İşğalçı ölkənin savaşı tətikləyən Qarabağ bəhanələri

2 İyul 2019 10:20 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi  bəyan edir ki, Ermənistan danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır.  İrəvan hələ də özünün əvvəlki bəhanələrini qabartmaqda davam edir. Buna səbəb nədir və bu gediş Qarabağ konfliktinin həllinə nə vəd edir?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoyun fikrincə, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən yayınmaq üçün ortaya bəhanələr gətirməsi bir sıra ənənəvi səbəblərdən qaynaqlanır: “Ermənistan hakimiyyətinin danışıqlar prosesini ləngitmək üçün müxtəlif bəhanələri ortaya atması ilk növbədə bir sıra ənənəvi səbəblərdən qaynaqlanır. Belə ki, ənənəvi olaraq Ermənistanda hakimiyyətə gələn hər bir qüvvə Qarabağ problemilə bağlı erməni təcavüzkar siyasətinin ümumi paradiqmasından kənara çıxa bilmir.
30 ildən çoxdur ki, erməni siyasətində beynəlxalq qanunlara və tarixi reallıqlara zidd olaraq açıq və daha qabarıq şəkildə işğalçılıq siyasəti yürüdülür. Ermənilər bu ənənəvi paradiqmanın üzərindən çıxa bilmirlər. Paşinyan hakimiyyətə gələndən sonra bu siyasətdən ölkənin uzaqlaşacağına dair müəyyən ümidlər olsa da, Ermənistanda mövcud olan daxili siyasi vəziyyət hazırda buna imkan vermir. Çünki Paşinyan hər nə qədər baş nazir olsa da, dövlətə tam hakim ola bilmir. İqtidara qarşı Ermənistanda “Qarabağ klanı”nın başladığı bir proses aparılır.  Bu proses də Paşinyanın xüsusən Qarabağ prosesində fərqli addımlar atmasına imkan vermir, onun bu istiqamətdə fəaliyyətini daha da məhdudlaşdırır. Ona görə ki, qarşısında ciddi müxalifət var. Paşinyanın yolunda əngəl olan başqa bir məqam isə Ermənistanın iqtisadi və sosial baxımdan mövcud vəziyyətilə bağlıdır.  Bu istiqamətdə də ölkə ciddi problemlərlə üz-üzədir. Ermənistan ciddi bir böhran içindədir. Paşinyan korrupsiyaya qarşı mübarizə aparsa da, bu istiqamətdə də hələlik hər hansı bir ciddi nəticələr əldə edə bilməyib. Ölkə daxilində ciddi sosial gərginliklər var.
Xarici siyasətdə Ermənsitan faktiki olaraq, müstəqil dövlət kimi davrana bilmir, Rusiya subyektlərindən biri qismində çıxış edir. Paşinyan özü də bu buxovdan çıxa bilmir. Yəni Paşinyanın hakimiyyətə gətirən tələblər hələ də həll olunmayıb. Hansı ki, onun həlli yollarından başlıcası Qarabağ probleminin həllidir. Qarabağ probleminin həlli həm ölkənin iqtisadi inkişafına, həm də müharibəyə yönələn maliyyə resurslarının ölkənin real problemlərinin həllinə yönəldilməsinə imkan yaradacaq. Belə olarsa, Ermənistan regiondakı iqtisadi layihələrdən pay almaq imkanı da əldə edə bilər.  Problemin həlli Ermənistana həm də Türkiyəyə açılma imkanı yaradacaq.  Məhz Paşinyan  bu üç reallıq arasında qaldığından danışıqlar prosesinin irəliləməsinə əngəl olmaq üçün müxtəlif bəhanələrdən istifadə etməkdə davam edir”. 
Ekspert qeyd etdi ki, Paşinyan hər tərəfdən sıxışdırıldığından, yetərincə siyasi cəsarət göstərə bilmədiyindən indiki halda özünü qorumağa çalışır: “Ona görə də Qarabağ məsələsində ziddiyyətli addımlara gedir.  Ola bilər, bununla bir qədər zaman qazanmağa çalışır. Bu da özünü konkret Qarabağ məsələsində göstərir. Belə vəziyyət isə Paşinyanın orduya, təhlükəsizlik xidmətinə, hətta xarici siyasət idarəsinə hakim olmaması ilə yaxından əlaqəlidir.  Çünki onlar da Qarabağ məsələsinə ənənəvi yanaşmanın olmasını təşviq edirlər”.

N. Cəfərsoy bildirdi ki, Ermənistan hakimiyyətinin bu bəhanələri münaqişənin gedişində hər zaman olduğu kimi gərgin situasiyaların yaranmasına gətirib çıxara bilər: “Prosesin bu istiqamətdə inkişafı hər zaman mümkündür. Müxalifət Paşinyanı Qarabağı satmaqda günahlandırsa, baş nazir prosesdə daha radikal addımlar atmağa təşviq ediləcək. İkincisi, Paşinyanı Qarabağ üzərindən tənqid etməyə çalışan “Qarabağ klanı” 2016-cı ilin aprelində olduğu kimi gərginlik yaradıb, növbəti məğlubiyyətlərini baş nazirin ayağına yaza bilər. Bu da Paşinyanın siyasi imicinə mənfi təsir edəcək. Nəticədə bu amillər Qarabağda gərginliyin artmasına gətirib çıxara bilər”.

 

Rüfət NADİROĞLU