Bu il məktəbi bitirən məzunlara attestatların verilməsinə başlanılıb

3 İyul 2019 10:21 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.

Bu barədə Movqe.az-a idarədən məlumat verilib. 

Bildirilib ki, 2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur. Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Xatırladaq ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.