqtonda keçirilib. Minsk qrupunun 3 həmsədrindən biri olan ABŞ-da 10 əvvəl də belə bir görüş keçirilmişdi. Ancaq, həm o vaxt, həm də indi bu danışıqlar münaqişənin həlli yolunda ciddi bir dəyişikliyə səbəb olmayıb. 3 saat çəkən bu beynəlxalq görüşdə mövzu üzrə irəliləyişin olmaması çox təəccüblüdür. Bəs, onda tərəflər bu müddət ərzində nədən danışıblar(?).

Məsələ burasındadır ki, indi ermənilər bu qədər keçilmiş yolu nəzərə almadan yenə əvvəlki pozuculuq fəaliyyətlərini davam etdirirlər. 1994-cü ildə atəşkəs elan olunandan üzü bəri sülh danışıqlarından söhbət getsə də, qarşı tərəfin düşmənçiliyi ucbatından bu danışıqlar həmişə ya pozulub, ya da nəticəsiz qurtarıb. Həm də keçirilən saysız-hesabsız danışıqların məkanı da müxtəlif olub. Fransa, Avstriya, İspaniya, Praqa, Rusiya, Amerika.., bu ölkələrin onlarla şəhəri, beynəlxalq təşkilatların iqamətgahları, tarixi qəsrlər, müasir ofislər, amma ermənilərin vaxtaşırı təxribatları nəticəsində bütün bu çəkilən zəhmətlər havayı gedib.

Ermənistan bir dövlət kimi formalaşmadığına görə onun siyasi hakimiyyətinin də vahid konsepsiyası yoxdur. Hər gələn rəhbər məsuliyyəti öz üzərindən ataraq başqasını güdaza vermək siyasəti yürüdür və Qarabağ münaqişəsinin həllindən ya hakimiyyətini möhkəmlətmək, ya da şəxsi dövlətini artırmaq məqsədi ilə sui-istifadə edir.

Gözləmək olardı ki, Paşinyan öz xələflərinə nisbətən daha pozitiv mövqe nümayiş etdirəcək. Lakin belə olmadı. Düzdür, taktika dəyişdi. Amma məqsəd dəyişmədi. Nikol Paşinyan işğal etdikləri Qarabağda yaradılmış qondarma qurumu müstəqil dövlət qismində Azərbaycanla bir stol ətrafında oturtmaq xəyalına düşmüşdü. Lakin bu, alınmadı. Azərbaycan diplomatiyasının gedişləri, Prezident İlham Əliyevin bu ilin martında keçirilən görüşdə göstərdiyi prinsipiallıq sayəsində bu təxribatın qarşısı birdəfəlik alındı. Dünyanın heç bir dövləti tərəfindən tanınmayan “DQR”-in iştirakı ilə danışıqlar formatının dəyişdirilməsi söhbəti arxivə göndərildi. Hətta tərəflər arasında “xalqların sülhə hazırlanması” barədə şifahi müzakirə də getdi. Bu çox vacib məqam idi. İnsanlarda ümid yaranmışdı ki, madam sülhə hazırlıqdan söhbət gedir, demək, qarşıdan substantiv danışıqlar mərhələsi gəlir. Amma həmin danışıqlardan sonra da Ermənistan tərəfinin, yəni, əslində təcavüzkarın fəaliyyətində ciddi dəyişiklik baş vermədi. Beynəlxalq münasibətlərdə cırtdan bir ölkənin belə başıpozuqluq etməsi heç bir siyasi etikaya və qanunauyğunluğa sığmır. Belə görünür ki, Ermənistan hökuməti hər bir sahədə etibarsızlıq nümayış etdirir ki, bu da onun işğalçılıq və bu sarıdan haqsızlıq əməlimndən qaynaqlanır.

Vaşinqton görüşündən sonra həmsədrlərin açıqlamasında bildirilir ki, Mnatsakanyan və Məmmədyarov tərəfləri “sülhə kömək edən atmosferin yaranması üçün addımlar atmağa”  səsləyiblər və yaxın gələcəkdə yenidən görüşmək barədə razılığa gəliblər.

Lakin buna baxmayaraq cəbhədə erməni snayperin gülləsindən azərbaycanlı əsgər həlak olur və Ermənistanın müdafiə naziri David Tonoyan həmin hərbçini mükafatlandırır. Hətta bu sifarişin məhz Tonoyandan gəldiyi də aydınlaşır. Bu, Sarkisyanın vaxtilə AŞPA tribunasından Qarabağın işğalında iştirak etməsi, Xocalı soyqırımında əlinin olması və Şuşaya hücuma rəhybərliyi haqqında fəxrlə danışmağının davamıdır. Həm də belə davranış Azərbaycanı təxribata çəkməklə danışıqları pozmağın klassik formasıdır. Digər tərəfdən Ermənistan silahlı qüvvələrinin separatçıların silahlı dəstələri ilə birlikdə Vaşinqton görüşündən sonra Azərbaycan ərazisində genişmiqyaslı hərbi təlimlər keçirməsi də özbaşınalığın daha bir təzahürü və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.   

Bəs, nə etməli?! Təcavüzkar işğalı davam etdirir, danışıqları pozur, sülh haqqında riyakarlıq edir, atəşkəsi pozur, hətta Azərbaycanın böyük güzəştə gedərək öz vətəndaşları olan ermənilərə Qarabağda geniş muxtariyyət, yəni özünüidarə səliyyəti vermək təklifini qulaqardına vurur. Bu cür fəaliyyətin mənasını anlamaq üçün dərin düşüncəyə ehtiyac yoxdur. İşğalçının məramı aydındır. Ermənistan Azərbaycan ərazisindən Qarabağ bölgəsini qoparmaq və ikinci erməni dövlətini yaratmaq yolunu tutub. Bu isə yolverilməzdir və açıq-aşkar hadisələrin axarını müharibəyə yönəldir. Azərbaycan bu təhlükəli oyunun ağır nəticələr verə biləcəyini dəfələrlə xatırladıb və bu baş verəndə məsuliyyət Ermənistanın üzərində qaлacaq.

N.NOVRUZ