Turizm obyektlərində yenə qiymətlərdən narazılıq var

4 İyul 2019 10:10 (UTC+04:00)

Turizm mövsümü yenicə başlasa da, gələn turistlərin bir hissəsi hər il olduğu kimi yenə də qiymət artımından şikayət edirlər. Bu hal xüsusən də regionlarda özünü daha qabarıq şəkildə göstərir.

Səbəb nədir və nədən hər il anoloji hal təkrar olunur? Məsələ  həllini necə tapmalıdır?

Turizm eksperti Müzəffər Ağakərimovun fikrincə, turizm obyektlərində qiymət artımlarının hər il təkrarlanmasına səbəb həmin sektorda ciddi rəqabət mühitinin olmaması amilidir: “Məsələnin həlli kompleks yanaşmanın olmasını tələb edir. Eyni zamanda, bu sektorda ciddi rəqabət mühiti də yaradılmalıdır. Qiymət məsələsi ölkəyə gələn turistlərin sayında mühüm rol oynayır. Turistlər qiymətlərin baha olduğunu görüncə, digər qonşu ölkələrə üz tuturlar.

Bilirsiniz ki, Gürcüstan Rusiya münasibətlərinin korlanması nəticəsində rus turistlərinin həmin ölkəyə axını xeyli azalıb. Həmin turistləri, o cümlədən Belarusdan olan turistləri  bu fonda Azərbaycana gətirmək lazımdır. Lakin qiymətlərin baha olması bu turistləri də ümumən Azərbaycana gəlməkdən çəkindirir. Yəni qiymət siyasəti münasib və ucuz olmalıdır ki, sözügedən ölkələrdən olan çoxsaylı turist yay istirahətlərini Azərbaycanda keçirməyə üstünlük versin. Rusiyadan olan turistlər Gürcüstanı ona görə seçirdilər ki, özlərinin etiraf etdiklərinə görə burada qiymətlər münasib olmaqla yanaşı, çimərlik turizmi təmizliyi və yaxşı inkişaf etməsilə seçilir. Bu turistləri Azərbaycana gətirmək üçün onun marketinqini aparmalıyıq”.

Həmsöhbətimiz sözügedən sektorda maarifləndirmə işlərinin gücləndirilməsini təlkif etdi: “Ölkəmizdə bu sahədə maarifləndirmə işləri çox zəifdir. Bu istiqamətdə işlər gücləndirilməlidir. Bu işə cavabdeh olan turizm qurumları ümumən fəaliyyətsizdirlər. İstehlakçıların hüquqlarını müdafiə qurumları da bu işlə məşğul olmur. Süni qiymət artımına yol verən sahibkarlara müxtəlif üsullarla başa salmaq lazımdır ki, buna getməsinlər. Çünki baha qiymətlərlə onlar bu gün bir turistdən 5 manat qazansa da, sabah daha çox turisti itirməli olur. Çünki gələn turist də bahalı yerlərə bir daha ayaq basmayacaq. Yəni irəlini, strategiyanı görmək və ona uyğun olaraq hərəkət etmək lazımdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, turizm obyektlərinin mövsümün başlanması ilə qiymətləri qaldırmalarının başlıca səbəbi bu istiqamətdə təşviq işlərinin zəif aparılması ilə bağlıdır:  “Turist obyektlərinin qiymətlərinin baha olması ilə bağlı yaranan problemi fikrimcə, inzibati yollarla həll etmək ciddi effekt verməyəcək. Bu metod nəticə versəydi, bu günə qədər verərdi. Amma gördüyümüz kimi verməyib.

Otellərə hər hansı bir inzibati yollarla qiymətlərin tənzimlənməsi və yaxud diqtə olunması mümkün deyil.  Çünki ölkədə bazar iqtisadiyyatı qanunları işləyir. Ona görə də inzibati yolla həmin məsələnin aradan qaldırılması mümkün deyil. Məsələnin təbii yolla, iqtisadi qanunlarla tənzimlənməsi daha məntiqli olardı. Bunun üçün həm hökumətin, həm də biznesin üzərinə düşən işlər var. İlk növbədə rəqabətli mühit daha da artmalıdır.

Regionlarda daha çox turist obyektinin açılması dövlət tərəfindən təşviq edilməlidir. Zatən müəyyən addımlar atılır, müəyyən güzəştlər olur. Amma bu güzəştləri daha sistemli şəkildə edərək, regionlarda otel və turizm obyektləri açmaq istəyən iş adamlarına, əsasən orta sahibkarlara dəstək vermək, uzun müddətli və ucuz kreditlər təklif etməklə həmin sektorda rəqabətli mühiti artırmaq olar. Yaranmış bu vəziyyət qiymətlərin tənzimlənməsində mühüm rol oynayacaq. İş adamları ilə sosial kampaniya aparılmalı, mütəxəssislər onlar qarşısında çıxış edib, yol xəritəsinin cızılmasında onlara kömək etməlidirlər. Yəni elə etmək lazımdır ki, iş adamı turistə birdəfəlik qazanc mənbəyi kimi yanaşmasın, ona daimi müştəri kimi baxsınlar. Belə olarsa, obyektlərə daha çox müştəri cəlb edə bilərlər.

Deməli, bu sahədə dönüşə nail olmaq üçün həm hökumət orqanları, həm də iş adamları tərəfindən müəyyən addımlar atılmalıdır ki, yay mövsümündə ölkənin turist obyektlərində qiymətlər belə kəskin artmasın”.

Rüfət NADİROĞLU