Azərbaycan ona olan əsassız hücumları uğurla dəf edir

2 İyul 2019 08:45 (UTC+04:00)

Ölkəmizin müstəqillik tarixi heyrətamiz çətinliklərlə doludur. Qəribədir ki, həmişə azadlıq və hüquqdan danışan və müstəqilliyinə daha əvvəldən nail olan dövlətlər onların sıralarına yeni qoşulanları qısqanclıqla qarşılayır. Xüsusilə də gec gəlib güclü gələnləri, yəni müstəqilliyə qovuşandan sonra sürətli inkişaf yoluna qədəm qoyanları istəməyənlər kifayət qədər çox olur. Azərbaycanın timsalında bu panorama ən bariz şəkildə özünü göstərir. Baxmayaraq ki, sovet imperiyasının “kəraməti” sayəsində biz müstəqilliyə yoxsulluq və səfalət içərisində qovuşduq, baxmayaraq ki, azadlığın şirin dadını duymamış acı Qarabağ müharibəsinə düçar olunduq, baxmayaraq ki, özümüazdən qat-qat güclü havadarlara arxalanan erməni işğalçıları ilə döyüşə-döyüşə yeni respublika qurduq, biz əsl qaliblər kimi quruculuq yoluna qədəm qoyduq. Bəli, döyüşə-döyüşə sürətli inkişafa nail olmaq məhz qalibiyyətdir. Azərbaycanın məğlub olacağı, ayaqlar altında qalacağı, bir daha başını qaldıra bilməyəcəyi ümidilə bizi müharibəyə çəkənlər üzərində xalis qalibiyyət!

Bu günlərdə AŞPA-nın italiyalı üzvü Mariya Rizzotti müsahibəsində bildirib ki, Parlament Assambleyasında Azərbaycana qarşı edilən əsassız hücumlardan şoka düşür: “Azərbaycanı yaxşı tanıyıram, çox gözəl ölkədir. Bu ölkədə gənclərin təhsilinə, vətəndaş hüquqlarına, dini azadlıqlara ciddi diqqət və qayğı göstərilir. Azərbaycanın 1918-ci ildə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu (hətta ABŞ-dan əvvəl) faktını nəzərə alsaq, bu ölkənin önəmi daha da aydın olar. Təbii ki, ağrılı Dağlıq Qarabağ məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının çoxsaylı qətnamələrinə rəğmən öz həllini tapmamasına təəssüflənirəm. Azərbaycana yardım edilməkdənsə, ona qarşı əsassız hücumlar olur”.

İtaliyadan olan xanım deputat haqlıdır, çünki, reallıqlardan bəhs edir. AŞPA-dan olan bir sıra siyası məruzəçilərin gənc dövlətimizin apardığı yeni dövlət quruculuğu yolunda qarşılaşdığı çətinlikləri dəf etməkdə yardımçı olmaq əvəzinə ələ aldıqları bəzi yerli xəyanətkarları qızışdıraraq daim ölkədə cinayət törədənlərin siyasiləşdirilməsi, konstruktiv müxalifət əvəzinə radikal pozucu qüvvələrin yaranmasına, ölkəmizin beynəlxalq imicinin zəiflədilməsinə səy göstəriblər. Bu səbəbdən uzun müddət Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlər kəskin eniş-yoxuşu ilə seçilib. Ölkədə bəzi neqativ halların, məsələn, siyasi məhbus, siyasi mühacir biznesinin meydana çıxması, xarici mənbələrin qrantları hesabına böhtan və söyüş müxalifətinin yaranması və sairə məsələlər belə münasibətin xoşagəlməz nəticəsidir.

Xanım Rizzoti fikirlərini inkişaf etdirərək deyib: “Açıq şəkildə Avropa Şurasının iclasında da dedim ki, Azərbaycana qarşı bəzi hücumlar mənə tamamilə əsassız gəlir. Bu ölkədə 3 dəfə parlament seçkilərində müşahidəçi qismində seçkiləri izləmişəm. Tam hüquqi sistem müşahidə etmişəm və deyilənlərin heç biri, xüsusilə də insan hüquqlarının pozulması haqqında deyilənlərlə razılaşmamışam. Düşünürəm ki, Azərbaycanın strateji mövqeyi var, İran, Türkiyə, Rusiya kimi güclü ölkələrlə həmsərhəddir və özünü bütün təsirlərdən uzaq saxlamaq istəyir. Dünyəvi, eyni zamanda, əhalisinin əksəriyyəti müsəlman ölkə olduğu üçün Avropanın qalan hissəsinə keçə biləcək islam terrorçu qüvvələrinin infiltrasiyasının qarşısını alır. Ona görə də bu ölkə dini azadlıq üçün bir müdafiədir. Azərbaycan digər bütün müsəlman ölkələrindən fərqlənir. Böyük uğurlar əldə edib”.

Bu fikirlər Azərbaycanın uğurla həyata keçirdiyi balanslı siyasətin gətirdiyi dividentlərə və xalqımızın malik olduğu milli-dini dəyərlərin mükəmməlliyinə əsaslanır. İnkişafın Azərbaycan modelinin ən üstün cəhətləri sülhpərvərlik, irqi, dini və mədəni dözümlülük, digər millətlərə, xalqlara və etnik qruplara eyni mövqedən yanaşma prinsipidir. Lakin bəzi qüvvələr var ki, bunu görmür, bəlkə də görmək istəmirlər. Ərazimizin 20 faizinin işğal altında qalmasının bir səbəbi də Azərbaycana olan bu cür ögey münasibətin nəticəsidir. Hamı bilir ki, biz haqlıyıq, amma bu haqsızlığın aradan qaldırılması üçün gərəkli olan addımlar ciddiyyətlə atılmır.

Mariya Rizzotinin bütün dünyanın bəlasına çevrilən şakər barədə dediyi də diqqətəlayiqdir: “Dünyada ideal ölkə yoxdur. Azərbaycanı daim mühakimə etmək kimi qərəzli niyyətlər müşahidə olunur, ancaq niyə, bilmirəm. Bu ölkəni korrupsiyaya görə də mühakimə edirlər. Halbuki korrupsiya elə bir haldır ki, ona qarşı bütün dünyada, bütün Avropada mübarizə aparılmalıdır. Çox yaxşı bilirik ki, ona qarşı necə mübarizə aparmaq lazımdır. Ölkəni çirkli pulların yuyulması məsələsinə görə mühakimə edirlər, amma bu məsələyə görə Hollandiya və Avropanın bir çox digər ölkələri də cəlb olunub. Onları, eləcə də Avropa banklarını mühakimə etmək lazımdır”. Haqq-ədalət, məhz bu yanaşmada düzgün əks olunub. Biz heç vaxt nöqsanlarımızı gizlətmirik. Prezident İlham Əliyev korrupsiyanın bir nömrəli problem kimi xarakterizə edib. Ancaq iş burasındadır ki, hakimiyyət bu mənfiliyə qarşı durmadan mübarizə aparır. Nailiyyətlərimizin bir açarı da odur ki, Azərbaycan hakimiyyəti həqiqətin gözünə dik baxmağı bacarır və nöqsanların aradan qaldırılması üçün əməli işlər görür.

N.NOVRUZ