Əli Kərimli yalan və pafos fenomenidir

4 İyul 2019 08:10 (UTC+04:00)

Yalana öyrənmiş adama hacət yoxdur, günün günоrta çağı hamının gözü görə-görə, qulağı eşidə-eşidə ağ yalan danımasa, bağrı çatlar. Bu yaxınlarda Əli Kərimli adlanan yalan fenomeni yenidən gündəmdə idi. Aranı qarışdırmaq üçün cəhd göstərdiyinə görə sadəcə, polis məntəqəsinə dəvət olunub şifahi xəbərdarlıq edilmişdi ki, “özünü yığışdır, qanunları saya salmayan fəaliyyət göstərmək olmaz. Bu da bir hay-küy, qara-qışqırıq salmışdı ki, gəl görəsən. Sanki, bunu böyük bir polis ordusu sürüyə-sürüyə, təpikləyə-təpikləyə aparıb qazamata salıb. KİV-lər onun yalanlarını tirajlayır və yəqin ki, bu pozucu radikal müxalifət də baxıb həzz alırdı. Milçəyi filə döndərmək yalançının əlində nə işdir ki...

Bundan bir müddət əvvəl keçmiş silahdaşı Əbülfəz Əliyevin 80 illik yubileyi günündə də Əli Kərimlinin yalanları məzar başında keçirilən tədbirə xüsusi rəng qatmışdı. Müxalifətdən yazan təhlilçiləri tez-tez belə bir sual düşünüdürür ki, nə üçün təkcə Əli Kərimlinin adı mənfi olaylarla bağlı hallanır? Niyə, İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun, İbrahim İbrahimlinin, yaxud Əli Məsimlinin adı deyil, məhz Əli Kərimovun adı biabırçı əməllərdə suçlanır..? Çünki, onun yalanları və böhtanları o qədər dərinə gedir ki, istər-istəməz diqqəti cəlb edir və yalanların iç üzünün açılması məsələsi labüdləşir. Bu səbəbdəndir ki, Əli Kərimlinin həyatı qara ləkələrdə doludur. Axı, yalan ayaq tutsa da yeriyə bilmir. Yerində qalıb quruyur və silinməz mənəvi ləkəyə çevrilir.

Bu müxalifətçini yaxından tanıyanlar yazırlar ki, 30 il əvvəl onu xüsusi hazırlaşdırıb xalq hərəkatının içərisinə atıblar. Şahidlər deyir ki, bəzi müxalifətçilər kimi o da bir dəstə qaragüruhçunun çiyni üzərində meydan hərəkatına ərmağan edilib. O vaxtlar (1988-89-cu illərdə) bu iş çox asan başa gəlirdi. Həmin dövrdə Əli Kərimli siyasi mübarizə üçün yetişmiş biri olmasa da yalan və saxtakarlığı işə yarayırdı. Di gəl ki, o necə vardısa elə də qaldı və zamanın sınaqları bu şəxsi püxtələşdirə bilmədi. Görünür, onu siyasi oyunlara atanlar elə güclü təsir ediblər ki, daha bir də düşdüyü girdabdan çıxa bilməyib. 

Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində müxalifət haqqında deyib ki, Azərbaycan müxalifətinin siyasi dünyagörüşü yoxdur: “Əfsuslar olsun ki, bu gün Azərbaycanda intiligentlər, yəni dövrün ağlını və ruhunu özündə ifadə edənlər olduqca azdır. Həm də onların xalqa təsiri sıfır səviyyəsindədir... Siyasət həm də siyasi dünyagörüşdür. Bu gün Azərbaycan müxalifətinin siyasi dünyagörüşü, siyasi fəlsəfəsi yoxdur. Buna görə də ancaq hakimiyyətə gəlmək barədə düşünür”.

Sərdar Cəlaloğlunun özünün də müxalifət düşərgəsinə aid olduğunu nəzərə aımaqla bu fikirlərin qəribəliyi haqda düşünmək olar, amma hər bir halda bunlar həqiqəti əks etdirir. Yəni, müxalifət yalnız hakimiyyət, vəzifə kreslosunu ələ keçirmək haqda düşünür ki, bu da onun zəifliyinin başlıca səbəbi sayıla bilər. Əli Kərimlinin yalan və saxtakarlığı fonunda isə S.Cəlaloğlunun çıxardığı nəticə acı reallığı ifadə edir.

N.NOVRUZ