Qeyri-neft sektoru ölkəyə daha çox pul qazandırmağa başlayır

3 İyul 2019 09:55 (UTC+04:00)

2019-cu ilin yanvar-may ayları ərzində ixrac 8,6 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 17 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon dollar dəyərində ixrac reallaşdırılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon dollar və ya 18 faiz artıb.  Qeyri-neft sektoru üzrə ixracın artımını şərtləndirən səbəblər hansıdır və bu artım tempinin qorunması iqtiadiyyata nə vəd edir? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qeyd etdi ki, ilk növbədə görülən işlər və mexanizmlərin hazırlanması qeyri-neft ixracı üzrə artımı şərtləndirib: “Azərbaycanda qeyri-neft sektorunun istehsal imkanları və ixrac potensialının genişləndirilməsi məqsədilə müxtəlif mexanizmlər yaradılıb. Təşviq mexanizmləri, ixrac prosesinə subsidiya verilməsi, Azərbaycan brendinin təbliği istiqamətində müxtəlif strateji yol xəritələri çərçivəsində bir sıra işlər görülür”.

Bundan başqa, həmsöhbətimizə görə, bir sıra zavodların işə salınması, elektrik enerjisi və kənd təsərrüfatı məhsullarının ixracında da artımlar qeydə alınıb: “Eyni zamanda, 2019-cu ildə qeyri-neft ixracı üzrə artımı şərtləndirən əsas səbəblərdən biri də Sumqayıtda SOCAR-ın Polimer zavodunun istismara başlaması faktıdır. Hazırda bu zavod istehsal etdiyi məhsulun əhəmiyyətli hissəsini ixrac edir. Bu faktın özü də qeyri-neft ixracının artması ilə bağlı son nəticəyə təsir göstərməkdədir.

Bununla yanaşı, elektrik enerjisi, alüminium materialları və kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində də son illər müsbət dinamika müşahidə olunmaqdadır. Bütövlükdə götürdükdə bütün bu faktorlar prosesə öz təsirini göstərir. Həmçinin, qızılın ixracı ilə bağlı görülən işlər də qeyri-neft sektorunun ixrac potensialının güclənməsinə öz təsirini göstərib. Böyük ehtimalla anoloji proses növbəti dövrlərdə də davam edəcək. Lakin onu da qeyd edək ki, hazırda qeyri-neft ixracı kifayət qədər kiçik göstəricilərlə ifadə olunur. Ümumi ixracda onun payı təxminən 9 faizdir. Bu bazanın kiçik olması ümumi göstəricilərdə artım tempini istər-istəməz zəiflədir. Çünki, ixracın əhəmiyyətli şəkildə artmasını şərtləndirən başlıca amil dünya bazarlarında neftin qiymətinin artımı, eyni zamanda, son bir ildə qaz istehsalı və ixracının ciddi şəkildə, 35 faizdən çox həcmdə artması ilə bağlıdır.  Yəni, ixrac kontekstindən qiymətləndirdikdə, hələlikdə Azərbaycanın resurs məhsullarından asılılığı davam etməkdədir. Ona görə də ixracı dəstəkləyəcək qeyri-neft sektoru üzrə yerli istehsal imkanlarının  genişləndirilməsinə ehtiyac vardır. Çünki bir sıra hallarda müşahidə edirik ki, ixracın təşviqi ölkədə istehsal olunan məhsulların, xüsusilə də gündəlik tələbat və kənd təsərrüfatı məhsullarının ixracını təşviq edirsə də, istehsal bu prosesi dəstəkləmir. Nəticədə daxili bazarlarda qiymətlər ciddi şəkildə artır. Bu da inflyasiyaya neqativ təsir edir”. 

R. Həsənov qeyri-neft ixracının artım prosesinin davamlı olacağını da diqqətə çatdırdı: “Qeyri-neft sektoru üzrə ixracatda artım olsa da, dediyim kimi, ümumi həcmi kiçikdir. Məsələn, qeyri-neft məhsullarının ixracından əldə olunan gəlirlər turizm xidmətinin ixracından əldə olunan gəlirlərdən iki dəfə aşağıdır. Ona görə hələlikdə bu istiqamətdə ciddi bumun müşahidə edilməsi ehtimalı aşağıdır. Neftin qiymətinin azalması tədiyyə balansı üçün əsas risqlərdən hesab olunur. Amma yenə də əsas müsbət olan məqam ondan ibarətdir ki, qeyri-neft sektorunun ixrac potensialının artımında davamlı yüksəliş müşahidə olunur”. 

Rüfət NADİROĞLU